İrəvanın geri qaytarılması üçün hərəkat başlayır

Lakin tarixçilər məsələ ilə bağlı fərqli fikirdədirlər


"Məlumdur ki, bütün beynəlxalq müqavilələr 100 illiyinə bağlanır və 100 ildən sonra başa çatmış hesab olunur”. Bu sözləri Azərbaycanda yeni yaradılmış "İrəvan-2018” Hərəkatının təsisçisi, Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutunun (BİTİ) sədri Zaur Qəriboğlu Hərəkatın mahiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yaranmışdı: "İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmiədzin qəzasının Ermənistana verilməsi qərarı ilə razılaşdı. Amma bütün beynəlxalq müqavilələr 100 illiyinə bağlanır və 100 ildən sonra başa çatmış hesab olunur. Ona görə də, biz "İrəvan-2018” Hərəkatı olaraq tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərimizə düşən işləri həyata keçirmək üçün fəaliyyətə başlayırıq”. Hərəkat təsisçisinin iddiasını dəyərləndirən tarixçi-alim Kərəm Məmmədov "Şərq”ə bildirib ki, İrəvanla bağlı olan müqavilədə konkret ilin göstərilməsi məsələsi ilə rastlaşmayıb: "Pyotrun belə bir etirafı var: İstənilən bağlanmış müqavilə ona xərclənən kağızdan da ucuzdur”. Doğrudur, elə müqavilələr var ki, şərtlə bağlanır. Müqavilədə göstərilir ki, bu müqavilə filan ilə qədər davam edəcək. Məsələn, o vaxt "Gülüstan” müqaviləsi də şərtlə bağlanmışdı. Eləcə də Osmanlı və Rusiya arasındakı əksər müqavilələr şərtlə imzalanıb. Ancaq İrəvanla bağlı olan müqavilədə konkret rəqəm eşitməmişəm, görməmişəm. Buna rəğmən deyim ki, Osmanlının Azərbaycan nümayəndə heyətinə təzyiq göstərməsi doğrudur. Osmanlı bildirib ki, İrəvan güzəştə gedilsin, o şərtlə ki, bundan sonra ermənilər Qarabağın dağlıq hissəsinə iddia etməyəcəklər. Bunlar olub. Amma İrəvanın verilməsində 100 il məsələsinin olub-olmaması barədə bir söz deyə bilmərəm. Rast gəlməmişəm”.

Digər tarixçi-alim Boran Əzizli də bundan məlumatsız olduğunu diqqətə çatdırıb: "Hərəkatın yaradılmasında qeyri-adi bir iş yoxdur. Normaldı. Lakin beynəlxalq hüquqda belə bir maddənin olub-olmaması mənə məlum deyil”.

Ayyət Əhməd