Köçürmənin iqtisadi səmərəsi var

Məktəblərin birləşdirilməsi müəllimləri yox, məktəb rəhbərliyini işsiz qoyacaq



Bakı şəhəri üzrə Təhsil İdarəsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması çərçivəsində tədbirləri davam etdirir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil İdarəsinin tabeliyindəki 2 məktəb - 133 və 150 nömrəli tam orta məktəblər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyinə birləşdirilib.

Belə ki, 2011-ci ildə əsaslı təmir olunmuş 133 nömrəli tam orta məktəb 400 şagird yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir. Həmin ildə əsaslı təmir olunmuş 150 nömrəli tam orta məktəb isə 800 şagird yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər təşkil edir.

Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü məktəblərin birləşdiriləcəyi təqdirdə müəllimlərin yox, məktəb rəhbərliyinin işsiz qaldığını bildirib: "Məktəblərin birləşdirilməsini düzgün layihə hesab edirəm. Doğrudan da, elə məktəblər var ki, onların ayrıca fəaliyyət göstərməsi həm iqtisadi, həm də fiziki cəhətdən qeyri-mümkündür. Müəllimlərin işsiz qalmasına gəlincə, düşünürəm ki, məktəblərin birləşməsi həm də müəllimlərin attestasiyası və təqaüdə çıxmalı olan müəllimlərin yola salınması ilə müşahidə olunacaq. Burada daha çox işsiz qalma təhlükəsi ilə üzləşən məktəb rəhbərlikləridir. Bilirik ki, hər bir məktəbdə 5-6 nəfərdən ibarət rəhbər heyət var. Məktəblər birləşərsə, siniflərin sayı birləşmiş məktəblərdə olduğu kimi qalacaq. Tutaq ki, bir məktəbin 500 nəfər, digər məktəbin 300 nəfər şagirdi varsa, həmin o 300 nəfərlik məktəb öz heyəti ilə 500 nəfərlik məktəbə köçürüləcək. Müəllimlər də avtomatik olaraq həmin məktəbə gedəcək. Düşünmürəm ki, çox sayda müəllim heyəti işsiz qalsın. Ümumiyyətlə, Azərbaycanda müəllim çatışmazlığı var. İstər şəhərlərdə, istərsə də kəndlərdə düzgün planlaşdırma olsa, buna uyğun da müəllimlər yerləşdiriləcək. Təqaüd yaş həddi çatmamış və attestasiyadan keçmiş müəllimlər planlaşdırmaya uyğun olaraq işlə təmin ediləcəklər. Əgər burada azsaylı şagirdləri olan siniflərin birləşdirilməsindən söhbət gedərsə, müəllimlərin çatışmadığı onlarla rayon və kəndlər var ki, planlaşdırma əsasında müəllimlər həmin bölgələrə yerləşdirilməlidir”.

Şəymən