Azərbaycan Qarabağ problemini istənilən yolla həll etmək hüququnu özündə saxlayır
Prezident, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri başlayıb. Təlimlər aprelin 21-dək davam edəcək. Hərbi təlimlər qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə keçirilir.
Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Bu təlimləri şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib ki, düşmən işğal etdiyi Azərbaycan torpaqlarından geriyə çəkilmək istəmirsə, biz ordumuzu çox yüksək səviyyədə saxlamalıyıq. Bunun üçün də vaxtaşırı olaraq təlimlər keçirilməlidir. Ordu kazarmada oturmaq üçün deyil. Ordu təlimlər və vuruşmaq üçündür.
Rasim Musabəyov deyib ki, biz müharibə şəraitində yaşayırıq və bunun üçün də təlimlərin keçirilməsi vacibdir. Millət vəkili həmçinin bu təlimlərin keçirilməsini müharibəyə hazırlıq kimi də dəyərləndirib: "Biz həmişə demişik ki, torpaqlarımız sülh yolu ilə azad olunmasa, ordumuzun gücü vasitəsilə torpaqlarımızı geri qaytaracağıq. Ordumuz torpaqlarımızı düşməndən azad etmək üçün həmişə hazır olmalıdır”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da "Şərq”ə açıqlamasında deyib ki, təlimlərin tərəflər arasında toqquşmaya gətirib çıxarması istisna deyil.
Keçirilən hərbi təlimlərin adi təlim olmadığını deyən QAT sədrinin sözlərinə görə, Dağlıq Qarabağ problemini istənilən yolla həll etmək hüququnu özündə saxlayan Azərbaycan ordusunun da mövqeyi ortadadır:
"Biz torpaqlarımızın işğal faktı ilə heç vaxt barışmayacağıq və ərazi bütövlüyümüzün bərpası üçün müvafiq addımlar atacağıq. Danışıqlar prosesi davam etsə də, Azərbaycanın səbr kasası çoxdan daşıb. Bu səbəbdən biz sülh danışıqları ilə paralel hərbi hazırlıq tədbirləri də görürük. Keçirilən hərbi təlimlər də məhz bu prosesin bir hissəsidir. Hərbi təlimlərdən əlavə müdafiə nazirinin İrana səfər etməsi və hərbi müzakirələr aparması təsadüfi deyil”.
Azərbaycanın irimiqyaslı təlimlərə başlamasının çox təqdirəlayiq bir hal olduğunu vurğulayan A.Nağı hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gün həyata keçirdiyi praktiki hərbi təlimlər ordumuzun müharibəyə hazır olduğunu bir daha sübut edir: "Silahlı Qüvvələrimizin müasir hərbi texnikalarla təchiz olunması ordumuzun yüksək döyüş hazırlığına yiyələnməsini təmin edir. Azərbaycanın torpaqları azad etmək istiqamətində qətiyyətli olması və ordumuzun gücü isə ermənilərin hər gün bir az daha təşvişə düşməsinə gətirib çıxarır. Əslində Azərbaycan Ordusunun təlimlərindən təşvişə, qorxuya düşməlidirlər, çünki onlar qanunsuz olaraq başqa torpaqlarda yerləşiblər. Onlar gözəl anlayırlar ki, Azərbaycan gec-tez bu torpaqları qaytaracaq”.
Şəymən