
İrəliləyiş var...
Lavrovun Bakı səfərində konkret məsələlər müzakirə olunubDağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Rusiya münasibətləri diqqət mərkəzinə gətirilib

"Azərbaycan Prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib və müəyyən istiqamətlərdə irəliləyişlər var”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır: "Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk Qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Danışıqlar masasını mərhələli şəkildə, addım-addım mövcud problemlərdən təmizləməliyik. Nəhayətində hərbi komponentin mövcudluğu regionun təhlükəsizliyinə, həmçinin, demək olar ki, qlobal müstəvidə təhlükəsizliyə təhdid təşkil edir. Görüşdə ikitərəfli münasibətləri də müzakirə etmişik. Bu, strateji əhəmiyyət kəsb edən münasibətlərdir. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıblar. Hər üç ölkə "Cənub-Şimal” dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdir”.
"Danışıqlar konkret məsələlər ətrafında gedir”
Elmar Məmmədyarov deyib ki, Prezidentin də qeyd etdiyi kimi, indiyə qədər danışıqlar bu qədər sürətli və intensiv olmayıb: "Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllini tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik”.
Nazir bildirib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin Fransa və ABŞ Prezidentləri ilə telefon danışığı aparıb: "Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz”.
"Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayırıq”
Nazir bəyan edib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə edilən mövzulardan biri olub: "Azərbaycan bunu alqışlayır. Xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir. Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.
"Hazırkı müzakirələr prezidentlərin görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Azərbaycan Prezidenti ilə ətraflı və səmimi müzakirələr aparıb: "Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır”. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə, Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: "Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin "Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq”. Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib.
Xəzərin hüquqi statusuna dair konvensiya...
Sergey Lavrov diqqətə çatdırıb ki, Xəzərin hüquqi statusu ilə bağlı Astanada xarici işlər nazirlərinin görüşü keçiriləcək: "Ümid edirəm ki, Xəzərin hüququ statusu ilə bağlı konvensiya tezliklə imzalanacaq və İranı razı salmaq mümkün olacaq”.
"Rusiya-Türkiyə münasibətlərində irəliləyiş ümumilikdə regiona müsbət təsir edəcək”
Rusiyanın xarici işlər naziri söyləyib ki, Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər: "Ərdoğanın məktubundan və Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək, Suriya məsələsinin həllinə də töhfə verəcək. Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMT Qətnamələrini icra edək”.
"Qarabağ məsələsində kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşırıq”
Lavrov bildirib ki, məlum səbəblərə görə danışıqların təfərrüatları geniş ictimai müzakirələrə çıxarılmır: "Prezidentlərin Sankt-Peterburq görüşündən sonra kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşırıq. Məncə, əsas məsələ budur. Ümid edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq.
"Azərbaycana səfərim səmərəli oldu”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi üzrə səmərəli danışıqlar apardığını deyib: "Bizim Azərbaycanla bütün sahələrdə sıx əlaqələrimiz var. Azərbaycanla iqtisadi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bu yaxınlarda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bundan əlavə Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşü keçiriləcək. Hesab edirəm ki, Azərbaycana səfərim səmərəli oldu”.
İsmayıl