İslahat davamlıdır: "Vətəndaş amili dövlətin sosial siyasətinin əsasını təşkil edəcək"

Prezident İlham Əliyev qayğıya ehtiyacı olan vətəndaşlarımızın problemlərinin həlli istiqamətində mühüm addımlar atır. Aztəminatlı ailələr, məcburi köçkünlər, əlillər və şəhid ailələri hər zaman ölkə başçısının diqqətindən yayınmayıb. 
Təsadüfi deyil ki, bu günə qədər yardıma ehtiyacı olanlara müəyyən kompensasiyaların verilməsi, sosial mənzillərin tikilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılıb. İmzalanan bütün fərman və sərəncamlar da bunun əyani sübutudur.
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev "Sherg.az”a açıqlamasında bildirib ki, qayğıya ehtiyacı olan vətəndaşlarımız dövlətin diqqət mərkəzindədir.
Baş redaktor qeyd edib ki, cənab Prezident bu sahədə böyük işlər görür:
"Yardıma ehtiyacı olan insanlar hər zaman ölkə başçısı tərəfindən həm maddi, həm mənəvi dəstək görüblər. Şəhid ailələrinin, məcburi köçkünlərin mənzil şəraiti ilə bağlı dövlətin həyata keçirdiyi kompleks proqramlar var. Onların həm mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm digər xərcləri dövlət tərəfindən güzəştli şəkildə həyata keçirilir”.
B.Quliyev bildirib ki, son dövrlər cənab Prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını aztəminatlı ailələrin məişət şəraitinin yaxşılaşdırılması təşkil edir:
"Prezidentin apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır. Bu siyasət təkcə bu gün deyil, 15 ildir ki, davam edir. Aparılan təhlillər və müqayisələr göstərir ki, prezidentimiz siyasətini hər zaman davam etdirəcək. Sözsüz ki, torpaqlarımız da geri alınacaq. Çünki ölkə başçısının apardığı ordu quruculuğu siyasəti və diplomatik danışıqlar prosesi göstərir ki, Azərbaycan istəyinə nail olacaq. Torpaqlarımızı alandan sonra da, yenə də vətəndaş amili dövlətin sosial siyasətinin əsasını təşkil edəcək”.
Yeganə Bayramova