İlham Şaban:"Neftin qiyməti stabil qalsa belə, hasilatın azalması gəlirlərə təsir edə bilər"
"Amerikada neft ehtiyatlarının azalması ilə bağlı məlumatlar gündəmdədir və bu neftin qiymətinin korreksiya olunmasına mane olur”.
Bu sözləri "Sherg.az”a Azərbaycan neftinin qiymətinin 71 dolları ötməsindən danışarkən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban söyləyib.
O vurğulayıb ki, sabah ABŞ enerji administrasiyası Amerikada neft ehtiyatları ilə bağlı növbəti həftəlik açıqlamasını verəcək:
"Bu zaman neftin qiyməti ilə bağlı faktiki olaraq, cari ildə ikinci real göstəricilər ortaya çıxacaq. Bu bazara neftin yuxarı və ya aşağı hərəkətinə təsiredici amil olacaq. Bir neçə gün sonra neftin real qiyməti tanış ola bilərik.
OPEK və digər ölkələr hələlik neftin qiyməti ilə bağlı heç bir açıqlama verməyib. Ona görə, real şəkildə neft bazarına təsir edəcək hansısa faktor yoxdur”.
Dünya bazarlarında neftin qiymətinin artmasının dövlət büdcəsinə təsirinə toxunan İ.Şaban diqqətə çatdırıb ki, qarşıdakı həftələrdə neftin qiymətində kəskin dəyişmələr ola bilər:"Heç olmasa ilin birinci rübü arxada qalmalıdır ki, neft gəlirlərini hesablaya bilək. Azərbaycanda məsələni qəlizləşdirən amil neft hasilatının azalmağa doğru getməsidir. İlin əvvəlinə nisbətən ilin ortasında və sonunda hasilat göstəriciləri dəyişir. Neftin qiyməti stabil qalsa belə, hasilatın azalması gəlirlərə təsir edə bilər.
Hökumət büdcənin hesablanmasında neftin qiymətini 45 dollardan götürübsə, neftin orta qiyməti və hasilatın 1 milyon ton azalmasını da nəzərə alıb. Bu, 2017-ci illə müqayisədə belə müəyyən edilib”.
Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 1,15% artaraq 71,25 dollar təşkil edib. Xatırladaq ki, sonuncu dəfə "AzeriLight" markalı nefti 2014-cü ilin dekabr ayında 71 dollara satılıb.
Aysel Aslan