Kirayə evlərin qiyməti az da olsa bahalaşıb

Adətən ilin bu vaxtı daşınmaz əmlak bazarında canlanma müşahidə olunur



Ali məktəblərin və orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinə seçim də artıq başa çatdı və tələbə adını qazananlar bir-iki günə bəlli olacaq. Bu vəziyyət paytaxtın kirayə mənzil bazarında canlanmaya səbəb olub. Valideynlər artıq kirayə mənzil axtarışına çıxıblar. Adətən ilin bu vaxtı daşınmaz əmlak bazarında qiymət artımının başlanğıcı da hesab olunur. Kirayə mənzillərin artan qiyməti alqı-satqıda da qiymət artımını şərtləndirir. Bu dəfə də istisna deyil. Kirayə bazarındakı vəziyyəti öyrənənlər az da olsa qiymət artımının hiss edildiyini bildirir.

Məlumdur ki, tələbə adını qazananlar qalacaqları mənzilin təhsil alacaqları ali məktəbin, ya da, heç olmasa metronun hansısa bir stansiyasının yaxınlığında olmasını əsas hədəf seçirlər. Təbiidir. Yollarda vaxt itirməmək üçün bu, ən sərfəli variantdır. Mənzil dəllalları da, elə bu səbəbdən ali məktəblərin və metrostansiyaların yaxınlığındakı mənzillərin qiymətini qaldırmağa başlayır.

Belədə valideynlər hətta təmirsiz, nisbətən aşağı şəraitli, hətta köhnə mebelli mənzillərlə də razılaşırlar, təki qiymətdə endirim olsun.

Modern.az saytının əməkdaşı "Neftçilər” metrostansiyası yaxınlığındakı "Ev bazarı”nda kirayə mənzillərin qiymətləri ilə maraqlanıb. Məlum olub ki, son 1 həftə ərzində kirayələrlə bağlı müraciətlər artmağa başlayıb. Qiymətlərsə otaqların sayına görə dəyişir. Metronun "Gənclik” stansiyasının yaxınlığında 1 otaqlı mənzilin kirayə haqqı 300-350 manat, 2 otaqlınınkı isə 400-500 manatdır. "Elmlər Akademiyası”nda isə 1 otaqlı mənzil 250-300 manata, 2 otaqlı 300-380 manata kirayəyə verilir.

"Qara Qarayev”, "Neftçilər”, "Əhmədli” metrostansiyaları ərazisində evlərin qiyməti şəhərin mərkəzinə nisbətən bir qədər aşağıdır.

Bəzi valideynlər məcburiyyət qarşısında 1-2 aylığına mənzil kirayələyir, dərs ilinin başlanmasını, övladlarının özünə dost, rəfiqə tapmasını gözləyir ki, sonra uşaqlar 3-4 nəfərə bir ev tutsunlar. Belədə mənzil haqqı bölündüyündən, bu, hamıya sərfəlidir.

Maklerlər avqustun sonları, sentyabrın əvvəllərində kirayə mənzil bazarında canlanmanın daha da artacağını və bunun ümumilikdə qiymətlərə də təsir göstərəcəyini istisna etmirlər.

"MBA Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov da hesab edir ki, payız mövsümündən etibarən mənzil alqı-satqı bazarında artım müşahidə ediləcək.

Onun sözlərinə görə, uzun müddətdən sonra qiymətlərdə cüzi artım hiss olunmağa başlayıb. Daşınmaz əmlak bazarında qiymət artımına ümumilikdə kommersiya obyektləri, eləcə də mənzil və obyektlərin kirayə bazarındakı qiymət artımı təsir edir.

N.İbrahimov qeyd edib: "Kommersiya obyektləri bazarında iyul ayında qiymətlər 3,61 faiz artıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 16,8 az, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 20,16 faiz azdır. Mənzillərin kirayə bazarında isə qiymətlər 1,2, obyektlərin kirayəsi bazarında isə 7,82 faiz artıb.

N.İbrahimov həmçinin vurğulayıb ki, yay aylarında həmişə əmlak bazarında qiymətlərdə azalma müşahidə olunur. Lakin payız aylarından başlayaraq nisbi artım gözlənilir.

Məlahət Rzayeva