Jurnalist hüquqşünas deyil...
KİV-də təqsirsizlik prezumpsiyasının intensiv pozulmasına görə təkcə yazarlar məsuliyyət daşımırlar
(Əvvəli ötən sayımızda)
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu günlərdə yazmış olduğu bir statusda bir sıra dövlət rəsmilərinin, millət vəkillərinin həkimlərə qarşı aşırı dərəcədə qərəz elementləri ilə qatqılı subyektiv münasibətindən qaynaqlanan pressinqlər və təhdidlər tendensiyasının artmasından narahatlıq duyduğunu qeyd edib. Bəzi həkim ixtisaslı millət vəkillərinin bu prosesi getdikcə körüklədiyini vurğulayan professor media nümayəndələrinin də bu işdə onlara dəstək olduğunu deyib: "Mən dördüncü hakimiyyətin təmsilçiləri sayılan dəyərli jurnalistlərimizi özümə həmkar sayıram, çünki onlarla daim sıx əməkdaşlıqdayam.
Təəssüf ki, artıq mətbuatda həkimlərə "karikatura yaradan” yeni termin və ifadələrin peyda olması diqqətdən yayınmır. Məsələn, götürək mətbuatda tez-tez təkrar olunan "həkim terroru” ifadəsini. Beynəlxalq terminologiyada belə ifadəyə, sözün hər mənasında belə düzəltmə ifadəyə rast gəlməzsiniz. Terror dedikdə, əvvəlcədən planlaşdırılmış qaydada, qəsdən kütləvi qırğın, adam oğurluğu, diversiyalar, siyasi və digər rəqiblərinin ölüm və digər qorxu üsulları ilə təhdid edilməsi nəzərdə tutulur. Belə olan halda, bu ifadə həkimə münasibətdə nə qədər ədalətlidir? Əslində bu, həkimlərə qarşı induksiya olunmuş aqressiyanın sözlə ifadəsidir. Niyə buna yol verilir? Çünki bizdə "təqsirsizlik prezumpsiyası” deyilən bir hüquq sadəcə dəfn edilib. Bu məsələ durdurulmalıdır!”.
Bəs, tibb ekspertinin iddiaları ilə bağlı media nümayəndələri nə düşünür?
Təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında problem varmı və bu problemlərin yaranma səbəbləri nəylə bağlıdır?
Əvvəla qeyd edək ki, Konstitusiyanın 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində cinayət qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin insan təqsirsiz sayılır.
Həkimlərə qarşı təkcə mətbuatda deyil, bütövlükdə cəmiyyətdə aqressiya müşahidə olunduğunu deyən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə hesab edir ki, bunun günahı ayrı-ayrı insanlarda deyil, həkimlərin özündədir:
"Hipokrat andına sadiq qalan həkimlərin sayı barmaqla sayılacaq qədər azdır.
Cəmiyyətdən, xüsusilə mətbuatdan incimək lazım deyil. Həkimin vəzifəsi xəstəyə düzgün diaqnoz qoymaq, onu təmənnasız müalicə etməkdir, amma biz çox vaxt bunun əksinin şahidi oluruq. Əgər həkim çürüməkdə olan ayağı qoyub, xəstənin sağlam ayağını kəsirsə, cəmiyyət ona necə hörmət edə bilər? Yaxud ölüm ayağında olan xəstənin yaxınlarından pul ummaq hansı əxlaqa sığar? Əlbəttə, bu dediklərimi bütün həkimlərə şamil etmək ədalətsizlik olardı, amma bu cür metodlarla işləyən həkimlər çoxluq təşkil etdikləri üçün ağxalatlılarla bağlı mənfi rəyi də məhz onlar formalaşdırırlar.
Mətbuat cəmiyyətin güzgüsüdür. Mətbuatın vəzifəsi həm də ən müxtəlif səslərin eşidilməsinə vəsilə olmadır. Jurnalistlər cəmiyyətin mövqeyini ifadə edirlər.
Həkimlərimiz çalışmalıdırlar ki, cəmiyyətin etimadını qazansınlar.
Bu zaman jurnalistlər onların fəaliyyətinə müsbət kontekstdən yanaşacaqlar.
Sualınızın ikinci hissəsinə gəlincə, təəssüflə qeyd etmək istərdim ki, təqsirsizlik prezumpsiyası ilə bağlı həqiqətən də Azərbaycan mətbuatında problem var.
Bunun da əsas səbəbi odur ki, bəzi jurnalistlərimizin elementar hüquqi savadı yoxdur. Buna görə də mətbuatda ixtisaslaşma getməlidir. Hüquqi mövzulardan bu sahədən anlayışı olan jurnalistlər yazmalıdır”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov isə hesab edir ki, jurnalistlər və kütləvi informasiya vasitələri yaydıqları məlumatların səhihliyi və korrektliyinə görə birmənalı olaraq məsuliyyət daşımalıdır:
"Xəbər, məlumat və ya informasiya vətəndaşın hüquqlarını pozmamalı, onun təməl haqlarına müdaxilə formasında olmamalıdır. Eyni zamanda media heç bir halda vətəndaşın özəl həyatının toxunulmazlığı, fərdi və ailə sirri, ləyaqətin qorunması kimi prinsipləri də unutmamalıdır. KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması məsələsi ilk baxışdan göründüyü kimi sadə deyil. Söz yox, bu prinsip demokratik cəmiyyətin əsas prinsiplərindən, məhkəmə sisteminin "sütun”larından biridir. Lakin KİV məhkəmə deyil və məhkəmələrə tətbiq olunan prinsiplər birmənalı olaraq KİV-ə təfsir oluna bilməz. Buna görə də KİV-dəki hər hansı xəbərə və ya məlumata təqsirsizlik prezumpsiyası prinsipinin tətbiq edilməsi jurnalistin məhkəmə prosesində və ya istintaqdakı şəxslə bağlı məlumatdan imzasını götürmək hüququna bərabər tutulmalıdır. Bu isə məntiqsizlikdir.
Bu prinsipin KİV-in fəaliyyətində "məhək daşları”ndan biri sayılması isə jurnalistlərin fəaliyyətini çox ciddi şəkildə məhdudlaşdıra biləcək amilə çevrilə bilər, çünki istənilən məlumatı və ya xəbəri "prezumpsiyanı pozan informasiya” elan etmək olar.
Digər tərəfdən, təqsirsizlik prezumpsiyası prinsipi ölkə qanunvericiliyində dəqiq müəyyənləşdirilərək təsbit olunduğundan heç bir KİV vətəndaşın hüquqlarını poza bilməz. Əfsuslar olsun ki, mediamızda hələ də hansısa cinayət əməlində şübhəli bilinən şəxs cinayətkar kimi təqdim edilir ki, bu da yolverilməzdir.
Jurnalistlərə hüquqi biliklərin öyrədilməsi məsələsinə gəldikdə isə, bəli, elementar məlumat bazası olmalıdır. Lakin unutmayaq ki, jurnalist hüquqşünas deyil və müxtəlif məcəllələrin incəliklərinə vaqif olmaq ekstraordinar, hətta gərəksiz işdir. Sadəcə, hər jurnalist bilavasitə peşəsi ilə bağlı hüquqi bilikləri populyar səviyyədə əldə etməli, bilməlidir. Elə bu yetər”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə deyib ki, KİV-də təqsirsizlik prezumpsiyasının intensiv pozulmasına görə təkcə jurnalistlər məsuliyyət daşımırlar. Onun sözlərinə görə, vətəndaşların təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi ilə ehtiva edilən hüquqdur. Eyni zamanda, Azərbaycanın Cinayət Prosessual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi təqsirsizlik prezumpsiyasını qoruyur. Konstitusiyanın bu maddəsindən irəli gələn anlayışlara KİV-də hörmətlə yanaşmanı təmin etmək üçün, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında da uyğun prinsiplər nəzərdə tutulub:
"Belə ki, AJPDQ-nin 3-cü prinsipinin (PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı) 3.7-ci maddəsi birbaşa bu məsələ ilə bağlıdır. Orada qeyd edilir ki, jurnalist, cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşmalı, material hazırlayarkən, şəxsi cinayətkar kimi yox, şübhəli şəxs qismində saxlanılan şəxs kimi təqdim etməlidir. O cümlədən, 3.8-ci maddədə göstərilir ki, KİV hər hansı vətəndaşın şübhəli şəxs kimi həbs olunması, yaxud istintaqa cəlb edilməsi barədə məlumat yayıbsa və sonradan onun təqsirsizliyi sübuta yetmişsə, həmin informasiya orqanı bu barədə mütləq xəbər verməlidir”.
M.Ələsgərlinin sözlərinə görə, ölkənin professional media qurumları, həm çap, həm də elektron media quruluşları qanunun bu tələbini gözləmək üçün kifayət qədər səy göstərirlər:
"Amma söhbət sosial mediadan və onlayn mediadan gedirsə, təbii ki, burada "qanunun aliliyinin gözlənildiyini” söyləmək hələ ki mümkün deyil. Sonuncu müstəvidə AJPDQ-nn bütün prinsipləri çox intensiv şəkildə pozulur və bunu hər kəs bilir. Bu baxımdan, ekspert qismində çıxış edən şəxslər korrekt olmalı, ittihamlarını kimə qarşı yönləndirdiklərini, kimi tənqid etdiklərini bilməlidirlər. Fərqinə varmadan bütün xəbər yayıcılarını jurnalist adlandırmaq, bütün medianı ittiham etmək düzgün deyil və bununla heç nəyə nail olmaq mümkün deyil. Sosial mediada və ümumilikdə onlayn media müstəvisində qanunların intensiv şəkildə pozulduğunu, bunun çox vaxt hüquqi bilgisizliklə bağlı olduğunu nəzərə alaraq, 2015-ci ildə qanunlara əlavələr edildi. Əlavələrdən biri də təqsirsizlik prezumpsiyasına aid idi. Belə ki, 2015-ci ildə "KİV haqqında” qanunun 44-cü maddəsinə 3-cü bənd əlavə edildi ki, həmin əlavə də məhz barəsində istintaq işi gedən şəxslər barədə təkzib verilməsini ehtiva edir. Həmin əlavəyə görə, təqsirsizlik prezumpsiyasının qorunması təkcə jurnalistlərə deyil, həm də istintaq işi aparan qurumların üzərinə məsuliyyət qoyur. Yəni əgər istintaqa cəlb edilmiş, şübhəli şəxs kimi saxlanılmış və ya sair kateqoriyalı insanlar haqqında KİV-də yanlış rəy formalaşdırılırsa, müvafiq istintaq orqanı da bu yanlışın aradan qaldırılması qayğısına qalmalı, təkzib verməli, təsəvvürlərin durulmasına şərait yaratmalıdır. Çox təəssüf ki, bizdə nə istintaq orqanları, nə hüquq müdafiəçiləri, nə də özünü ekspert hesab edənlər zamanında yanlış informasiya yayımına müdaxilə etmir, təkzib vermirlər. Yalnız iş böyüyəndən sonra jurnalistləri ittiham etməyə başlayırlar. Bu da yanlış informasiyanın sürətlə yayılmasına, insanların təqsirsizlik prezumpsiyasının pozulmasına yol açır. Əgər qeyd edilən şəxslər zamanında rəy bildirsələr, xəbər istehsalçıları da düzgün mövqeyə yönlənərlər. Başqa məsələdir ki, bu prinsipi pozmaqda maraqlı olan, bəzən qərəzli çıxış edən media orqanları da olur ki, belələrinə qarşı hüquqi müstəvidə ölçü götürmək mümkündür”.
(Davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb