“İstiqlalçı deputat” Siyavuş Novruzovla razılaşmır: "Müstəqilliyimizin əleyhinə çıxanlara.."

Əlövsət Ağalarov: “Onlar SSRİ-nin saxlanması təklifini irəli sürürdülər. Tarix sübut etdi ki, haqlı deyillər. Həmin deputatların səhvinə qarşılıq medal verilməsinə nə ehtiyac var? !"




"Yalnız "istiqlalçı deputatlar” SSRİ-nin saxlanmasının əleyhinə çıxış edib”.

Bu sözləri "Sherg.az”a sabiq millət vəkili Əlövsət Ağalarov deyib. 

Onun sözlərinə görə, SSRİ-nin saxlanması Cümhuriyyət dəyərlərindən imtina edilməsi deməkdir:

"Azərbaycanın müstəqilliyinə səs verən şəxslərin bəziləri "İstiqlalçı deputatlar”dan fərqli olaraq, SSRİ-nin saxlanmasını təklifini irəli sürürdülər. Tarix sübut etdi ki, onlar haqlı deyillər və Azərbaycan Cümhuriyyət yolunda addımlamalıdır. Həmin deputatların səhvinə qarşılıq medal verilməsinə nə ehtiyac var?

Ümumiyyətlə, medalla təltif etmək ölkə başçısının səlahiyyətindədir. Ona görə, bu məsələni çərçivəyə salmaq düzgün də deyil. Cümhuriyyətin təbliğində, onun tədqiq olunmasında xidmətləri olan şəxslər medalla təltif edilə bilər. Bu məsələnin cəmiyyətdə ciddi rezonans doğuracağına inanmıram".

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa "İstiqlalçı deputatlar”ın AXC-nin 100 illiyi barədə yubiley medalı ilə təltif edilməsini təklif edib. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə həmin vaxt Azərbaycan parlamentinin üzvü olan 350 nəfərin hamısının ölkənin müstəqilliyinə səs verdiyini söyləyib: "Bütün hallarda bu məsələlərə son qoymaq lazımdır. Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz”.
Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız "İstiqlalçı deputatlar” SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər”.

Aysel Aslan