Kağız qıtlığının səbəbi: "Qiymətlərdə dəyişiklik olacaq" - Bahalaşacaq ?

"Ölkədə hələ də kağız qıtlığı var”.
Bunu "Sherg.az”a "Yeni Müsavat"ın baş direktoru Ələsgər Süleymanov deyib. 
O vurğulayıb ki, bunun əsas səbəbi zamanında sifarişlərin verilməməsi, kağızın gətirilməsinin təmin edilməməsidir:
"Bunu isə onunla əlaqələndirirlər ki, ilin əvvəlində qiymətlərdə dəyişiklik olacaq. Azərbaycana kağız əsasən Rusiya və Ukraynadan gətirilir. Həmin ölkələrdə zavodda qiymətlərin artırılması müzakirə mövzusu olduğundan qəzet kağızını ölkəyə gətirən bəzi iş adamları istehsalçı ilə qiymətdə razılığa gələ bilməyiblər. Vaxtında pul köçürülmədiyindən mal gəlib, çıxmayıb. Araya Yeni il qarışıb və bayramdan sonra kağız qıtlığı ciddi sıxıntı yaradıb. Bu, hələ də davam edir.
"Yeni Müsavat”ın bugünkü nömrəsi bir qədər kiçik həcmdə çap edildi. Qəzet həftədə 6 gün işıq üzü görür və 5 nömrəsi Azərbaycan Nəşriyyatında dərc edilir. Qalan bir gün isə özəl mətbəələrdə yayım edirik. Azərbaycan Nəşriyyatında bir qədər kağız ehtiyatı olduğundan o qədər problem yaşanmır, lakin özəl mətbəələrdə bu baxımdan ciddi sıxıntı var.
Bu həftə Azərbaycan Nəşriyyatında qəzet dərc olunacaq. Gələn həftəyə qədər isə ölkəyə kağızın gətiriləcəyi gözlənilir. Bununla qıtlıq nisbətən aradan qalxacaq. Amma özəl müəssisələrdə problem qalır. Ona görə, bu mətbəələrdə dərc olunan qəzetlər ən yaxşı halda format dəyişikliyi ilə işıq üzü görəcək”.
Qeyd edək ki, kağızın qıtlığı ilə əlaqədar yanvarın 7-də ölkədə fəaliyyət göstərən qəzetlərin çapında problem yaşanıb. Bildirilir ki, bəzi qəzetlər yarı tirajla çap olunub, bəziləri isə ümumiyyətlə çapa gedə bilməyib.
Aysel Aslan