Kasıbların günü qara oldu...

Köhnə mallar bitdi, yeni məhsullar isə bahadır
“Aprel ayının ümumi bazarlığı ilə iyun ayında edilmiş bazarlıq xərci arasında 17-20 manat artım var”


Marketlərdə yeni bahalaşma dalğası müşahidə olunur. Alış-veriş üçün paytaxt super-marketlərinə gedən vətəndaşlar gündəlik tələbat mallarının qiymətindəki artımın gözəçarpan olduğunu deyirlər. Bahalaşma un və makaron məmulatları, şirniyyat, şokolad məhsulları, süd və süd məhsullarında hiss edilir.

Məsələn, 1,37 qəpiklik kəsmikli pendir 1,80 qəpiyə, 70 qəpiklik şokolad 1,30 qəpiyə, çəki ilə satılan şokolad konfetlərin qiyməti 8.50-dən 11 manatadək artıb. Vətəndaş qiymət artımını aylıq ailə büdcəsinin sərfində də hiss edir. Aprel ayının ümumi bazarlığı ilə iyun ayında edilmiş bazarlıq xərci arasında 17-20 manat artım var. Hətta tələbə qızlar da vəziyyətdən şikayətçidir. Birgə kirayə həyatı yaşayan tələbələr bir-iki ay öncə həftəlik bazarlıq üçün adambaşına 3 manatdan pul topladıqlarını və bu məbləğlə həftəlik dolanışıqlarını təmin edə bildiklərini, indi isə hətta 5 manatdan pul yığılsa da, ümumi məbləğin həftəlik bazarlığa yetmədiyini bildirirlər.

Məlumdur ki, manatın növbəti devalvasiyasından sonra hökumət süni qiymət artımının qarşısının alınması məqsədilə ciddi tədbirlər gördü. İri super-marketlərdə, bazarlarda monitorinqlər aparıldı və süni qiymət artımına cəhdlərin qarşısı müəyyən qədər alındı. Lakin son iki ayda sahibkarlar və işbazların gizli-gizli, səssizcə qiymət artımı etdikləri görünür. Deyəsən, marketlər yoxlamaların səngiməsindən istifadə edirlər. "Altdan-altdan” qiymətləri qaldırırlar. Marketə, mağazaya daxil olan vətəndaş da dünən bir qiymətə aldığı məhsulu bu gün fərqli - artırılmış qiymətə gördükdə təəccüb və heyrət edir ki, bir gecədə bu qiymətə nə gəldi belə?!

İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında qiymət artımının baş verdiyini təsdiqlədi:

- Bəli, müəyyən dərəcədə qiymət artımı müşahidə olunur. Əsasən də, xarici ölkələrdən gətirilən mal və məhsullarda. Bura nəinki qida məhsulları, həmçinin məişət malları, geyimlər də daxildir. Məsələn, yuyucu tozlar, qab şampunlarının qiymətində artım var. Bunun birinci səbəbi odur ki, birinci və ikinci devalvasiyadan sonra ölkədə müəyyən qədər mal və məhsullar vardı, hökumətin tələbi ilə qiymətlərin yüksək həddə qalxmasının qarşısı alındı, köhnə malların qiymətində çox da artım olmadı. Ancaq iqtisadiyyatda qiymət sabitliyini inzibati metodlarla uzun müddət saxlamaq mümkün deyil və biz də bunun bir daha şahidi olduq. Köhnə mallar, anbarlardakı ehtiyatlar bitdi və ölkəyə gətirilən yeni məhsullar da təbii olaraq yeni qiymətlərlə satılmağa başlandı. Çünki başqa cür mümkün deyil. Sahibkar məhsulunu aldığı qiymətdən aşağı satası deyil. Digər səbəb, gömrük sistemində şəffaflığın təmin edilməsidir. Əvvəllər iş adamları ölkəyə gətirdikləri məhsulun tamamını rəsmiləşdirmirdi, müəyyən vasitələrlə malın bir qisminin rəsmiləşdirilməmiş ölkəyə keçirilməsinə nail olurdu, bu səbəbdən qiymətlərdə bir qədər güzəştlər edə bilirdilər. Amma gömrük sistemində tam şəffaflıq təmin edildiyindən, artıq heç bir məhsul qeydiyyatsız ölkəyə keçirilmir. Bütün mal və məhsullar gömrükdə rəsmiləşdirilir. 15 faiz rüsum, üstəgəl, 18 faiz ƏDV, ümumi rüsum xərcləri 33-36 faiz edir ki, bu da iş adamlarını faktiki qiymət artımına getmək məcburiyyətində qoyur. Son həftədə dollar-manat məzənnəsində az da olsa oynama müşahidə edilir. Bu da iş adamlarını ehtiyatlı davranmağa vadar edir. İş adamları bu vəziyyətdən də yararlanmağa çalışırlar. Nəticə etibarilə biz hamımız bunun təsirini bazarlıq edərkən görürük.

İqtisadçı, qiymətlərdəki artımı təbii proses hesab edir və çıxış yolunu hökumətin atacağı addımlarda görür:

- Bütün bu sadalanan səbəblər qiymət artımını qaçılmaz edir. Lap Antiinhisar Departamenti monitorinqlər aparsa da, nəzarəti gücləndirsə də, xeyri olmayacaq. Bahalaşmanın qarşısını almağın yolu gömrük və vergi güzəştləri tətbiq etməkdir, amma hökumət hələ ki, buna getmir.

Məlahət Rzayeva