İşsizliklə mübarizə təqdirəlayiqdir, amma...

İctimai işlərə cəlb olunan şəxslərin demək olar, 80 faizi ilə əmək müqaviləsi imzalanmır



"İşsizin DOSTU” layihəsi çərçivəsində 16 min nəfər işə cəlb edilib, ümumilikdə isə 30 min nəfərin işlə təmin edilməsi hədəflənir». Bu açıqlamanı «İşsizin dostu» proqramının icrası ilə bağlı dünən keçirilən mətbuat konfransında "DOST İş Mərkəzi”nin direktoru Niyazi Rəhimov verib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış "İşsizin DOSTU” proqramının cari ilin əvvəlindən icrasına başlanılıb: 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub”.

Direktor Prezidentin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında iş yerlərinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd etməsini xatırladıb: "Cənab İlham Əliyev deyib: "O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır».

Niyazi Rəhimov qeyd edib ki, "İşsizin DOSTU” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir: 

"Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) Məşğulluq mərkəzlərində iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. "Məşğulluq haqqında” qanuna əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyırlar. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir”.

Mərkəzin direktoru diqqətə çatdırıb ki, proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır:

 "Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əməkhaqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də "DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək”.

Mətbuat konfransında o da qeyd olunub ki, "İşsizin DOSTU” proqramı çərçivəsində əmək müqaviləsi işçi ilə 1 illik bağlanır və müvəqqəti xarakter daşıyır: "Gələcəkdə isə işçinin istəyindən asılı olaraq müqavilə müddəti artırıla bilər. Bu işçilər günün bir hissəsi, yaxud həftənin müəyyən günlərində işləyir”.

Layihə çərçivəsində işlə təmin olunan şəxslərin 3 mini Bakı şəhərində qeydiyyatdadır. Yaş həddi 18-65 arasındadır və qadınlar çoxluq təşkil edir.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı «Şərq»ə açıqlamasında «DOST İş Mərkəzi»nin dəqiq faktlar açıqlamalı olduğunu dedi:

- İşsizliklə mübarizə təqdirəlayiqdir. Amma gərək faktlar ortaya qoyulsun. Heç olmasa bir siyahı təqdim etsinlər, göstərsinlər ki, işsizlər hara yerləşdirilib, hansı işlərə cəlb olunub. Konkret idarə, müəssisə adları çəksinlər. «İctimai işlər» ümumi məfhumdur. İşsizlərin, heç olmasa hansı sferada işə cəlb olunduğunu bildirsinlər. İctimai işlərə cəlb olunan şəxslərin demək olar, 80 faizi ilə əmək müqaviləsi imzalanmır. 

Buna görə də həmin şəxslərə Əmək Məcəlləsinin bir sıra maddələri şamil edilməyəcək. Bu, insanlarla bağlanan mülki müqavilədir. Düzdür, mülki müqavilə gələcəkdə təqaüd alınmasını şərtləndirir. Çünki vergi ödəyicisi kimi onlar elektron sistemə düşürlər artıq. Buna görə də təqaüd yaşına çatdıqda təqaüd ala biləcəklər. Amma məndə olan məlumatlara görə, işsizlərin yerləşdirilməsi ilə bağlı neqativ hallar da var. Bir adamı bir ay işə cəlb edirlər. Növbəti ayda başqasını həmin işə cəlb edirlər. Bu, yalnız say artırmaqdır. Dəqiq faktlarla çıxış etsinlər.

Məlahət Rzayeva