ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib. Kerri Tbilisidə xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb və Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib. Dövlət katibi vurğulayıb ki, Rusiya Gürcüstana, qondarma Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilə edərkən buna qarşı heç nə edilməyib, sanksiyalar tətbiq olunmayıb:
"Corc Buş administrasiyasının Rusiya-Gürcüstan müharibəsinə aktiv reaksiya vermədi. Biz hakimiyyətə gələndə Ukrayna münaqişəsi başladı və Vaşinqton Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Açıq şəkildə bildirdik ki, Rusiya hərbi müdaxiləyə görə cavab verəcək. Lakin Avropada bəziləri sanksiyaları dayandırmaq istəyir”.
Xatırladaq ki, Con Kerrinin təmsil etdiyi Obama administrasiyasının hakimiyyətdən getməsinə bir həftə qalıb. Yeni prezidentin fəaliyyətə başlamasına az vaxt qalmış Kerrinin Gürcüstana səfəri və burada Rusiya əleyhinə mesajlar verməsi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Amerika rəsmisinin
Gürcüstana ani səfəri ilə bağlı Sherg.az danışan siyasi elmlər doktoru Cümşüd Nuriyev sonuncu prezident seçkisinin nəticəsini xatırladıb.
Ekspert bəyan edib ki, ABŞ-ın "dərin dövləti” indiyə qədər belə biyabırçı məğlubiyyətə uğramamışdı:
"Dərin dövlətin nümayəndələri Amerikanın başına Hillari Klintonu gətirmək istəyirdilər. Çalışırdılar ki, ABŞ-ın gələcək hökuməti də indiki rejim kimi Yaxın və Orta Şərqdə işğal və talançılıqla məşğul olsun. Bölgənin tarixi mədəniyyət abidələrini məhv etsin və milli sərvətlərini ölkəyə daşısın. Amma Donald Trampın gözlənilməz qələbəsi gizli güclərin layihələrini alt-üst etdi. Məlumdur ki, bunların başında beynəlxalq siyasətin mühüm aktoru sayılan Rokfeller ailəsi durur. ABŞ-ın "dərin dövləti”ni də maliyyələşdirən həmin ailədir. Obama kim idi ki?! İndi həmin komanda Rokfellerə axıra qədər sadiq qaldığını göstərməyə çalışır”.
Politoloqun sözlərinə görə, Kerrinin Gürcüstana gəlməsində məqsəd münasibətləri qızışdırmaqdır:
"Gürcüstan hazırda Qafqazda keçid statusunda olan, daha doğrusu iqtisadi dəhliz rolunu oynayan bir dövlətdir. Bu baxımdan Gürcüstana təzyiqlər edilir. Ona görə də Kerri xarici işlər nazirinin birinci müavini səviyyəsində qəbul olundu. Çünki orada əksəriyyət Saakaşvilinin komandasında olan adamlardır. Saakaşvili Ukrayna fiaskosundan sonra Gürcüstanda da məğlubiyyətə uğrayıb. Artıq onun partiyasında ciddi istefalar müşahidə olunmaqdadır. Bütün bunların fonunda Kerri sonuncu vəzifəsini icra etmək üçün Tbilisiyə yollanıb.
Əsəs məqsəd Rusiya ilə Vaşinqtonu üz-üzə qoymaqdır. 2008-ci ildə bunu etdilər və uduzdular. İndi yenidən bu məsələni gündəmə gətirirlər. Ancaq inanmıram ki, Gürcüstan bu işə qol qoysun. İstənilən halda Obama administrasiyası çalışır ki, yeni prezident Tramp üçün daha çox problem qoyub getsin. Ona görə də bacardıqları qədər qalan müddət ərzində səy göstərəcəklər”.
C.Nuriyev bildirib ki, ABŞ bu məsələlərə çoxdan hazırlaşır:
"Amerikanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Corc Fridmanın "Yaxın yüz il” və "Yaxın on il” adlı kitabları var. Həmin kitablarda əksini tapan layihələr arasında Gürcüstan və Azərbaycan da yer alıb. Layihənin əsas məqsədi bölgədə Rusiyanın qarşısını almaq üçün bufer zona yaratmaq və gələcəkdə Şimali Qafqazda 6 dövlət qurmaqdır. Əslində Qərbin niyyəti Şimali Qafqazdakı müsəlman toplumları bir-birinə qırdırmaqdır. Ola bilsin, Kerri layihə ilə bağlı axırıncı tapşırıqlarını verməyə gəlib”.
İsmayıl