“Kişi qısqanar da, lazım gələndə iradını da bildirər”

Gülyanaq Məmmədova: “İnsan özünə qadağalar qoymağı bacarmalıdır”“Mən sənətçi olsam da, ailəm, övladlarım var. Onları mütləq düşünməliyəm”
Xalq artisti Gülyanaq Məmmədova sənət aləmində olan sükutu yeni layihəsi ilə pozmağa qərar verib. Xeyli vaxtdı yeni layihə üzərində çalışan xalq artisti bu günlərdə yeni klipini təqdim etməyə hazırlaşır. Bu barədə "Şərq”ə açıqlama verən sənətkar sənət aləmindəki səssizliyini pozacağını qeyd etdi...
- Gülyanaq xanım, uzun illərdi səhnədəsiz. Bacılar bu illər ərzində qalmaqallardan necə qaça biliblər?
- Qalmaqal sənət olmayanda istifadə olunan vasitə sayıla bilər. Mən belə düşünürəm. Sənəti olan qalmaqalı özünə yaraşdırmaz. Bir də mən özümü şou-biznesin içində görmürəm. Düzdü, toylara gedirəm, verilişlərdə iştirak edirəm. Amma bunları da edəndə çalışıram ki, o aləmdə olan kimsəylə sözüm çəp gəlməsin.
- Mərasimlərdə müğənnilərlə bir araya gəlirsiz. Sizi görəndə narahat olanlar yəqin ki olur...
- Biz bacımla 20 ildi səhnədəyik. Kimsəyə paxıllıq etməmişik. Heç kimin arxasından danışmamışıq. Bəlkə də ona görə söz-söhbətlərdən uzaq olmuşuq. Mən toya gedirəm, hörmətlə toyumu yola verirəm. Tərəf-müqabillərim də orda varsa, imkan yaradıram ki, ifalarını təqdim etsinlər. Əgər mənim varlığım kimisə narahat edirsə, ya da səsim kimisə qorxudursa, bu artıq həmin müğənninin öz probleminə çevrilir. Bilirsiz, mən ailəmdə də sadə həyat tərzi yaşayıram. Ailəm, bir də sənətim mənim üçün daha önəmlidir.
- Həyat yoldaşınız sizə məhdudiyyətlər qoyurmu?
- Mən onun xasiyyətini bilirəm, nələri sevib-sevmədiyini də bildiyim üçün heç vaxt problemimiz olmayıb. Bir də insan özü-özünə müəyyən qadağalar qoymağı bacarmalıdı. Mən sənətçi olsam da, ailəm, övladlarım var. Onları mütləq düşünməliyəm. Həyat yoldaşım əksinə, mənə bu illər ərzində dəstək olmasaydı, bəlkə də bugünkü yerə gəlib çata bilməzdim. Sənət aləmində qadın kimi fəaliyyət göstərmək o qədər asan deyil. Amma səni hiss edən, sənə dəstək olan ailən varsa, bütün çətinliklərə gücün çatır. O məni tanıyır deyə heç vaxt böyük qısqanclıqların şahidi olmamışam. Təbii ki, ailənin başında duran yoldaşımdı. Kişi qısqanar da, lazım gələndə iradını bildirər də. Amma mən onun qısqanclığına əsas verəcək addım atmıramsa, niyə problem yaransın ki?
- Səhnə, ev, ailə, uşaqlar... Bunların hamısına zaman ayırmağı necə çatdırırsız?
- Yalandan deyim ki, uşaqların qulluğunu tuturam, evdə hər gün yemək bişirirəm, yalançı olaram. Çox vaxt çəkilişlərdə, tədbirlərdə, toylarda oluram. Ona görə də ev işləri ilə məşğul ola bilmirəm. Qayınanam dəstək olur. Yoldaşım kömək edir. Evdə köməkçimiz var. Həyat yoldaşım deyir ki, sən sənətinlə məşğul ol, yaradıcılığına diqqət yetir.
- Deyəsən, bu günlərdə yeni klipinizi təqdim edəcəksiz?
- Bəli, yeni bir klip hazırlamışıq. İnşallah, tamaşaçılar da bəyənər. Uzun müddətdi klip çəkdirmirdik. Bu gün belə bir layihəyə ehtiyac hiss etdim. Ümid edirəm ki, sevilərək izlənəcək.
Tahirə