İrəvanda Qaregin Njdeyə heykəl qoyulması Moskvanı əsəbiləşdirib

“Rusiya öz forpostu olan Ermənistanın bu hərəkətini həzm edə bilmir”
“Sovet xalqına qarşı vuruşan faşistlərə böyük abidə ucaldan və onları qəhrəman elan edən bir ölkəni Rusiya cəzasız buraxmaz”


Bu il mayın 28-də İrəvanda Hitler Almaniyasına qulluq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti aparmış faşist Qaregin Njdeyə qoyulmuş abidənin açılışı olub. Açılış mərasimində Ermənistan Prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. Njdeyə abidə qoyulması Rusiya tərəfindən etirazla qarşılanıb.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova belə bir abidənin qoyulmasının Kreml üçün anlaşılan olmadığını bəyan edib. Onun sözlərinə görə, abidənin

qoyulması faşizm üzərində qələbədə Rusiya və Sovet İttifaqının digər xalqlarının rolunun heçə endirilməsi deməkdir: "Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına münasibətimiz bəllidir. Biz BMT-də nasizmlə bağlı qətnamənin əleyhinə, Ermənistan isə lehinə səs verib. Hesab edirəm, Ermənistanın rəsmi mövqeyi də budur”.

"Hərbi cinayətkara heykəl qoymaq cinayətdir”

Vladimir Putinin müşaviri Sergey Markov da bu faktı "dəhşətli” adlandırıb. Onun sözlərinə görə, belə bir abidənin açılması sübut edir ki, erməni cəmiyyətində Rusiya əleyhinə köklənmiş güclü qüvvələr var: "Axı Rusiya alman nasizminə qalib gələn əsas ölkədir. İrəvanın belə bir davranışı bütün məqbul formatları aşmaqdır və Rusiyanın qətiyyətli reaksiyasına səbəb olmalıdır”. Politoloqun fikrincə, Moskva İrəvandan nasist cinayətkarların qəhrəmanlaşdırılması siyasətini dayandırmağı tələb etməlidir. Rusiyalı tanınmış tarixçi-alim və siyasi analitik Oleq Kuznetsov da məsələyə sərt münasibət bildirib: "Qaregin Njde 1944-cü ildə beynəlxalq Nrünberq Tribunalının qərarı ilə qadağan edilmiş və cinayətkar elan olunmuş "SS” qoşunlarının tərkibinə daxil olub. Həmin strukturlarla əlaqəsi olan bütün şəxslər avtomatik olaraq hərbi cinayətkar sayılır”.

"Rusiya İrəvanı müttəfiqlər siyahısından çıxarsın”

Tarixçi-alim Njdeyə abidə qoyulmasını Ermənistanda faşizmin reabilitasiyası kimi qiymətləndirir: "Bu, beynəlxalq hüquqa tamamilə ziddir. Görünür, Köçəryan-Sarkisyan Qarabağ klanının siyasi rejimi erməni cəmiyyətini səfərbər etmək üçün beynəlxalq situasiyanın gərginləşməsinə hazırdır. Hakimiyyətini qorumağa çalışan Prezident Sarkisyan və onun ətrafı Şimali Koreyadakı siyasi rejimə oxşamağa başlayıblar”. Analitikin qənaətincə, rəsmi İrəvanın bu siyasəti Rusiyanı mürəkkəb vəziyyətə qoyur: "Belə çıxır, Rusiya faşist cinayətkarlarına münasibətdə beynəlxalq normaları açıq şəkildə qulaqardı edən bir ölkə ilə müttəfiqdir. Fikrimcə, Moskva İrəvana münasibətini dəyişməli olacaq. Ən azından etiraz notası verilməli və orada qısa müddətdə abidənin sökülməsi tələbi qoyulmalıdır. Mümkündür ki, Rusiya İrəvanı müttəfiqlər siyahısından çıxarsın”.

"Njdenin şovinist məfkurəsi Ermənistan hakimiyyətinin ideoloji təmayülünü təşkil edir”

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. XİN rəsmisi Hikmət Hacıyev deyib ki, faşist Njde Qareginin "milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir: "Njde Qaregin 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə, ruslara və digər millətlərə qarşı davam etdirib. Njdenin formalaşdırdığı irqçi təmayüllü şovinist məfkurə indiki Ermənistan hakimiyyətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Qareginə İrəvanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir”.

"Faşizmin qurbanı olmuş milyonlarla insanın ruhuna hörmətsizlik...”

Məsələni şərh edən politoloq Qabil Hüseynli bildirib ki, abidəsi ucaldılan erməni Qaregin sovet ordusuna qarşı döyüşlərdə iştirak edib. Ona görə də Rusiya Njdeyə abidə ucaldılmasını, onun "qəhrəman” adlandırılmasını haqlı olaraq etirazla qarşılayıb: "Rusiya öz forpostu olan Ermənistanın bu hərəkətini həzm edə bilmir. Güman edirəm, etirazlar artacaq. Ermənistanın bu addımı sovet dövrünün üstündən xətt çəkmək, Rusiyaya, rus xalqına meydan oxumaq kimi qəbul edilir. Həqiqətən də Ermənistan bununla Rusiyaya "meydan oxuyur”. 1941-1945-ci ildə faşizm əsasən ruslara qarşı idi. İndi belə çıxır ki, ermənilər faşizmin qurbanı olmuş on minlərlə rusun məhv edilməsində iştirak etmiş adamları "qəhrəman” elan edir. Bununla da faşizmin qurbanı olmuş insanlara, Rusiyaya hörmətsizlik göstərilir”. Ekspert deyib ki, Rusiya hakimiyyəti və ictimaiyyəti faşizm məsələsində həssasdır: "Qareginin heykəli göstərir ki, ermənilər ruslara qarşı mübarizəni "qəhrəmanlıq” hesab edirlər. Bu hadisə həm də onu göstərir ki, Ermənistan cəmiyyətində Rusiyaya qarşı nifrət var. Üzdə müəyyən yaltaqlıq göstərib Rusiyadan imtiyazlar qoparmağa çalışsalar da, əslində erməni xislətinə xas olan bir tərzdə öz nifrətlərini büruzə verirlər”.

"Heykəl məsələsi Rusiya-Ermənistan münasibətlərinə soyuqluq gətirəcək”

Politoloqa görə, məqamı yetişəndə Rusiyaya ən böyük xəyanəti ermənilər edəcək: "Ermənilər Rusiyaya arxadan zərbə vuracaq. Abidə bunun isbatıdır. Kiçik Ermənistan faktiki olaraq Rusiyanın, rus xalqının mənəvi dəyərlərini ələ salır. Heykəl məsələsinin Rusiya-Ermənistan münasibətlərinə soyuqluq gətirəcəyi gözləniləndir. Ruslar onların dəyərlərinin ələ salınmasını heç də xoşluqla qarşılamırlar. Ən azından ermənilərə bir yaxşıca qulaqburması veriləcək. Sovet xalqına qarşı vuruşan faşistlərə böyük abidə ucaldan və onları qəhrəman elan edən bir ölkəni Rusiya cəzasız buraxmaz”.

İsmayıl