İrəvan əndişədədir

NATO dünyadakı qanlı toqquşmaları boğmaq istəyir
Varşava sammitində Ermənistanın nə etməli lazım olduğunu açıq dedilər



Xəbər verdiyimiz kimi, bu günlərdə Polşanın paytaxtı Varşavada NATO-nun sammiti işə başlayıb. Və sammitin yekun danışıqları Ermənistanda çaşqınlıq yaradıb. Çünki toplantının yekun danışıqları açıqlanandan dərhal sonra erməni KİV-lərində bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanın açıq-aydın çaşqınlıq hiss olunan açıqlaması yayıldı.

XİN başçısı qeyd edib ki, NATO Qarabağ məsələsinin nizamlanması ilə məşğul olmur: "Üstəgəl, həmin qurum sammitlərinin yekun bəyanat və deklarasiyalarındakı ümumi müddəaları Azərbaycan öz mövqeyinin dəstəklənməsi kimi təqdim etməyə cəhd göstərir. Lakin bu belə deyil.” Qeyd edək ki, aralarında Minsk Qrupunun iki həmsədrinin də olduğu NATO növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Azərbaycanın ərazi bütövlüyünün Gürcüstan, Moldova, Ukraynanın ərazi bütövlüyü ilə bir sırada tanınması isə o deməkdir ki, dünyanın aparıcı dövlətləri Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün işğal nəticəsində pozulduğunu qəbul edirlər.

Vəziyyəti şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan Prezidenti Serj Sarkisyanın NATO sammitlərinə qatılması sual doğurur: "Axı NATO-nun hər sammitində olduğu kimi Varşava toplantısının yekun bəyanatında da Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi. Bu, ATƏT sammiti deyil ki, Ermənistan veto hüququndan istifadə edərək yekun bəyanatın qəbuluna mane olsun. Əlbəttə, Sarkisyan sammitlərə dəvəti NATO rəhbərliyindən alır. Ancaq hər dəvət olunan yerə gedərlərmi? Bir halda ki, bəyanatın Ermənistanın xeyrinə olmadığını sammitdən əvvəl biləsən. Ermənistan ordusu Azərbaycan ordusundan fərqli olaraq hərbi birləşmələrində nə NATO standartlarının qəbuluna səy göstərir, nə də Şimali Atlantika Blokunun şərqdəki ən böyük layihəsi olan Əfqanıstanda hər hansı kiçik rola malikdir. Serj Sarkisyanın NATO sammitlərində iştirakının sadəcə bir mənası var: Ermənistan Prezidenti görüntü yaratmaq istəyir ki, NATO-nun rəqibi olan Rusiyanın vassalı deyil, müstəqil qərarlar da verə bilir. Çünki Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyən NATO sammitinə getməsə, bu, birmənalı İrəvanın Kremldən qorxduğu anlamına gələcək. NATO bəyanatında digər dövlətlərlə yanaşı, "Ermənistanın ərazi bütövlüyünə dəstək veririk” ifadəsi də vacibdir. Bu, İrəvana mesajdır ki, necə ki, bütün dövlətlər Ermənistanın ərazi bütövlüyünə hörmət edir, sən də zəhmət çək, həmin ölkələrin, o cümlədən qonşun Azərbaycanın ərazi bütövlüyünə hörmət et. Ermənistan rəsmiləri qalxıb deməyəcəklər ki, "yox, sənəddə Ermənistanın ərazi bütövlüyü dəstəklənsin, Azərbaycanın ərazi bütövlüyü dəstəklənməsin”. Bunu desəydilər, özlərini gülməli vəziyyətə salardılar. Sağ ol, NATO və Varşava sammiti! Bir daha Ermənistanın nə etməli lazım olduğunu onun üzünə dedin”.

Politoloq Qabil Hüseynli söyləyib ki, məlum bəyanatı NATO-dan çoxdan gözləyirdik. Bu, ədalətin zəfər çalması və regionda baş verənlərə obyektiv yanaşmadır: "Bir müddət öncə, sözügedən qurumun belə bir bəyanatı olmuşdu ki, postsovet məkanında baş verən bütün münaqişələr Rusiyanın körüklədiyi separatizm nəticəsində baş verib. Hazırda Moskva həmin aqressiv siyasətini yaymaqla dünyada xaos yaratmaq istəyir. Bu, siyasi bəyanatdır. NATO yeni dünya düzəninin formalaşması və qorunub saxlanılmasına cavabdeh olan təşkilatdır. Onun təsbiti çox obyektivdir. Eyni zamanda məlum bəyanat belə bir inam yaradır ki, NATO dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar yaradanları boğmaq fikrindədir. Bundan narahat olanlar isə Ermənistan kimi təcavüzkar dövlətlərdir. E.Nalbandyan çox şey deyə bilər. Amma son dövrlərdə NATO başda olmaqla ABŞ, Qərb dövlətlərinin Cənubi Qafqazdakı münaqişəli vəziyyətə diqqət ayırması Ermənistanda narahatlıq yaradır. Ermənistana sual vermək lazımdır ki, "soğan yeməmisənsə, için niyə göynəyir? Başqasının torpağını işğal etməmisənsə, niyə qıcıqlanırsan? Varşava sammitində Cənubi Qafqazla bağlı qəbul edilən qərarları alqışlayıram. Və düşünürəm ki, burda qəbul edilən qərarlar gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə güclü təkan verəcək”.

Ayyət Əhməd