“Köhnə avtomobillər problem deyil”
“Bakının təmizliyinə, sakinlərin ümumi davranışlarına diqqət yönəltməliyik”
Avropa Olimpiya Oyunlarına hazırlaşan Bakıda, şəhərin ümumi görünüşünün də qayğısına qalırlar. Bir çox yaşayış binasının fasad hissələri abadlaşdırılır, üzlük daşlar vurulur, küçələr, yollar, parklar təmir edilir, yaşıllaşdırma işləri aparılır. Bununla belə hələ də görüləsi çox iş var. İlk Avropa Olimpiya Oyunlarına hazırlıq mərhələsində köhnə avtomobillərin küçələrdən yığışdırılması da gündəmə gəlib.
Millət vəkili Fərəc Quliyev bildirib ki, köhnə avtomobillər şəhərdən yığışdırılmalıdır. Doğrudur, millət vəkili bunun yolunu da göstərib və deyib ki, avtomobil sahiblərinə sərfəli kredit şərtləri ilə yeni avtomobillər verilməlidir. O, bir sıra ölkələrdə bu təcrübənin həyata keçirildiyini söyləyib.
Məsələni qeyri-aktual saymaq olmaz. Amma indiki məqamda hər yaramız sağalıb, bircə köhnə avtomobil problemimiz qalır məgər?! Bir də ki, sovet istehsalı köhnə avtomobillər onsuz da xaricilərin gözünü yağır edəcək qədər çox deyil. Köhnə avtomobillərin sahibləri mərkəzi küçələrə gedəsi də deyil. Yerlərini bilirlər. Bir örnək; məsələn, 39 saylı marşrutda köhnə mikroavtobuslar işlədiyi üçün onlara Parlament prospektindən keçməyə icazə verilmir. Keçmiş 20 saylı məktəbin həndəvərində dolanıb təkrar Yasamala qayıdırlar.
Bir də ki, xaricilərə xoş görünməyin yolu, hər cür əyər-əskiyi gizlətməkdirmi? Bu lap, yuxarıda bəhs etdiyimiz binaların fasadının üzlənməsinə, işıqlandırılma sistemlərinin quraşdırılmasına bənzəyir. Birdən hansısa əcnəbi yolunu azıb binanın həyətinə daxil olsa, necə?! İç tərəfdən binaların bərbad halda olduğunu görməyəcəkmi? Bəlkə hansısa əcnəbinin yolu Binəqədi rayonundan, Suraxanı rayonundan, ya da Yasamalın tinlərindən düşdü. Oralardakı bərbad yolları görəndə nə fikirləşəcək? Bəlkə idman yarışları keçirilən günlərdə yağış yağdı və paytaxtın yolları dənizə döndü (çünki bu labüddür - red.). Məsələn, Babək prospektindəki körpünün altında hələ də su gölməçəsi qurumayıb. Baxmayaraq ki, son yağıntılar iyirmi gün əvvəl olmuşdu. Oradan keçən əcnəbinin beynində bu sual yaranmazmı ki, görəsən bu su körpünün altında "nə gəzir?!”. Belə məsələləri bizimkilər heç fikirləşmir. Əcnəbinin "maralkeçməz” yollarda nə işi var?! Otursun, oturduğu yerdə. Harda, hansı mehmanxanada otaq verilibsə, orda da qalsın, yarışa gələndə minsin təzə, bəzəkli-düzəkli avtobuslara, yarışda qabiliyyətini göstərsin, dincəlmək istəyəndə də getsin Bulvara - Dənizkənarı Milli Parka. Orda hər yer gözəldi.
Şəhərin Avropa Olimpiya Oyunlarına hazırlıq mərhələsindən danışan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli infrastrukturla bağlı hələ çox işlərin görülməli olduğunu dedi:
- İlk növbədə gərək böyük layihələr başa çatdırılsın. Hələ bəzi stadionların tikintisi ilə bağlı işlər yekunlaşmayıb. Ancaq mən əminəm ki, Avropa Oyunlarına qədər bütün işlər yekunlaşacaq. Çünki hər şey hesablanıb. Bundan əlavə şəhərin infrastrukturu ilə bağlı çox işlər görülməlidir. Yolların təmiri, küçələrin abadlaşması, tıxac problemi və s. Hazırda günorta saat 1-lə 2 arası və axşam saatlarında yollarda hərəkət etmək çox çətindir. Amma artıq məlumdur ki, Avropa Oyunları ilə bağlı orta məktəblərdə dərslər tez yekunlaşacaq, ali məktəblərə də tövsiyə olunub ki, imtahan sessiyasını tez yekunlaşdırsınlar. Mayın 31-dək bütün tədris və imtahan prosesi başa çatmalıdır. Bu da yollardakı yüklənməni əməlli-başlı aradan qaldıracaq. Çalışmalıyıq ki, şəhərimiz təmiz, abad olsun. Sakinlər də təmizliyə riayət etməlidirlər. Necə ki, adamın evinə qonaq gələndə, çalışır ki, evi təmiz olsun, Bakı da hamımızın ümumi evidir. Gərək onu təmiz saxlayaq, zibilləməyək. Köhnə avtomobillərə gəlincə, hesab edirəm ki, bu elə də ciddi məsələ deyil. Köhnə avtomobillər çoxluq təşkil etmir. Məncə, köhnə avtomobillər şəhərin ümumi görünüşünə xələl gətirəcək dərəcədə çox deyil. Qaldı ki, ümumiyyətlə, bu problemin həllinə, bəli, köhnə avtomobillərin əvəzinə yenilərinin verilməsi təcrübəsi var, amma avtomobil istehsalçısı ölkələrdə. Məsələn, Rusiyada bu təcrübədən istifadə olunur. Avtomobil zavodları yeni istehsal etdikləri avtomobilləri əhaliyə ucuz qiymətə, sərfəli lizinq şərtləri ilə satırlar, köhnələri isə alırlar. Azərbaycan büdcəsi üçün mən hələ ki, bu variantı məqbul saymıram. Bu, büdcəyə ziyan vura bilər. Köhnə avtomobillər, görüntü hələ bir yana qalsın, ekologiyaya ziyan vururlar. Gərək həmin avtomobillərin texniki baxışdan keçirilməsinə icazə verilməsin. Amma bunlar zaman-zaman həll olunası məsələlərdir. Əhalinin aztəminatlı hissəsini, gəlirləri də nəzərə almaq lazımdır. Məcburi şəkildə bunu etmək olmaz. Sadəcə, sərfəli şərtlər irəli sürülə bilər. O da ki, dövlət büdcəsi imkan verdiyi halda. Biz şəhərin təmizliyinə, sakinlərin ümumi davranış tərzinə diqqət etməliyik, köhnə avtomobillər problem deyil. Məlumdur, bu dəqiqə gərginlik yaşanır. Bakı "Avroviziya”ya ev sahibliyi edəndə də belə idi. Amma hər şey yaxşı olacaq.
Məlahət Rzayeva