İxtisara düşən işçilərə 2 ay vaxt verilməlidir

Əgər bu müddətdə yeni iş yeri tapmırsa, 3-cü aya görə də onlara müavinət ödənməlidir



Ölkədə ixtisarlar dalğası başlayıb. Xüsusilə də, neft hasilatı sənayesində fəhlələrin işdən kütləvi çıxarılmaları müşahidə olunur. Bununla yanaşı, struktur islahatlarının aparılması, bir sıra nazirlik və idarələrin ya birləşdirilməsinə, ya da ixtisar edilməsinə səbəb olur.

Bu da təbii ki, işsizlərin sayının artmasını labüd edir. Mütəxəssislər hesab edir ki, dünyada gedən iqtisadi böhran şəraitində belə halların baş verməsi təbiidir. Sadəcə, məsələ, böhranı nə dərəcədə atlatmaqdadır. Bunun üçün də hökumətin konkret proqramları olmalıdır. Məsələn, bu gün işini itirən fəhlə ailəsini nəylə dolandıracaq? İşçinin ağır iqtisadi duruma düşməməsi üçün hansı addımlar atılmalıdır?

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında bildirdi ki, işçilərin hüquqları Əmək Qanunvericiliyi ilə tənzimlənir:

- Qanunvericiliyin müəyyən etdiyi məsələlər var. İşçi ixtisar olunursa, ilk növbədə Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməlidir. İşçi ixtisar ediləcəksə, 2 ay əvvəldən ona bu barədə xəbərdarlıq edilməlidir. Bu 2 ay müddətində işçiyə şərait yaradılmalıdır ki, o özünə yeni iş yeri tapsın. Bunun üçün də 2 ay müddətində işçiyə ödənişli (!) istirahət günləri verilməlidir. İşdən azad olunan işçiyə 1 ay orta aylıq əməkhaqqı miqdarında müavinət verilməlidir. Şəxs gedib Məşğulluq İdarəsində qeydiyyata düşməlidir. Əgər 2-i və 3-cü aylar ərzində işçi iş tapmırsa, hətta 2-i və 3-cü aylar üçün də ona müavinət verilməlidir. Bu, qanunvericiliyin təyin etdiyi qaydadır və məcburidir. Bu qaydaları ona görə belə müəyyənləşdirirlər ki, işçi işləmədiyi, iş axtardığı müddətdə yaşayışını təmin edə bilsin. Yəni, qanunvericilik işçini taleyin ümidinə buraxmır. İkincisi, hər bir müəssisənin, şirkətin qəbul etdiyi daxili qaydalar da var. Məsələn, bp şirkəti işçilərinin ipoteka kreditlərinin ödənməsini öz üzərinə götürüb. ARDNŞ-nin özünün ayrıca siyasəti var. Bir variant budur ki, işçi öz razılığı ilə işdən gedirsə, ona 5 aylıq müavinət ödənilir. Əgər işçi işdən çıxmağa razı deyilsə, ona gözləmək də təklif oluna bilər ki, başqa bir işdə çalışsın, yaxud ixtisasını dəyişmək, ixtisasartırmaq yolu ilə başqa işlərdə çalışa bilər. Bunun üçün işçi imtahan verməlidir. Yəni, müxtəlif variantlar var və bunlar hamısı Əmək Qanunvericiliyinin tələbləri ilə tənzimlənməlidir. Amma təbii ki, burada söhbət əmək müqaviləsi ilə işləyən, rəsmi qeydiyyatda olan işçilərdən gedir. Məlumdur ki, hazırda ölkədə çox geniş qeyri-formal əmək sektoru mövcuddur və bu sektorda işçilərlə əmək müqaviləsi bağlanmır, işçilərin real sayı gizlədilir, fəhlələr günəmuzd işlədilir. Təbii ki, burada hər hansı müavinət ödənməsindən söhbət belə gedə bilməz. Bəzi müəssisələrdə ixtisara düşən işçilərin heç uçotu da aparılmır. Belə vəziyyətdə əlbəttə, işçinin durumu ağırdır.

S.Məmmədov dünyada yaşanan iqtisadi böhranın konkret 2015-ci ildə Azərbaycana mənfi təsir göstərəcəyini isə proqnozlaşdırmır:

- Bu il Azərbaycanda işsizlik o qədər də ciddi hiss olunmayacaq. Çünki bu il üçün nəzərdə tutulan investisiya layihələrinin hamısı icra olunacaq. Dövlət büdcəsində bunlar hamısı nəzərə alınıb. Ona görə bu il əmək bazarında ciddi təsirlərin yaşanacağını zənn etmirəm. Növbəti illərdə isə əgər neftin qiyməti enməkdə davam edəcəksə, hiss oluna bilər. Amma hökumətdə bunu nəzərə alırlar. Qeyri-neft sektoruna diqqətin artırılması, bu ilin aqrar sektor - kənd təsərrüfatı ili elan edilməsi məhz mümkün ola biləcək krizisə hesablanıb ki, alternativ iş yerləri yaransın. Bir problem də Rusiyadan qayıdan soydaşlarımızla bağlı olacaq. Rusiyadakı məlum iqtisadi böhran soydaşlarımızın ölkəyə qayıtmasını şərtləndirir. Bu da qarşıdakı illərdə əmək bazarında işsizlərin artmasına səbəb ola bilər.

Məlahət Rzayeva