"İş üçün Rusiya və Türkiyəyə üz tutanlar ölkəmizə az pulla qayıdır"

"Qonşu ölkələrdə, xüsusilə, Rusiyada milli valyutanın dollar qarşısında zəifləməsi Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərir”.
Bu barədə "Sherg.az”a mövsümi işlərlə əlaqədar xarici ölkələrdə çalışan Azərbaycan vətəndaşlarının gəlirlərinin azalması haqqında danışarkən iqtisadçı - ekspert Vüqar Bayramov bildirib. 
Onun sözlərinə görə, milli valyutanın aşağı düşməsi Rusiya və Türkiyə kimi ölkələrdə çalışan azərbaycanlıların gəlirlərinə də mənfi təsir göstərir:
"Hesablamalara görə, il ərzində Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi iki milyard dollara yaxındır. Bu məbləğin böyük həcmi əməkçi miqrantlar tərəfindən ölkəyə göndərilən pullardır. Qonşu ölkələrdə müşahidə olunan qiymət artımı miqrantların xərclərinə də təsir göstərir. Gəlirlər də azaldığına görə, işləmək üçün xaricə üz tutanlar Azərbaycana daha az pulla qayıdır. Bu hal isə Azərbaycan iqtisadiyyatına mənfi təsir edir”.
Azərbaycanın qeyri-neft ixracatının 60 faizinin Rusiya və Türkiyənin payına düşdüyünü xatırladan, iqtisadçı vurğulayıb ki, milli valyutanın zəifləməsi bu sahəyə də mənfi təsir göstərir:
"Azərbaycanın aqrar ixracatının 90 faizi isə Rusiyanın payına düşür. Rublun məzənnəsinin aşağı düşməsi aqrar məhsulların Rusiyaya ixracına da mənfi təsir edir. Bu isə qeyri-neft sahəsi ilə məşğul olan, kənd təsərrüfatında çalışan sahibkarlar üçün arzuolunan deyil”.
Qeyd edək ki, Türkiyə, Rusiya və İranda bu ölkələrin milli valyutaları dollara nisbətdə kəskin dəyər itirir. Belə ki, Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır.
Aysel Aslan