İsrail qərar verdi - Qəzza sektoru ilə sərhəddəki “Erez” nəzarət-buraxılış məntəqəsi açılıb



İsrail avqustun 27-də Qəzza sektorunun şimal sərhədində yerləşən və fəaliyyəti sərhədyanı rayonlarda başlayan kütləvi iğtişaşlar səbəbindən avqustun 19-da dayandırılan "Erez” nəzarət-buraxılış məntəqəsini açıb. 

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avqustun 26-da İsrailin müdafiə naziri Aviqdor Liberman Fələstinin sahilyanı anklavı ilə sərhəddə nisbi sakitliyi yaranması ilə əlaqədar "Erez” nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edib. Qəzza sektorunun şimal hissəsində yerləşən "Erez” nəzarət-buraxılış məntəqəsi, əsasən humanitar məqsədlər üçün anklava gedən rəsmi nümayəndələrin, jurnalistlərin və İsrail hökumətinin icazəsi ilə tibbi məqsədlərlə İsrailə gələn fələstinlilərin keçidi üçün fəaliyyət göstərir. 

Avqustun 15-də İsrail Qəzza sektoru ilə sərhəddə yük daşımaları üçün istifadə olunan "Kerem-Şalom” nəzarət-buraxılış məntəqəsini də açmışdı. Xatırladaq ki, fələstinlilərin martın 30-dan etibarən sektorun sərhəd rayonlarında "Qayıdış marşı” çərçivəsində təşkil etdikləri aksiyalar müntəzəm toqquşmalar və iğtişaşlarla müşayiət olunur.