Kirayə verilən mənzillərdən vergi tutulacaq

Ekspertlər bununla büdcəyə xeyli vəsait daxil olacağını güman edirlər
“Amma vergi dərəcələri bir qədər aşağı salınmalıdır ki, bu sahədə canlanma olsun”


Bakıda kirayə verilən mənzillərdən vergi tutulacaq. Artıq bununla bağlı rayon icra hakimiyyətlərinə xüsusi tapşırıq verilib. Məlumata görə, hazırda icra hakimiyyətləri tərəfindən kirayə verilən mənzillərin siyahısı hazırlanır. Mənzillərin siyahıya alınması yerli icra hakimiyyətlərinin göstərişi ilə sahə polisi tərəfindən həyata keçirilir. Mütəxəssislər hesab edirlər ki, kirayə verilən evlərdən vergi tutulması kirayə haqlarının bahalaşmasına gətirib çıxaracaq.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Vergilər Nazirliyi bununla bağlı Nazirlər Kabinetinə (NK) təklif irəli sürüb. NK-nın müvafiq qərarından sonra mənzillərini kirayəyə verən şəxslər təlimata uyğun olaraq fiziki şəxs kimi VÖEN açdırmalı və 22 faiz civarında vergi ödəməlidir.

Hazırda Bakıda yaşayanların təxminən 30 faizinin kirayədə qaldığını söyləyən iqtisadçı-ekspert İldırım Qurbanov "Şərq”ə bildirib ki, ümumi hesablamada ev sahiblərindən vergi tutulmasından büdcəyə xeyli vəsait daxil ediləcəyi güman edilir: "Bakıda mənzillərin orta kirayə haqqı 300-500 manatdır. Bu isə il ərzində əldə olunan gəlir baxımından kiçik qazanc hesab edilmir”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, daşınmaz əmlakla məşğul olan qurumların vergiyə cəlb olunması məqbul haldır: "Amma vergi dərəcələri bir qədər aşağı salınmalıdır ki, bu sahədə canlanma olsun. Baxın, indi dərs ərəfəsidir. Amma sentyabr ayında kirayə bazarında canlanma olacaq. Tələbələr Bakıya axışacaq. Belə olan halda kirayə verənlərdən vergi tutularsa, onlar da kirayə haqqını qaldıracaqlar. Nəticədə yenə ziyan kasıba dəyəcək. Bir növ tələbənin cibinə girəcəklər”.

İ.Qurbanov qeyd edib ki, kirayə verənlər kirayənişinlərlə fərdi qaydada müqavilə bağlayırsa, vergi ödəməlidir: "Baxın, elə adamlar var ki, evinin həyətində çoxsaylı otaqlar tikib, kirayə verir. Amma vergidən yayınır. Heç bir yerdə işləmir. Həyətində tikdirdiyi gecəqonduları kirayə verib, külli miqdarda vəsait əldə edir. Əlbəttə, onlardan vergi alınmalıdır. Ona görə də kirayə verənlərə verginin tətbiq edilməsini müsbət dəyərləndirirəm”.

Ekspert diqqətə çatdırıb ki, bu vergilər kirayə verilən mənzilin sahəsinə və yerləşmə yerinə uyğun hesablanacaq: "Eyni zamanda mərkəzdə yerləşən mənzillə şəhər ətrafında yerləşən mənzil arasında ödəniş fərqi olmalıdır. Bu, mütləqdir”.

Ayyət Əhməd