Numan Kurtulmuş:"Türkiyə Azərbaycanda turizmin inkişafı üçün lazımi dəstəyi göstərir. Yaxın zamanlarda Bakıya səfər edib həmkarım Əbülfəs Qarayevlə görüşəcəm, bəzi məsələlər ətrafında müzakirələr aparacağıq"
"Türkiyənin Kastamonu şəhəri Türk Dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu münasibətlə Kastamonuda açılış törəni keçirilib. Mərasimdən öncə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş səhər yeməyində jurnalistlərlə görüşüb və süfrə ətrafında onların suallarını cavablandırıb".
Bu barədə "Sherg.az"a "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı məlumat verib.
Xəbərə əsasən 2012-ci ildən bu yana Türksoyun təqdimatı ilə 6 şəhərin Türk Dünyası mədəniyyət paytaxtı elan olunduğunu xatırladan N.Kurtulmuş görülən tədbirlərdən söz açıb. O, Türksoyun mədəniyyətlə bağlı keçirdiyi tədbirlərin tarixi əhəmiyyətini vurğulayaraq bildirib ki, Türksoy bir növ Türk dünyasının YUNESKOsudur".
Bundan başqa məlumatda o da bildirilir ki, N.Kurtulmuş Kastamonunun 7 min illik tarixi olduğunu və heç vaxt işğala məruz qalmadığını deyib. Və bu 7 min illik tarixin min ilinin türk müsəlman mədəniyyəti ilə bağlılığını qeyd edən N.Kurtulmuş Kastamonanın bu statusa mənəvi baxımdan haqqı olduğunu diqqətə çatdırıb. Kastamonunun istiqlal savaşında göstərdiyi şücaətə toxunan N.Kurtulmuş hazırda da Türkiyənin istiqlal və Çanaqqala kimi savaş apardığını söyləyib.
Həmçinin Türkiyə Silahlı Qüvvələrinin Afrindəki hərbi əməliyyatlarına toxunan nazir bu hərbi əməliyyatların istiqlal və Çanaqqala savaşlarından heç nə ilə fərqlənmədiyini və həmin savaşların davamı olduğunu qeyd edib.
Eyni zamanda N.Kurtulmuş azərbaycanlı jurnalistlərin bir neçə sualını da cavablandırıb və o, Azərbaycanı qardaş, dost ölkə adlandırıb. Bu iki dövləti eyni tarixi soy-kökə, mədəniyyətə malik olduğunu, münasibətlərin isə yüksək səviyyədə və bənzəri olmadığını vurğulayıb. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin mədəni, iqtisadi və siyasi əhəmiyyətini yüksək qiymətləndirən türkiyəli nazir bildirib ki, bu layihənin əhəmiyyəti getdikcə artacaq:
"Bakı-Tbilisi-Qars layihəsi bizim üçün xoş məramlı görünsə də, kimlər üçünsə qorxunc oldu. Ona görə, adıçəkilən layihə heç də asan başa gəlmədi".
Azərbaycanda turizmin inkişafı üçün Türkiyənin lazımi dəstək göstərdiyini bildirən N.Kurtulmuş yaxın zamanlarda ölkəmizə səfər edib həmkarı Əbülfəs Qarayevlə görüşəcəyini və bəzi məsələlər ətrafında müzakirələr aparacağını deyib. N.Kurtulmuşun mətbuat konfransından sonra Kastamonunun Türk Dünyasının mədəniyyət paytaxtı elan olunması mərasimi keçirilib. Açılış mərasimində Türksoyun prezidenti Düsen Kaseinov da iştirak edib. AKP-nin Kastamonudan seçilmiş üç millət vəkili və Kastamonu valisi çıxış edib fikirlərini çatdırıblar.
Mərasimin sonunda N.Kurtulmuş geniş nitq söyləyərək Kastamonunun mədəniyyət paytaxtı seçilməsini şərtləndirən səbəblər və bir il müddətində planlaşdırılan tədbirlərdən danışıb. Açılış mərasimində Türk Dünyasının müxtəlif yerlərindən gəlmiş sənətkarların konserti də keçirilib.
Ayyət Əhməd