Kommunal xidmətdə qiymətlər gec-tez artırılacaq

Qalib Toğrul: “Bu müəssisələrin hamısı qeyri-şəffaf idarə olunur, ictimai vəsaitlərin xərclənməsi ilə bağlı hesabatlılıq yoxdur”



Nazirlər Kabineti qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edib.
Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)
siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.

"Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin sözlərinə
görə, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun
qiymətinin yenidən formalaşdırılmasına imkan verəcək”. Əvvəllər 1 kub metr isti su üçün 40
qəpik müəyyən edildiyini qeyd edən R.Əliyev may ayında soyuq suyun tarifləri müəyyənləşənə
qədər soyuq suyu 1 manata aldıqlarını deyib: "May ayında isə "Azərsu” ASC-nin müraciəti
əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan
şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik
müəyyənləşdi. Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan qaz, enerji
xərclərini hesablayıb yeni qiymət müəyyənləşdirəcəyik. Yeni qiymət yaxın günlərdə
müəyyənləşərək ictimaiyyətə açıqlanacaq. Yeni qiymət istilik təchizatının fəaliyyətinin
sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata
çevrilsin”.
Sözügedən dəyişikliyi "Şərq”ə şərh edən iqtisadçı-ekspert Qalib Toğrulun sözlərinə görə,
"Azəristiliktəchizat” və kommunal xidmətlər göstərən digər dövlət müəssisələri gec-tez
qiymətləri qaldıracaqlar. İndiki idarəetmə fəlsəfəsinin ilə alternativ variant olmadığını
vurğulayan ekspert deyib ki, bu müəssisələrin hamısı qeyri-şəffaf idarə olunur, ictimai
vəsaitlərin xərclənməsi ilə bağlı hesabatlılıq yoxdur: 

"Ona görə də kommunal xidmətlər sahəsində böyük islahatlara ehtiyac var. Bu müəssisələr mütləq konsessiya müqaviləsi əsasında uzunmüddətli istifadə üçün özəl sektora verilməlidir. Və seçim prosesi şəffaf həyata keçirilməli, daha sonra həmin müəssisələrdə korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Dövlət bu yolla büdcənin yükünü azalda, eyni zamanda özəl sektor tərəfdən kommunal xidmətlər sektoruna investisiya qoyuluşu cəlb etməklə xidmətlərin keyfiyyətini yüksəldə, texniki baxımdan modernləşmə apara bilər”.

Qiymətlərin artırılmasının qaçılmaz olduğunu deyən Q.Toğrulun sözlərinə görə, 2017-ci ilin
büdcəsi əvvəlki dotasiya yükünü qaldırmağa qadir deyil: 

"Üstəlik, hesabatlılıq olmadığına görə biz bilmirik ki, əhalidən daxil olan xidmət haqları real olaraq xərclərin neçə faizini kompensasiya edir. Təbii ki, qiymət artımı onsuz da sosial baxımdan müdafiəsi sarsılmış, alıcılıq qabiliyyəti kəskin aşağı düşmüş əhaliyə böyük zərbə olacaq”.

Şəymən