İyunun 15-də minlərlə ailə sevinəcək

Amnistiya aktı daha çox azadlığa çıxma vaxtına az qalmış şəxslərə şamil ediləcək



Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təqdim olunmuş layihəsində amnistiya tətbiq edilməsi nəzərdə tutulan şəxslərin dairəsi məlum olub.

Xatırladaq ki, amnistiya aktı iyunun 15-də qüvvəyə minəcək.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Mehriban Əliyevanın bu təşəbbüsünü böyük humanistlik kimi qiymətləndirib: "Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq əfv sərəncamları imzalayır. Bu sərəncamların sayı 60-ı keçib. Əfvdən fərqli olaraq amnistiya daha geniş, əhatəli aktdır, minlərlə insanı əhatə edir. Hər zaman hüquq müdafiəçiləri bu aksiyanı alqışlayıb. Mehriban xanım bu hüququndan bir neçə dəfə istifadə edib. Minlərlə insan amnistiyadan bəhrələnəcək. Bu, böyük humanist addımdır”.

Mehriban Əliyevanın amnistiya təşəbbüsünü müsbət qiymətləndirdiyini deyən İşçi qrupunun digər üzvü, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin sədri Səadət Bənənyarlının sözlərinə görə, akt təxminən 3500-ə yaxın məhbusa şamil olunacaq: "Amnistiya aktının hansı maddələr üzrə cəza çəkən məhbuslara şamil olunacağı isə ayın 20-də layihə müzakirəyə çıxarıldığı zaman bəlli olacaq. İndidən konkret fikir bildirmək istəmirəm”.

Amnistiya verildikdən sonra siyasi məhbus məsələsinin birdəfəlik həll olunacağı ilə bağlı söyləntilərə gəldikdə isə hüquq müdafiəçisi deyib ki, bu akt daha çox azadlığa çıxma vaxtına az qalmış şəxslərə şamil ediləcək: "Ona görə də siyahımızda adı olan məhbusların amnistiyaya düşəcəyini gözləyirik. Siyasi məhbusların hamısı azad olunacaq, yoxsa bir hissəsi qalacaq, bunu deyə bilmərəm. Hər şey amnistiyanın hansı maddələrə şamil olunacağından asılıdır”.

Şəymən