“İşin məğzini Lamiyədən yaxşı heç kim bilmir”
“Xidmətə az-çox bələd insan kimi bilirəm ki, qadın “kaloniyası”nda belə hadisənin baş verməsi qeyri-mümkündür”
Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev danışdı. Amma nə? Dedi ki, Lamiyə Quliyevanın uşağının atası müəyyən olunacaq. Hamı onu tanıyacaq. Guya ki, kimlərsə buna hədsiz maraq edir. Xeyr, heç də belə deyil. Əslində medianın diqqətinin "Lamiyə mövzusu”na cəmlənməsinin səbəbi rəsmi nikahda olmayan, subay bir məhkum xanımın qapalı müəssisədə uşaq dünyaya gətirməsidir. Lütfən, buraxın, əsas mövzudan fikir yayındırmaları. Məsələ nə dünyaya gələn körpədə, nə onun anasının, nə də atasının kimliyindədir. Məsələ qapalı müəssisədə saxlanılan məhkum qadının hansı şəraitdə, hansı halda bir kişi ilə hamilə qalmağa səbəb olacaq dərəcədə münasibət saxlamasında, cəzaçəkmə müəssisəsi rəhbərliyinin, nəzarətçilərin və yaxud da istintaq təcridxanası rəisinin, eləcə də ordakı nəzarətçilərin bu işlə hansısa dərəcədə bağlılığındadır. Niyə Penitensiar Xidmətə daxil olan iki müəssisənin adını çəkirik, çünki hadisədə bunların ikisinin də adı keçir. Hadisənin gah cəzaçəkmə müəssisəsində, gah da L.Quliyevanın ikinci cinayət işi üzrə istintaq hərəkətlərinin aparıldığı və qadın məhkum bu məqsədlə Apelyasiya Məhkəməsinə gətirildiyi müddətdə baş verdiyi bildirilir.
Xeyli vaxtdır ki, Lamiyə Quliyeva hadisəsi gündəmi zəbt edib və bir sıra qurumlar müxtəlif səpkili bəyanatlarla çıxış ediblər. Həmçinin məhkum özü də Ombudsman Aparatının Milli Preventiv Qrupu üzvləri ilə görüşündə könüllü ana olduğunu, ona heç bir işgəncə verilmədiyini, bu işə zorlanmadığını deyib və ifadə verib. Lap yaxşı. Demək ki, kimlərsə məhkum qadının hamilə qalmasına yardımçı olub. Ya cəzaçəkmə müəssisəsində, ya da istintaq təcridxanasında. Bu da təbii ki, qanun pozuntusudur. Ona görə də ilk növbədə qanun pozucuları aşkarlanmalıdır, Lamiyənin uşağının atası yox. İş bu qədər sadədir. Amma əvəzində nə baş verir? Penitensiar Xidmətin rəisi uşağın atasının müəyyənləşməsi istiqamətində "uğurlu” addımlardan danışır və böyük bir güvənlə "Hamı onu tanıyacaq” deyir. Sanki bütün məsələ uşağın atasının ortaya çıxmasındadır. Yəni, uşağın atasının kimliyini müəyyən etmək beləmi çətindir? Ana bilir övladı kimdəndir. Anadan soruşsunlar. Demək istəmir? Gülməlidir. Harda harda, bizim cəzaçəkmə müəssisəsində?!
Bəlkə həqiqətən də, bu işi araşdırmaq xeyli çətindir və bizim bilmədiyimiz məqamlar var?
Bu sualla 1990-cı illərdə Penitensiar Xidmətin rəisi vəzifəsində çalışmış, hazırda Məhkumlara Yardım Assosiasiyasının rəhbəri Məmməd Zeynalova müraciət etdik. M.Zeynalov işin məğzini Lamiyə Quliyevanın bildiyini dedi:
- İşin düzünü, harda olub, necə olubsa, Lamiyədən yaxşı heç kim bilmir. Biz yalnız versiyalar irəli sürə bilərik. Penitensiar Xidmətə az-çox bələd insan kimi bilirəm ki, qadın "kaloniyası”nda belə hadisənin baş verməsi qeyri-mümkündür. Kişi müəssisəsi olsaydı, ora qadın gətirilməsi, kişi məhbusun bir qadınla görüşə bilməsinə yenə bir don geyindirmək olardı. Amma qadın müəssisəsində bu, mümkün olası iş deyil. Məhkum qadına yalnız həyat yoldaşı və yaxın qohumları ilə uzunmüddətli görüş verilir. İkinci dərəcəli qohumlardı, dostlar, tanışlardı, bunlarla
ancaq qısamüddətli görüşlər olur, həm də ümumi görüş otağında. Yalnız ailə üzvləri ilə məhkum xüsusi ayrılmış otaqlarda görüşə bilir. Ümumi görüş otaqlarında kamera sistemi var. Xüsusi, ayrıca otaqlarda isə kamera olmur. Bunu aydınlaşdırmaq çox asandır ki, həmin ərəfədə L.Quliyeva kimlərlə görüşüb, onun kimlərlə uzunmüddətli görüşləri olub. Təbii ki, L.Quliyeva kimsə ilə rəsmi nikahda olmadığı üçün bir kişi xeylağı ilə uzunmüddətli görüş də ala bilməzdi. Bu, qanuna ziddir. Kənardan ora kiminsə gəlməsi və ya məhkumun cəzaçəkmə müəssisəsindən kənara çıxarılması da ağlabatan deyil, absurddur. Heç kim bu məsuliyyəti üzərinə götürməz. Bu, çox ağır məsuliyyətdir. Qadın məhkumların saxlandığı otaqlar da "barak” sistemindədir. Bəzisində 20, bəzisində 30 nəfər, müxtəlif sayda məhkum olur. Baraklarda kamera sistemi yoxdur. Amma dəhlizlərdə, qapıların yaxınlığında kameralar quraşdırılır. Barak daxilində məhkum qadının kiminləsə yaxınlıq etməsi də absurddur. O qədər qadının arasında bu, mümkün olan iş deyil. Biri deməsə də, o birisi deyə, xəbər verə bilər. İki nəfərin bildiyi isə artıq sirr olmaqdan çıxır.
M.Zeynalova Penitensiar Xidmətə bələd insan kimi istintaq təcridxanası versiyasını da qəbul etmədiyini bildirdi:
- Məh bu işin istintaq təcridxanasında olmasına da inanmıram, çünki orda bu mümkün olan iş deyil. İstintaq təcridxanasında elə şərait yoxdur ki, məhkum qadın məhbus kişi ilə yaxınlıq edə bilsin. Məhbus istintaq təcridxanasında ancaq nəzarətçilərlə ünsiyyət saxlaya bilər, məhkəməyə aparılanda və ya gətiriləndə. Məhkumun başqa bir məhkumla əlaqə saxlaması qeyri-mümkündür. Bunlar hamısı boş söhbətlərdir. Nə olubsa, müəssisə daxilində olub. Və müəssisə daxilində çalışan adamlar tərəfindən. Bunu edən və ya qadına şərait yaradan səlahiyyətli birisi olmalıdır ki, lazımi şəraiti yarada bilsin. Penitensiar Xidmət hadisədə təqsirli olanları, qanunsuzluğa yol verənləri müəyyən etməlidir. Bunu etmək üçün də orada çalışan, həmin vaxt çərçivəsində orada növbədə olmuş nəzarətçilər dindirilməlidir və ifadələri alınmalıdır. Bir növbədə bir neçə əməkdaş olur. Bilinir ki, kim hansı vaxt növbədə olub. Məhkum qadınlarla da söhbət edilməlidir. Ən əsası isə uşağın anası özü bilir övladı kimdəndir. Ondan soruşsunlar. Daha bu qədər çək-çevir nəyə lazımdı?! Hansısa bir məhkumla bağlı qanunsuzluğa yol verilibsə və ya belə deyək ki, məhkum özü qanunsuzluq edibsə, ona şərait yaradanlar, qanunsuzluğa göz yumanlar məsuliyyətə cəlb edilməlidir.
Məlahət Rzayeva