İstəsək daha çox qazanarıq

Hər ölkədən gələn turistin fərqli istəkləri olur, bu araşdırılmalıdır
Bu il Azərbaycanda turistlər 1 milyard 300 milyon manat xərcləyəndə, Gürcüstanda bu rəqəm 4 milyard dollara çatıb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu il xarici turistlərin ölkəmizdə 8 ay ərzində 1 milyard 300 milyon manat xərclədiyini deyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub. Nazir bildirib ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn turistlərin sayı 20.9 faiz artıb. 1.3 milyon kifayət qədər yüksək rəqəmdir. Ona görə də son illər turizmin inkişafı ölkəmizin iqtisadi durumuna müsbət təsir göstərir. Maraqlıdır, bəs bu rəqəmlərin hesablanması hansı formada həyata keçirilir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında deyib ki, xərclənmiş vəsaitlərin hesablanması turistlərin daha çox kartlarla ödəniş etməsi ilə mümkün olur. Turistlərin əksəriyyəti otellərdə, restoran və mağazalarda nəğd ödəniş etmirlər və bütün bu xərclərin rahat hesablanması mümkün olur: "Həqiqətən də ölkəmizdə turistlərin sayında artım müşahidə olunur. 

Hətta vizual olaraq ərəb ölkələrindən və İrandan gələn turistlərin sayı çoxalıb. Şəxsin adına olan və banklarda yerləşən hesablardan ödənişlər edərkən avtomatik olaraq bunun statistikasını aparmaq daha asan olur. Buna görə də bu rəqəmin böyük bir hissəsi məhz kartla edilən alış-verişdən sonra meydana gəlib. Təəssüf ki, regionların bir çoxunda post-terminalların çalışması problemdir. Çox zaman bankların özündə valyutadəyişmə məntəqələri fəaliyyət göstərdiyindən turistlər bir çox hallarda gətirdikləri nəğd valyutanı rəsmi banklarda manata çevirirlər. Yəqin ki, orda da bir hesabatlılıq var. Bu hesabatları cəmlədikdə belə bir rəqəmin alındığını söyləmək olar.

Ölkəmizə gələn turistlərin sayının artması təbii ki, xoşdur. Amma bu hələ gözlənilən və istənilən səviyyədə deyil. Məsələn, həmin dövrdə Gürcüstanda turistlərin xərcləmələrinin 4 milyard dollar olduğu qeyd olunur. Bu da indiki məzənnə ilə təqribən 7 milyard manata yaxın vəsaitdir. Nazirin qeyd etdiyi maraqlı rəqəmlərdən biri də azərbaycanlıların xaricdə xərclədiyi vəsaitin həcmidir. Bu vəsait xaricilərin Azərbaycanda xərclədiyi vəsaitə yaxındır. Deməli, ölkəyə daxil olan valyuta ilə ölkədən çıxan valyuta biri-birini tarazlayır”.

Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün hansı tədbirlərin görülməsi sualına gəlincə, iqtisadçı bildirib ki, vizaların asanlaşması və ya 3 saat ərzində elektron vizanın tətbiqi Azərbaycana gələn turist sayının artmasına təsir göstərə bilər:

"Əslində hökumət tərəfindən atılan bəzi addımlar tez effekt verdi və bu sahədə addımlar genişləndirilməlidir. Məsələn, bir çox ölkələrlə vizanın tamamilə ləğv olunması gündəmə gələ bilər. Vizanın tamam ləğv olunması turist sayının artmasında ciddi irəliləyiş olacaq. Burda da Gürcüstan örnəyi var. Gürcüstan 108 ölkə ilə vizanı tamamilə ləğv edib. Digər çatışmazlıqlardan biri Azərbaycanda 5 ulduzlu otellərin sayı daha çoxdur, nəinki daha ucuz və daha az ulduzu olan otellər. Müasir turist profilində isə bir çox ölkələrdən, əsasən də Avropa, Asiya ölkələrindən gələn turistlər otellərə çox pul xərcləmək istəmirlər. Onların istədikləri daha səliqəli, lakin ucuz otellər şəbəkəsinin geniş yayılmasıdır. Bu sahədə ciddi addımlar atılmalıdır, yəni ucuz otellərin və hostellərin sayı çoxalmalıdır”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan Turizm Nazirliyi və turizmlə məşğul olan dövlət qurumları, turizm şirkətləri birgə olaraq hər bir bölgə üzrə turist profilinin istəklərini araşdırmalıdırlar. Hər ölkədən olan turistlərin maraq dairəsinə uyğun proqramlar hazırlanmalıdır ki, bütün bunlar da turizmin inkişafına təkan verir: 

"Ərəb ölkələrindən, İrandan, Avropa və Amerikadan gələn turistlərə eyni gözlə, eyni parametrlərlə yanaşırlar. Halbuki bunların tələbatları, istəkləri tamam fərqlidir. Ona görə də bölgələr üzrə turist profilini təyin etmək, o profilə uyğun olaraq xidmət taktikasına keçid etmək lazımdır. Əsasən də Ərəb yarımadasından gələn ölkələrin turistik istəkləri ilə Avropadan gələn insanların istəkləri arasında ciddi fərqlər var. Avropadan gələnlər əsasən mədəni obyektlərlə, opera, balet, cazla əlaqədar məkanlarla maraqlanırlar, tarixi abidələrə fikir verirlər. 

Amma Ərəb yarımadasından gələn turistlər daha çox əyləncə istəyirlər. Müxtəlif bölgələrdən gələn turistlərə eyni proqram tətbiq olunanda, bu, effekt vermir. Məncə, bu sahədə ciddi iş görülməlidir, hər bir bölgənin turist profili çıxarılaraq onların istəklərinə uyğun proqramların təşkil olunmasına şərait yaradılmalıdır”.

Yeganə Bayramova