İrəvandakı hadisələr ssenari üzrə cərəyan edir

“Hazırda Sarkisyan hakimiyyətinin əlində çox tutarlı bir bəhanə var”



Dünən Ermənistanın paytaxtı İrəvanda müxalifətin etiraz aksiyası baş tutub və yüzlərlə insan küçəyə çıxıb. Məlumata görə, mitinq silahlıların ələ keçirdiyi polis şöbəsinin yaxınlığında keçirilir. Aksiyada əsas tələb silahlı dəstəni qida, rabitə, tibbi xidmətlə təmin etmək, eləcə də polis hissəsinin enerji təchizatının bərpasıdır. Etirazçılar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə mitinqləri davam etdirəcəklərini bəyan ediblər.

Erməni KİV-lərində yer alan məlumatlara görə, Ermənistan polisinin İrəvandakı post-patrul alayını ələ keçirən "Sasna tsrer” hərbi qruplaşması bir sutka ərzində artıq üçüncü maşını yandırıblar. Binanı ələ keçirənlər ötən günlərdə post-patrul alayına məxsus "QAZel”ə, dünən səhər isə "Şevrolit”ə od vurublar. Mitinqdə "İrs” Partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edərək deyib ki, hökumət xalqa qarşı muzdlulardan və texnikadan istifadə edilməyəcəyinə söz verməlidir. "Təsis Məclisi”nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər. O, həmçinin qeyd edib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20:00-da onun müddəti başa çatıb.

Separatçı ölkədəki vəziyyəti şərh edən politoloq Natiq Miri qeyd edib ki, əslində ortada hakimiyyəti devirmək üçün qiyamla bağlı ciddi bir cəhd yoxdur. Bu, hiss olunmur: " 5-10 nəfərin müəyyən bir polis binasını zəbt etməsi və bir neçə nəfəri girov götürməsi ilə siyasi hakimiyyəti devirmək mümkün olmur. Bu bir ssenaridir. Düşünürəm ki, bu ssenari indiki Qarabağ danışıqları prosesində, Sarkisyan hakimiyyətinin ortaya atdığı və yaxud da ki, bundan bəhrələndiyi bir siyasi komediyadan başqa bir şey deyil. O insanları zərərsizləşdirmək Ermənistan polisi və xüsusi xidmət orqanları üçün heç də böyük problem deyil. Həmin insanlar bir polis zabitini qətlə yetiriblər, amma Sarkisyan hakimiyyətinin güc orqanları buna adekvat addımlar atmır. Ona görə ki, bu olaydan onlar bir növ öz siyasi məqsədləri üçün istifadə edirlər. Hazırda Sarkisyan hakimiyyətinin əlində çox tutarlı bir bəhanə var. İndi də dünyaya bəyan edirlər ki, ölkədə ictimai-siyasi vəziyyət çox gərgindir. Belə bir vəziyyətdə Dağlıq Qarabağ danışıqlarını aparmaq və bir neçə rayonun azad olunması ilə bağlı güzəştə getmək mümkün deyil. Ona görə ki, bunun üçün dinc ictimai-siyasi mühit olmalıdı. Açığı, bu bəhanə ATƏT in Minsk Qrupu həmsədr ölkələri də razılaşmış durumdadırlar. Hər halda bu cür müşahidə olunur”.

N.Miri hesab edir ki, son zamanlar Qarabağ məsələsinin ciddi müzakirə predmeti olması gözə çarpmır: "Prezidentlərin görüşü də avqust ayına qədər təxirə salınıb. Avqust ayında da bu görüşün baş tutub-tutmayacağı bəlli deyil. Bütün bunlar Ermənistanın maraqlarına xidmət göstərir. Həbs olunan Sefilyan və bu terroru təşkil edənlər Qarabağ cəbhəsində döyüşmüş insanlardır. Bu insanlarla Sarkisyan hakimiyyətinin dil tapması o qədər də problemli deyil. Düşünürəm ki, Sarkisyan hakimiyyəti bu hadisədən ciddi sürətdə bəhrələnir. Məncə, Azərbaycan hakimiyyəti də Ermənistan hakimiyyətinin ondan faydalanmaması üçün bəzi hərbi və siyasi addımlar atmalıdır. Əks halda, bu proses yenidən dondurulmuş hala gətiriləcək ki, yenə də danışıqlar uzanacaq”.

Ayyət Əhməd