“G-20”də iştirak Azərbaycanın xeyrinədir
Bu günlərdə Türkiyənin İstanbul şəhərində "G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclası işə başlayıb. Toplantıda Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirin açılışından öncə Türkiyə Baş nazirinin müavini Əli Babacan və mərkəzi ofisi Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Angel Gurianin mətbuat konfransı keçiriblər.
Yığıncaqda "G-20” ilə OECD arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən, dünya ölkələrində ticarət və sərmayə mühiti üçün daha azad şəraitin yaradılmasının vacibliyindən, iqtisadi inkişafa təsir edən yeniliklərin tətbiqinin faydalı cəhətlərindən və digər məsələlərdən bəhs olunub. Məlumat üçün bildirək ki, Azərbaycanın xüsusi qonaq statusu ilə "G-20”-də təmsilçiliyi Türkiyənin bu mötəbər beynəlxalq təşkilata sədrlik etdiyi 2015-ci ildə davam edəcək.
Tədbiri dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, bu qurum dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş 20 ölkəsini birləşdirən çox mühüm iqtisadi və maliyyə forumudur: "G-20” elə bir şəraitdə toplaşır ki, dünya iqtisadiyyatında böhran əlamətləri var. Neftin və bir sıra neft məhsullarının qiyməti aşağı düşüb. İqtisadi göstəricilər ürəkaçan deyil. Təşkilat sadaladığım məsələlərin hamısına kompleks şəkildə toxunacaq. Əvvəl plenar iclas işə düşəcək. Toplantıda həmin mövzular dövlət başçıları səviyyəsində müzakirə olunacaq. Artıq maliyyə nazirləri və mərkəzi bank sədrlərinin görüşü baş tutub. Onlar iqtisadiyyatın mühüm sahələrinə nəzarət edən adamlardır. Dünya iqtisadiyyatında maliyyə və bank sektorunun fəaliyyətinə dair müzakirələr aparıb, fikirlər irəli sürəcəklər. Rəylər, tövsiyə və yaxud təklif şəklində plenar iclasın gündəliyinə təqdim ediləcək”.
Azərbaycanın tədbirə dəvət almasından söz açan ekspert hesab edir ki, bu, ölkəmizin artan iqtisadi potensialının göstəricisidir: "Doğrudur, iştirakımız Türkiyənin dəvəti ilə reallaşır. Amma qeyd edək ki, Azərbaycanın enerji resursları, qeyri-neft sektorunun tərəqqisi, sürətlə inkişaf edən iqtisadiyyatımız, son dövrlərdə həyata keçirilən uğurlu iqtisadi islahatlar ölkəmizi önə çəkir”.
Q.Hüseynlinin qənaətincə, ölkəmizin formalaşdırdığı iqtisadi model kifayət qədər cəlbedicidir: "Hazırda Rusiyada yaşanan iqtisadi böhran, rublun dəyərdən düşməsi, inflyasiyanın sürətlə yüksəlməsi, digər qonşu ölkələrə təsir göstərə bilir. Lakin ölkəmizdə bunun təsiri çox az hiss olunur. Düşünürəm ki, Azərbaycandan öyrənilməli çox məsələlər mövcuddur. Ölkəmiz İstanbulda həm plenar, həm də sessiya iclasına qatılacaq. Yəqin ki, orada Azərbaycanın da təcrübəsi dinləniləcək. Və təcrübəmiz toplantının son materiallarında öz əksini tapacaq. Bu da Azərbaycanı iqtisadi cəhətdən populyarlaşdıracaq. Ölkəmiz xarici investorların cəlb edilməsi və iqtisadi inkişafımıza əngəl törədən həqiqətlərin dünyaya çatdırılması baxımından tribuna əldə edəcək. Heç kimə sirr deyil ki, regionun inkişafına əsas maneəni Ermənistan törədir. Düşmən ölkə kriminal siyasət yürüdür. Bu siyasət davam etdikcə, Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafı arzuolunan səviyyədə olmayacaq. Yəqin ki, yığıncaqda bu məsələ də dünya liderlərinin diqqətinə çatdırılacaq. Həmin ölkələrdən bəzisi Minsk Qrupunun tərkibinə daxildirlər. Onlar görəcəklər ki, rəsmi Bakı öz şəffaf işləri ilə məşğuldur. Rəsmi İrəvan isə təcavüzkar siyasət yürütməklə regionda işsizlik, yoxsulluq və iqtisadi böhran şəraiti yaradır. Proseslərin bu aspektdən təhlil edilib, dünya ictimaiyyətinə çatdırılması Azərbaycan üçün çox önəmli fakt rolunu oynayacaq”.
Azərbaycanın beynəlxalq imicinin getdikcə yüksəldiyini söyləyən ekspert bəyan edib ki, nüfuzumuzun artması fonunda qoltuqaltı ölkəyə çevrilmiş Ermənistanın reytinqi sürətlə aşağı düşür: "Düşmən ölkə boşalır. Ölkədə daxili qarşıdurmalar yaşanır. Xaosa sürüklənir. Gərginlik şiddətlənir”.
Ayyət Əhməd