Kiyev döyüş poliqonuna çevriləcək

“Qərb bunu istəmir. Avropanı qorxuya salan budur”



Dünən Belarusiyanın paytaxtı Minskdə Rusiya, Ukrayna, Fransa prezidentləri və Almaniya kansleri bir araya gəliblər. "Şərq” qəzeti "fr.euronews.com”a istinadən xəbər verir ki, görüşdə Moskva və Kiyev arasındakı gərginliyin yoluna qoyulmasına dair hazırlanan sülh sazişi əsas müzakirə mövzusu olub.

Və liderlər böhranın aradan qaldırılmasının vacib olduğunu söyləyiblər. Bu arada qeyd edək ki, liderlərin görüşündən öncə Kiyev təmsilçiləri ilə separatçıların rəhbərləri arasında danışıqlar baş tutub. Onlar münaqişənin yoluna qoyulması barədə təkliflərini səsləndiriblər. Bildiriblər ki, hərbi və siyasi meyarlara söykənən təkliflər məsələnin həlli üçün bir şans ola bilər”.
Liderlərin Minsk toplantısını şərh edən politoloq Elxan Mehdiyev "Şərq”ə söyləyib ki, münaqişə hələ davam edəcək. Çünki tərəflərin baxışları eyni nöqtəyə yönəlmir: "Sadəcə, barışığa getmək təklifləri var. Bu aralar atəşkəs bərpa ola bilər. Amma sonra döyüşlər yenidən alovlanacaq”.

Avropanın narahatlığına diqqət çəkən ekspert hesab edir ki, rəsmi Vaşinqton Ukrayna ordusunu silahlandıracaqsa, Kiyev döyüş poliqonuna çevriləcək: "Təsəvvür edin ki, Ukrayna torpaqlarında Rusiya ilə ABŞ arasında qanlı toqquşmalar yaşanacaq. Qərb bunu istəmir. Avropanı qorxuya salan budur”.

Ayyət Əhməd