İstənilən an dollar daha da bahalaşa bilər

Manatın kursunu faciəyə çevirmək lazım deyil, iqtisadiyyatla məşğul olmaq lazımdır



ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin artırılması neftin qiymətinə mənfi təsir göstərə bilər. Bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin icmalında bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ dollarının möhkəmlənməsi, kredit-maliyyə siyasətində sərtləşmə neft qiymətləri və investisiyalarına mənfi təsir göstərə bilər. Xüsusən bu, büdcə defisiti ilə üzləşən neft ixrac edən ölkələrin iqtisadiyyatında özünü daha çox büruzə verəcək”.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi Direktorlar Şurasının növbəti iclası iyunun 15-16-da keçiriləcək.

İqtisadçı-ekspert Nazim Məmmədov da söyləyib ki, FES-in faiz dərəcələrini artırması, dolların bahalaşması deməkdir: "Bu da, bütün ölkələrin valyutasına təsir göstərir. Dünya bazarında ticarətin 75 faizi dollarla aparılır. Bu o deməkdir ki, istənilən an qlobal miqyasda dollar bahalaşa bilər. Azərbaycanda dollar bahalaşacağı halda manatın kursu zəifləyəcək. Mərkəzi Bankın (MB) pul kredit siyasəti müsbət nəticə vermir. Onların addımları bazara tam uyğunlaşmayıb. Bazar adətləri bizim iqtisadiyyatda işləmir. Bu baxımdan manatı gözləyən ən böyük təhlükə neftin qiyməti ilə bağlı ola bilər. Neftin qiyməti uzun müddət 40 dollardan yuxarı qalarsa, o zaman manatın kəskin ucuzlaşması mümkün deyil. Ancaq neft 40 dollardan aşağı düşərsə, iqtisadiyyatımıza ciddi ziyan dəyə bilər. Fikrimcə, hökumət ciddi antiinhisar siyasəti aparmalıdır. Rəqabət mühitini tam sağlamlaşdırmalıdır. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün məhkəmə sisteminə güvəni artırmalıdır. İş adamlarına basqı olmamalıdır. Lisenziyalaşma və kredit resursuna çıxış asanlaşmalıdır. Hələ ki, Azərbaycanda bu faktlar yoxdur. Məhkəmə sistemi işləməlidir. Əks halda, daxili və xarici investorlar Azərbaycana pul yatırmaqda maraqlı olmayacaq. Tövsiyə edirəm ki, hökumət manatın kursu məsələsini faciəyə çevirməsin. Sadəcə, iqtisadiyyatla məşğul olsun. Görüntü xarakterli deyil, ciddi islahatlar aparmaq lazımdır”.

Ayyət Əhməd