Jurnalistin Roma Papasına müraciətini alqışladılar

“Eldəniz Elgünün niyyəti safdır, bəlkə girovlarımızın taleyində bir dönüş oldu”




Jurnalist Eldəniz Elgün erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Roma Papası Fransiskə müraciət edib. AzNews.az saytı müraciətin mətnini təqdim edib.

"Siz ancaq sizi sevənləri sevsəniz, bunun kimə nə xeyri olar ki?!” Hörmətli Papa həzrətləri! Həzrəti İsanın dediyi bu sözlərlə başlayıram sizə müraciətimi. Sizin Roma Papası olaraq insanlara sevgi aşılamağınız Vatikanın dünyada gücünü daha da artırdı. Sevgi və ümid işığını Roma Papası olaraq 12 günahkarın ayağını öz əllərinizlə yuyub öpəndən sonra daha da gücləndirdiniz. Elə bu ruhla sizə müraciət edərək, iki günahsız insanın həyatını xilas etməyinizi xahiş edirəm. Bunu yalnız siz, içi inamla zəngin Roma Papası edə bilər. Söhbət Ermənistanda məhbəsdə inləyən mənim soydaşlarımdan, iki günahsız Azərbaycan vətəndaşından - Şahbaz Quliyev və Dilqəm Əsgərovdan gedir. Adı çəkilən hər iki mülki şəxs 2014-cü il iyulun 11-də hazırda işğal altında olan Azərbaycan respublikasının Kəlbəcər rayonuna keçərək, öz dədə-baba qəbiristanlıqlarını ziyarət etmişdilər. Məhz bu məqamda Ermənistan ordusu tərəfindən girov götürülən hər iki şəxs uzun müddətdir ki, işgəncələr altında girovluqda saxlanılır. Tək günahları isə budur ki, hər iki şəxs ata-anasının, doğmalarının məzarlarını ziyarət etmək istəyiblər. Sizcə, hansı dində qəbir ziyarət etmək cinayət sayılır? Özü də heç bir sərhəd qanununu pozmayaraq, vətəndaşı olduğu öz dövlətinin ərazisində.

Bu günə qədər beynəlxalq təşkilatların çoxsaylı müraciətlərinə baxmayaraq, bu günahsız insanları azad etmək mümkün olmayıb. Yaxın zamanlarda isə siz onların girov saxlandığı Ermənistana səfər edəcəksiniz. Bilin ki, Yerevan küçələrində addımlayanda hər iki şəxsin imdad (yalvarış) dolu baxışları sizi hər dəqiqə, anbaan izləyəcək. Sizə uzatdıqları əllərindən tutub o bataqlıqdan çıxarılacaqlarını gözləyəcəklər. Bu səbəbdən sizə müraciət edirəm ki, xristian dünyasının bir lideri olaraq hər iki azərbaycanlının, adi, mülki insanın girovluqdan, əsirlikdən azadlığa buraxılmasını tələb edəsiniz. Əminəm ki, bu səfəriniz zamanı iki günahsız insanı ölümdən, girovluqdan azad etsəniz, bütün insanlıq sizin əllərinizdən öpəcək. Bu yolda Tanrı köməyiniz olsun”.

Dünya dini liderlərinin münaqişələrin həllində sülhpərvər mövqedən çıxış etmələri, həmrəylik nümayiş etdirib birgə fəaliyyət göstərmələri, əsir və girovların azad olunmasında səylərini birləşdirmələri görünən haldır. Dəfələrlə şahidi olmuşuq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə istər Ümumrusiya Patriarxı Kirillə, istərsə də erməni katalikosu Qaraginlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb, Qarabağ müharibəsinin gedişatında, həmçinin atəşkəs dövründə əsir və ya girov götürülmüş insanların azad edilməsi istiqamətində müsbət nəticələr əldə edib. Əslən Kəlbəcərdən olan soydaşlarımızın erməni girovluğundan azad edilməsi isə sanki daşa dirənib. Belə bir şəraitdə azərbaycanlı jurnalistin birbaş Roma Papasına müraciəti maraq doğurur və həm də ümid işığını gücləndirir. Görəsən, jurnalistin Roma Papasına müraciəti soydaşlarımızı girovluqdan xilas edəcəkmi?

Ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsini daim diqqət mərkəzində saxlayan millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında Eldəniz Elgünün xeyirxah bir addım atdığını dedi:

- Eldəniz Elgün Roma Papasının ədalətinə və xeyirxahlığına ümid edərək belə bir addım atıb. Bu, çox təqdirəlayiq bir işdir. Hamımız bilirik ki, xristian aləmində, xristian icmasında, onların bütün həyat tərzi və adət-ənənələrində kilsənin müstəsna rolu var. Bilirik ki, ta qədim zamanlardan ən çətin, qəliz məsələlərin həllində kilsənin sözü əsas sayılıb, kilsənin əmrləri ilə hərəkət edilib. İndi də eyni vəziyyətdir. Baxmayaraq ki, Qərb dövlətləri demokratik dövlət quruluşuna malikdir, dünyəvi dövlət qaydaları ilə idarə olunurlar, yenə də əhəmiyyətli məsələlərdə kilsənin rəyi öyrənilir və ona uyğun hərəkət edilir. İşğalçı Ermənistanda da həmişə belə olub. Sovet vaxtı da ermənilər katalikoslarının, keşişlərinin dediyi ilə oturub-dururdular, indi də. Ermənistanda hər adamı keşişliyə qəbul etmirlər. Keşiş olmağın əsas şərti o insanın məhz türklərə nifrət bəsləmələridir. Nifrətin qədəri nə qədər çox olsa, həmin insan dini ierarxiyada bir o qədər tez "ucalır”. Uzağa getməyək, aprel döyüşlərində əli silahlı erməni keşişlərinin fotoları yayıldı. Hamımız bunu da bilirik ki, erməni katalikosu Xocalı faciəsinə "xeyir-dua” vermişdi. Bir din xadimi ki, günahsız insanların, məhz türk millətinə mənsubluqlarına görə qətlinə fərman versin, bu adamlardan nə gözləmək olar? Jurnalistin müraciətini də Roma Papası necə qarşılacayaq, bu qalır onun hansı insani keyfiyyətlərə malik olmasına. Roma Papası dindaşlarına müraciət edə bilər ki, saysız cinayətlər törətmisiniz, işğalçılıqdan daha əl çəkin, milyonlarla insanın faciəsinə səbəb olmayın, günahsız insanları azad edin... Papa istəsə, üstün mövqeyindən istifadə edib günahsız insanların azadlığına nail olar. Yenə də biz ümid edirik. Eldəniz Elgün də bu ümidlə Roma Papasına müraciət edib. Baxıb görəcəyik, Papanın mövqeyini.

E.Məmmədov din xadimlərinin barışdırıcı, sülhpərvər mövqedən çıxış etməli olduqlarını da xatırlatdı:

- Şeyxülislam Allahşükür Paşazadə əsir və girovların qaytarılması məsələsində həmişə vasitəçi olub. Şahbazla Dilqəmin azad edilməsi üçün də müraciət etdi, amma xeyri olmadı. Siz diqqət edin, girov saxlanılan soydaşlarımızdan biri Rusiya vətəndaşıdır. Amma Rusiya öz vətəndaşının azad edilməsi üçün heç bir səy göstərmir. Sual olunur, Dilqəm Əsgərov milliyyətcə rus olsaydı, Rusiya bu mövqeni sərgiləyərdimi? Biz dəfələrlə şahidi olmuşuq ki, Rusiya hökuməti milliyyətcə rus olan vətəndaşlarından ötrü nələr edib, hətta çoxillik dostluq və əməkdaşlıq münasibətləri olan ölkələrlə əlaqələrini də heçə sayıb. Bəs necə olur ki, bir vətəndaşının girovluqdan azad edilməsi üçün öz vassalı olan ölkəyə təsir göstərmir? Dilqəm Əsgərov azərbaycanlıdır, ona görə.

E.Məmmədov Eldəniz Elgünün Roma Papasına müraciətinin ürəkdən gələn, saf bir niyyət olduğunu da dedi:

- Jurnalist qardaşımız ürəyindən keçəni edib ki, bəlkə onların taleyində bir dönüş yarandı. Ümid edək.

Məlahət Rzayeva