Komissarın söylədikləri mənasız açıqlamalardır

Avropa İttifaqı öz tərkibində müsəlman dövlətini görməyi arzulamır


Avropa İttifaqı və Türkiyə arasında əməkdaşlığın yeni formatı müəyyən edilməlidir. Bu fikri Avropa İttifaqının komissarı Yohannes Han səsləndirib.

Komissar bildirib ki, hazırkı vəziyyət nə Türkiyə, nə də Avropa üçün davam deyil və münasibətlərin yenidən dəyərləndirilməsinə ehtiyac var. Onun fikrincə, gömrük ittifaqı və assosiasiya sazişində dəyişikliklər aparılması təklifləri nəzərdən keçirilə bilər. Komissar Han Avropa İttifaqı və Türkiyə arasında üzvlük danışıqlarının mümkünlüyünü qeyd edib. Han həftənin cümə günü Maltada keçiriləcək Aİ ölkələrinin toplantısında bu məsələni müzakirəyə çıxaracağını deyib. 

Avropa-Türkiyə əlaqələri ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Qərb təşkilatları Türkiyənin Avropa Birliyinə girməsini birmənalı şəkildə istəmirlər. 

Ekspert bildirib ki, Avropa İttifaqının bəzi nümayəndələri vaxtaşırı müsbət fikirlər söyləyir, ümidverici açıqlamalar verirlər: 

"Ancaq bu o anlama gəlmir ki, Qərbin Türkiyəyə qarşı mövqeyi, rəyi bütövlükdə dəyişib. Türkiyəni Avropa Birliyində görmək istəyənlərin sayı, görmək istəməyənlərin sayından xeyli azdır. Orada strateji ana xətt ondan ibarətdir ki, "Türkiyə Aİ-nin heç qəbul otağına belə girə bilməsin”. Avropa rəsmiləri tərəfindən səsləndirilən "dinlərarası dialoqun davam etdirilməsi, fərqli dinlərin biri-birindən qidalanması” kimi fikirlər qulağa xoş gələn sözlərdir. Amma reallıq odur ki, Avropa İttifaqı öz tərkibində müsəlman dövlətini görməyi arzulamır. Çünki hesab edirlər ki, Avropa Birliyi ancaq aparıcı və xristian Qərb dövlətləri üçündür”. 

Ekspertin fikrincə, Türkiyənin Qərbi təmsil edən NATO-da yer alması məsələsi tamamilə istisnadır: 
"ABŞ soyuq müharibə dövründən bu yana hərbi blok vasitəsi ilə Rusiyadan Çinə qədər bütün müttəfiqləri ilə əlaqə yaradır. Zaman-zaman Türkiyənin NATO-dan çıxma ehtimalı gündəmə gəlsə də, Qərb heç vaxt buna imkan vermir. Çünki Türkiyənin bloku tərk etməsi bölgədə ciddi boşluğa səbəb olar. Bir sözlə, NATO-da Türkiyəyə ehtiyac duyulsa da, Avropa Birliyində lazımlı hesab olunmur”.

İsmayıl