Kartof və taxıl sahələrini dolu vurdu

Bu kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsinə səbəb olacaq
“Bizim təklifimiz ondan ibarət idi ki, boyu balaca olan taxıl sortlarından daha çox istifadə olunsun. Bu zaman intensiv yağış və külək olanda həmin sortlar yatmır”


Son günlər ölkə ərazisində anomal hava şəraiti hökm sürür. Torpağa yağıntının artıq düşməsi, dolu düşməsi kəndlini narahat etməyə başlayıb. Bir yandan əkilən bitkiləri xəstəlik vurur, digər yandan da tarla işləri ləngiyir.

Mütəxəssislərin qənaətincə, intensiv yağıntıların və dolunun düşməsi kənd təsərrüfatı bitkilərinin əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Kənd Təsərrüfatı Nazirliyi hava şəraitinin kəskin pisləşməsilə bağlı yerlərdə kənd təsərrütafına dəyən ziyanla bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, mayın 23-ü yağan güclü dolu Ağdam rayonunun Əfətlili, Qaradağlı, Zərgişalı, Çəmənli, Əhmədağalı, Qərvənd kəndlərinin ərazisindəki təsərrüfatlara ziyan vurub: "Hazırda yerli fövqəladə hallar komissiyası araşdırmalar aparır, dəyən ziyanın nəticələri müəyyənləşdirilir. Məlum olub ki, əsasən taxıl sahələrinə, həmçinin arpa sahəsinə, meyvəçilik və tərəvəzçiliyə ziyan dəyib. Daşkəsən rayonunda yağan dolu səbəbiylə taxıl sahələrinə, 60 hektara yaxın kartof sahəsinə ziyan dəyib. Şəmkir rayonunun Tatarlı, Hacıalılı, Zəyəm kəndlərində də kartof və taxıl sahələrinə müəyyən qədər ziyan dəyib. Eyni zamanda Tovuz rayonunda tərəvəz, xüsusilə də kartof sahələrinə ziyan dəyib”. M.Hacıyev təsərrüfatlara dəyən ziyanın ümumi məhsul istehsalına ciddi təsiri olmayacağını qeyd edib: "Təsərrüfatlara dəyən ziyan ümumi məhsul istehsalına təsir etməyəcək. Hər hansı qıtlıq və bahalıq gözlənilmir. Hansı fermerlər ki, sahələrini sığortalayıb, dəyən ziyan sığorta şirkəti tərəfindən ödəniləcək”.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov da təsdiq edib ki, Ağdamda və qərb rayonlarında yağıntının miqdarının normadan artıq olması, dolu düşməsi səbəbindən bir sıra təsərrüfat sahələrinə ciddi ziyan dəyib. Xüsusən də, kartof və taxıl sahələrinə təsirsiz ötüşməyib. Taxılı yatırıb. Son illərdə mütəmadi olaraq bu cür hadisələrin şahidi olduğumuzu vurğulayan ekspert deyib ki, bunun qarşısını almaq, fəsadlardan sığortalanmaq üçün müəyyən tədbirlər həyata keçirmək lazım idi: "Əvvəla, dolunu neytrallaşdıran toplar var. Həmin toplar vasitəsilə buz parçaları yağış halına salınır. Dolu neytrallaşdırıldıqda isə yağışdan təsərrüfat sahələri bir o qədər ziyan çəkmirlər. Son 15-20 ildə iqlim dəyişikliyi ilə bağlı hökumətə mesajlar ünvanlayırdıq ki, onun gətirəcəyi fəsadlardan sığortalanmaq, riskləri azaltmaq lazımdır. Konkret olaraq, taxıl sahələrinin qorunmasına gəldikdə isə bizim təklifimiz ondan ibarət idi ki, boyu balaca olan taxıl sortlarından daha çox istifadə olunsun. Bu zaman intensiv yağış və külək olanda həmin sortlar yatmır. İndiyə qədər baş verən zərərlərin masştabı bir o qədər böyük olmasa da, gələcəkdə təsərrüfatımıza dəyəcək böyük miqyaslı zərərlərdən də sığortalanmamışıq. Hesab edirəm ki, forsmajor hadisələrdən sığortalanmaq üçün hökumət mütləq qabaqlayıcı tədbirlər görməlidir”.

Şəymən