İŞİD Rusiyanın iri şəhərlərini hədəf alıb

Əsas baza Şimali Qafqaz olsa da, planlar xaricdə cızılır





Ötən həftə Rusiya təhlükəsizlik orqanları Azərbaycanla sərhəddə, Dağıstan ərazisində terrorçu qruplara qarşı silahlı əməliyyat həyata keçirib. Ümumiyyətlə, son aylar Rusiya FTB-nin Şimali Qafqazda İŞİD terrorçularına qarşı əməliyyatları intensivləşib. Ekspertlərə görə, regionda baş verənlər Rusiyanın terrorun hədəfində olduğunu göstərir.

Məsələni dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Suriyada məğlub edilən İŞİD-in hədəfi, Şimali Qafqazda güclənərək, Rusiyaya qarşı yeni terraktlar həyata keçirməkdir. Onun sözlərinə görə, yüzlərlə Şimali Qafqazdan olan Rusiya vətəndaşı Suriyadan geri qayıdıb: 

"Onların yeni qruplaşmalarla fəaliyyəti istisna deyil. Məhz Əfqanistanda İŞİD-in güclənməsi Rusiyaya qarşı geosiyasi proyektin bir parçası kimi qeyd edilməlidir. 

Oradan Mərkəzi Asiyaya sızan terrorçular Kremlin geosiyasi maraqlarının qarşısında bir səddə çevrilir. Rusiyanın Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatları fonunda Qərbin dəstək verdiyi mötədil müxalifət də hədəfə alınıb və zəiflədilib. Əsədə qarşı İŞİD və digər silahlı qrupların müəyyən güclər tərəfindən dəstəklənməsi sirr deyil. Rusiya bununla Qərbin planlarını alt-üst edə bilib”. Analitikin fikrincə, Rusiya Suriyadakı terror qruplaşmalarını məhv etməklə özü birbaşa terrorun hədəfinə çevrilib: 

"Ötən gün Sankt-Peterburqda terror aktının son anda qarşısının alınması bunun əyani göstəricisidir. Göründüyü kimi, terror təşkilatı Rusiyanın iri şəhərlərini hədəfə alıb. Əsas baza Şimali Qafqaz olsa da, planlar xaricdə cızılır. 

Vurğulayım ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatı ilə Rusiya təhlükəsizlik orqanlarının terror aktının qarşısını alması, ABŞ-ın rəsmi Kremlə mesajı idi. Vaşinqton bundan sonra kəşfiyyat məlumatlarını Rusiya ilə bölüşməyə bilər. Bir neçə aydan sonra Rusiyada prezident seçkiləri olacaq. Seçkilər yaxınlaşdıqca, terror aktlarının artması gözlənilir. Terror aktları Putinə böyük zərbə vurmaqla, xalq arasında reytinqini zəiflədir. Rusiyada Putin əleyhinə "Yaxın Şərqdə terrorçuları hədəf almaqla terroru ölkə ərazisinə daşıyıb” kimi iddialar dolaşmaqdadır”. 

Politoloq bildirib ki, hazırda Şimali Qafqazda yerləşməyə çalışan terrorçu qrupların fəaliyyəti Azərbaycanın təhlükəsizliyi üçün də təhdiddir: 

"Ölkəmizdə təhlükəsizlik orqanlarının keçirdiyi uğurlu əməliyyatlar, radikal cərəyanın üzvlərinin həbsi və zərərsizləşdirilməsi ölkəmizə sızmaların əsasən Şimali Qafqazdan olduğunu göstərir. Yaxın Şərqdə darmadağın edilən terrorçuların yayıldığı areala Şimali Qafqaz da daxildir. Azərbaycan bu regionla sərhəddir və Azərbaycandan İŞİD sıralarına qoşulanlar kifayət qədər çox olub. Düzdür, Azərbaycanda təhlükəsizlik sahəsində işlər yüksək səviyyədədir, lakin terrorizm beynəlxalq problemdir”.

İsmayıl