İŞİD neft buruqlarını hədələyir

Kəşfiyyat orqanları ciddi iş aparmalıdır



Terror şəbəkəsi olan "İraq Şam İslam Dövləti” artıq iki müstəvidə təhdidə başlayıb. İŞİD qüvvələri neft buruqlarını partlatmaq və medianı məhv etməklə dünyaya barmaq silkələyir.

Fransada jurnalistlərin qətli və Azərbaycanda neft buruqlarının məhv ediləcəyi haqda səslənən hədələrdən sonra müvafiq təhlükəsizlik qurumları hərəkətə keçib. Səslənən fikirlərə görə, İŞİD terror törətmək üçün Azərbaycana ayaq basıb. Hətta Türkiyə mətbuatı da MTN-in keçirdiyi əməliyyatları nümunə gətirərək Azərbaycanda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini yazıblar. Bir sıra ekspertlər də iddia ediblər ki, Azərbaycanda terror hadisəsi İŞİD-ə simpatiyası olan fanatlar tərəfindən də həyata keçirilə bilər. Görəsən, həqiqətən, Azərbaycanda terror üçün həssas nöqtələr varmı və İŞİD-in hədələri reallaşa bilərmi? Mövcud təhlükə riskini dəyərləndirən Milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər "Şərq”ə verdiyi açıqlamada durumun kritik olduğunu deyib: "Son günlər Türkiyədə və Fransada baş verən terror hadisələri göstərdi ki, bəzən bir terrorçu da dünyaya səs sala biləcək terror aktı törədə bilər. Bu baxımdan heç kim düşünməsin ki, Azərbaycanda hər hansı terror hadisəsinin törədilməsi üçün çox böyük qüvvəyə və ya möhkəm plana ehtiyac var. Gördüyümüz kimi, bir-iki adamla da müəyyən terror hadisəsi təşkil etmək mümkündür”. S.Əkbərin sözlərinə görə, bu cür terror hadisələrinin qarşısını əvvəlcədən almaq çox çətindir. Amma istənilən halda hadisələrin qarşısını almaq baxımından kəşfiyyat böyük önəm kəsb edir: "Hesab edirəm ki, Azərbaycanın kəşfiyyat orqanları həm öz imkanları daxilində intensiv iş aparmalı, həm də təhlükəsizlik tədbirlərini yüksək səviyyəyə qaldırmalıdır. Digər tərəfdən isə beynəlxalq tərəfdaşlarla çox ciddi kəşfiyyat və informasiya mübadiləsi aparılmalıdır”.

İsmayıl