Sosial mediada İŞİD-lə bağlı, orada vuruşan və öldürülən azərbaycanlılarla bağlı xəbərlər bizim ziyanımızadır
Bir neçə ildir, mütəmadi olaraq Suriyada, İraqda, Əfqanıstanda döyüşən və orada öldürülən azərbaycanlılar barədə informasiyalar yayılır. Məlumatların əksəriyyəti isə sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən yazılmış xəbərlərə əsaslanır.
Yəni "facebook”da İŞİD-in tərkibində vuruşan hansı azərbaycanlının ölüm xəbəri yayılırsa, media orqanları dərhal bu informasiyanı tirajlayırlar. Amma aparılan araşdırmalardan məlum olub ki, Yaxın və Orta Şərqdən gələn bu tip xəbərlərin heç də hamısı doğru deyil. Hətta sosial şəbəkələrdə adıçəkilən bəzi şəxslər ümumiyyətlə, nə Suriya, nə də İraq üzü görüblər. Bir sıra adamların isə ümumiyyətlə, nə vaxtsa Azərbaycanda yaşadığı müəyyən edilməyib. Xatırlayırsınızsa, ötən ilin sonunda bu problemlə bağlı dövlət qurumları araşdırma apardı və sensasion məqamları üzə çıxardı. Məlum oldu ki, Suriyada "öldürülən” bir sıra şəxslər ağır cinayət hadisələri törətdikləri üçün uzun müddət axtarışda olan adamlardır. Onlar fürsətdən istifadə edərək bilərəkdən müəyyən dairələrin əli ilə guya Suriyada, ya da İraqda döyüşdükləri və öldürüldükləri barədə məlumat yayırlar. Fikir versəniz görərsiniz ki, öldürülməsi xəbəri yayılan şəxslərin bir çoxunun rəsmi adı açıqlanmır, ərəb adlarından ibarət ləqəbləri göstərilir. Bəzilərinin isə adı, soyadı, atasının adı, doğum tarixi, ev ünvanı dəqiqliklə göstərilir. Hətta şəkilləri operativ şəkildə yayılır. Belə çıxır ki, sosial şəbəkədə İŞİD-ə qoşulan azərbaycanlılarla bağlı ortaya çıxan məlumatlar içində yalan və təbliğat xarakteri daşıyanlar da az deyil. Məsələyə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay deyib ki, sosial şəbəkələr bütün dünyanı əhatə etdiyi üçün onu nəzarətdə saxlamaq, müdaxilə etmək asan deyil: "İndiki dövrdə şəbəkə içərisində hansısa məhdudiyyət yaratmaq mümkünsüzdür. Sosial şəbəkələrin neqativ təsirlərindən qorunmaq üçün onların ümumiyyətlə, ölkədə istifadəsinə qadağa qoyulmalıdır ki, bu da təqdirəlayiq deyil”. İ.Altayın sözlərinə görə, ölkə daxilində müəyyən qanunvericilik formasında hansısa addımlar atmaq olar: "Məsələn, beynəlxalq sosial şəbəkələrdə Azərbaycana və azərbaycanlılara aid olan doğru və ya uydurma yazılar, terrora çağırışlar, gizli təbliğat xarakterli informasiyalar dövlət orqanları tərəfindən daim nəzarətdə saxlanıla bilər. Hesab edirəm ki, xüsusi xidmət orqanları sosial şəbəkədə İŞİD-lə bağlı gedən bütün xəbərləri diqqətlə izləyir və onlar haqqında yazanları nəzarətdə saxlayır. Təbii ki, həmin informasiyaların doğru və ya yanlış olduğunu araşdırmaq da təhlükəsizlik orqanlarının işidir. Çox güman ki, onlar bu işlə ciddi məşğul olurlar. Sadəcə onu deyim ki, sosial mediada İŞİD-lə bağlı, orada vuruşan və öldürülən azərbaycanlılarla bağlı xəbərlər bizim ziyanımızadır. İstər doğru olsun, istərsə də yanlış”.
İsmayıl