
“Jurnalistlər, saytlar o pulu tapsınlar, soxsunlar gözlərinə”
Aşıq Azərə dəstək ümidi ilə Məhərrəm Qasımlıya telefon açdıq, cavabı bizi şok elədi“Azər Xanlaroğlu nə Alim Qasımov deyil, nə də Ədalət Nəsibov deyil ki, ona görə müraciət ünvanlayaq”

Aşıq Azərin səhhətinin ağırlaşması onun ailə üzvlərinin ciddi narahatlığına səbəb olub. Bir çox müalicələrə baxmayaraq aşığın vəziyyətini yüngülləşdirmək mümkün olmayıb. Bir tək çarə Türkiyədə 100 min dollar məbləğ tələb edən əməliyyatdır ki, Azərin də buna imkanı yoxdur. Artıq xeyli müddətdir mətbuatda aşığa dəstək olmaq üçün imkanlı insanlara, sənətçilərə müraciət ünvanlanıb. Ancaq o məbləği düzəltmək mümkün olmayıb.
Yalnız bir dəfə sənət dostlarının təşəbbüsü ilə aşıq Azərə dəstək olmaq üçün xeyriyyə konserti keçirilib. Həmin konsertdən əldə olunan gəlir də aşıq Azərə çatdırılıb. Azərin dediyinə görə, həmin məbləği müalicəsinə xərcləsə də, vəziyyəti hələ də ağır olaraq qalır.
Ötən gün Aşıq Azər dövlət başçısına da mətbuat vasitəsilə müraciət edərək kömək istədi.
Bəs Aşıqlar Birliyi bu məsələdə aşıq Azərə nə dərəcədə dəstək ola bilir? Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı ilə əlaqə yaradıb söhbət etmək qərarına gəldik. "Şərq”ə müsahibə verən Məhərrəm Qasımlının cavabı sözün həqiqi mənasında bizi təəssüfləndirdi. Belə ki, Aşıqlar Birliyinin sədri funksiyasını yerinə yetirən Məhərrəm Qasımlı çox soyuqqanlı şəkildə aşıq Azərin xəstəliyinə reaksiya bildirdi: "Aşıq Azərin xəstəliyindən xəbərim var. Amma Aşıqlar Birliyi nə edə bilər ki? Saytlar, mətbuat Aşıqlar Birliyi barədə yazanda gülməli rəqəmdən danışırlar. Aşıqlar Birliyinin 1 milyon büdcəsi var. O büdcədən 60 min manat Aşıq Azərə verilsin. Jurnalistlər, saytlar Aşıqlar Birliyinin büdcəsində olan o pulu tapsınlar, soxsunlar gözlərinə. Bizim o qədər pulumuz hardandı? Qaldı Azərə yardıma, mən özüm şəxsi büdcəmdən ona yardım etmişəm. Aşıq Azərin səhhətindən Səhiyyə Nazirliyinin də xəbəri var. Onlar gücləri çatanı yəqin ki, ediblər. Aşıq Azərin böyük istedadı olduğunu da qəbul edirəm, bunu heç kim dana bilməz. Ürəyim də ona yanır. Amma bu məsələnin həllində mənim səlahiyyətim yoxdu. Mən Azərlə də danışmışam, demişəm ki, "sən birdəfəlik mətbuata bir məlumat ver ki, mən sənə kömək etmişəm”, mənim yaxamdan əl çəksinlər. De ki, bir də mətbuat məni narahat etməsin! Mənim artıq səbrim qalmayıb ki, jurnalistlərin suallarına cavab verim. O xəstədi, Allah canına dəyməsin, mən nə edə bilərəm?” deyə əsəblərini cilovlaya bilmədi. Mətbuatı da ağ yuyub, qara sərdi ki, niyə ondan əl çəkmirlər. Məhərrəm Qasımlıya sual verdik ki, İctimai Birliyin sədri olaraq bəlkə ölkə başçısına müraciət edəsiz ki, aşıq Azərin əməliyyatı üçün kömək olunsun. Məhərrəm Qasımlının sualımıza cavabı bizi şoka saldı. Məhərrəm Qasımlı "Mən kiməm ki, Azərin xəstəliyinə görə müraciət edim” deyəndə onun yadına salmağa çalışdıq ki, ən azı Aşıqlar Birliyinin sədrisən, yəni loru dildə desək, aşıqların indiki zamanda "atası” sayılırsan. Hərçənd aşıqların atası olmaq o qədər də asan missiya deyil. Bu vəzifədə oturmaq olar, amma aşıqlara ağsaqqallıq edib, onların dərdinə yanmaq hər insanın gücünə sığmaz.
Məhərrəm Qasımlı "Aşıqlar Birliyinin, bir çox aşıqların, sənətkarların adından ölkə başçısına bəlkə müraciət ünvanlayasız” deyəndə, qəribə, məntiqə sığmayan cavabı oldu: "Hər şeyin bir qaydası, qanunu var. Hər insana görə Prezidentə müraciət etmək olmaz. Bu, qanuna ziddi. Axı mən niyə Azərə görə Prezidentə müraciət edim ki? Azər istedadlı aşıqdı. Amma indiki halda o statusa sahib deyil ki, onun üçün Prezidentə müraciət edim. Azər Xanlaroğlu nə Alim Qasımov deyil, nə də Ədalət Nəsibov deyil ki, ona görə müraciət ünvanlayaq. Onun sənət titulları imkan vermir ki, Prezidentə məktub ünvanlayaq ki, Azərə kömək olsun. O, Ədalət Nəsibov olsaydı, Aşıqlar Birliyi müraciət ünvanlaya bilərdi, bu məsələni rəsmi qurumların qarşısında qaldıra bilərdi. İndi hansı qanunla bunu edə bilərəm ki? Onun səhhəti ilə millət vəkili Qənirə Paşayeva da maraqlanıb, lazımi yerlərə məlumat verib. Qənirə xanımın ona kömək etməyə gücü çatmırsa, mən nə edə bilərəm? Aşıqlar Birliyi statusu olan sənətkara görə Prezidentə müraciət edə bilər. Mənim buna haqqım yoxdu axı”.
Həqiqətən sözün bitdiyi bir məqamdı. Belə çıxır ki, Aşıqlar Birliyinin sədri üçün insan faktoru qətiyyən önəm daşımır. Onun üçün statusu olan şəxs, fəxri adı olan sənətkar faktoru əsas meyardı. İki övladı olan atanın çarəsizliyi də qətiyyən maraqlı deyil. Əsas odu, məktub, müraciət ünvanlamaq üçün statusa sahib olasan. Məhərrəm Qasımlıya isə sualımız budur. Hörmətli Aşıqlar Birliyinin sədri, xəstə bir insana yardım etmək üçün müraciət etmək qanun pozuntusu sayılırmı? Bunun üçün kimdənsə icazə almağa ehtiyac varmı? Kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşları bərabər hüquqludur. Demək ki, statusundan, tutduğu mövqeyindən və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın ölkə başçısına müraciət etməyə, haqqı var.
Aşıqlar Birliyinin bu qədər soyuqqanlı şəkildə belə bir münasibəti isə insanda ancaq təəssüf hissi doğurur.
Allah bizə yar olsun! Alim Qasımov, Ədalət Nəsibov kimi statusu olmayan insanlar isə çalışsınlar ki, ağır xəstəliyə tutulmasınlar!
Tahirə Məmmədqızı