Köhnə dostlar düşmənə çevrilir?

2019-cu il Türkiyə üçün sonuncu sınaq ilidir
Əgər Abdullah Gül, ya da Əhməd Davudoğlu prezidentliyə namizədliklərini irəli sürsələr, bu, onların siyasi və mənəvi məhvi olacaq




Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yeni partiya yaratmağa hazırlaşan sabiq prezident Abdullah Gülün ünvanına sərt sözlər deyib. Hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edən prezident konkret ad çəkməsə də, hədəfinin A.Gül olduğunu bəlli edib.

Ərdoğan ölkədə baş verən hadisələrə səssiz qalan, referenduma qarşı kampaniya aparanların indi söz deməyə haqları olmadığını söyləyib. Ölkə başçısı sələfi Gülü nəzərdə tutaraq "Keçmişdə partiyamızda bir damın altında olub indi kənarda başqa havalarda gəzənlərin partiyamız barədə söz deməyə haqqı yoxdur” ifadəsini işlədib. Ərdoğan onu da vurğulayıb ki, AKP-dəki birliyi korlamağa çalışanlar artıq bu karvanın səmimi yolçuları deyillər və karvandan geri qalanlar düşdükləri yerdə qalacaqlar: "Biz öz yolumuzla gedəcəyik. Əsas işimiz səhv etməmək, əvvəlki xətalardan dərs götürməkdir. Partiyamıza zərər verə biləcək iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”. Məlumdur ki, qardaş ölkədə yaşanan son siyasi olaylarda sabiq prezident Abdullah Gülün adı da hallanır. Bəzi qüvvələr onun adından istifadə edərək yenidən namizəd olacağı iddiasını ortaya atdılar. 

Amma bir qədər susqunluqdan sonra eks prezident açıqlama verərək belə bir niyyətinin olmadığını dilə gətirdi. Lakin Abdullah Gül baş verən proseslərlə bağlı narahatlıq duyduğunu söylədi və FETÖ-çülərlə bağlı verilən qərarların sərt olduğuna işarə etdi. Bunun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək "lazım olan anda səssiz qalanların indi danışmağa haqqının olmadığını” söylədi. Bəziləri bunu köhnə dostlar arasındakı ziddiyyət, qarşıdurma kimi dəyərləndirdilər. Digərləri isə mövcud şəraiti nəzərə alaraq Ərdoğanı haqlı saydılar. Xatırladaq ki, ötən gün MHP başqanı Dövlət Baxçalı da Abdullah Gülü təmkinli olmağa səsləmişdi.

Türkiyədə yaşanan proseslərlə bağlı "Şərq”ə fikirlərini bölüşən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, əgər 2019-cu ildə Abdullah Gül, ya da Əhməd Davudoğlu prezidentliyə namizədliklərini irəli sürsələr, bu, onların siyasi və mənəvi məhvi olacaq: 

"Gülün və Davudoğlunun adından spekulyasiyalar prezident seçkilərinə qədər davam edəcək. Artıq Abdullah Gül bu haqda narahatlığını da bildirib. Əslində, iki keçmiş dost - Ərdoğan və Gülün münasibətləri çoxdan pozulub və getdikcə gərginləşməkdədir. Ümid edirik, Gül, ya Davudoğlu xarici qüvvələrin təsirinə düşüb, kamalistlər, Fetöçülər və PKK-çılarla birləşib milli hakimiyyət quran AKP-yə və onun lideri Ərdoğana qarşı çıxmayacaqlar. Ümumiyyətlə, 2019-cu il qardaş ölkə Türkiyə üçün sınma nöqtəsi, axırıncı sınaq olacaq. Əgər Türkiyə bu axırıncı aşırımdan da keçərsə, CHP, FETÖ və PKK tarix arxivinin zibilliyinə atılacaq”.

İsmayıl