Kredit borclarının amnistiyasına getmək olar
Komitə sədri: “Bu amnistiya hansı hallara, kimlərə şamil olunacaq araşdırılmalı və dəqiqləşməlidir”
Bakıda keçirilən bank forumunda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)
Direktorlar Şurasının sədri Rüfət Aslanlının dediyinə görə, Azərbaycanda əvvəlki illər ərzində
kommersiya bankları üçün minimal kapital tələbinin artırılması bank sektorunu daha ciddi
problemlərdən qoruyub: "Ölkədə baş verən proseslər nəticəsində banklar ciddi kapital itkiləri ilə üzləşib. Bankların kapitallaşması, "maliyyə yastığı” əhəmiyyətli itkilərə məruz qalıb.
Əgər bundan əvvəl Azərbaycan Mərkəzi Bankı tərəfindən banklara kapital tələbi 5 qat
artırılmasa idi, biz sektorda daha ciddi problemlərlə üzləşə bilərdik”. Kommersiya banklarında
dollarlaşmanın yüksək həddə çatdığını vurğulayan MBNP rəhbəri deyib ki, bu hədd əvvəl
depozitlərdə 83 faizə qədər çatmışdı, indi isə 80 faizdə qərarlaşıb: "Bankların kredit portfelinin
yarısını təşkil edən xarici valyuta kreditlərinin xidmət haqqı ikiqat artdı, manatda qeyri-işlək
kreditlər artdı”.
R.Aslanlının sözlərinə görə, son 15 ildə Azərbaycanda intensiv diversifikasiya siyasəti həyata
keçirilir: "Qeyri-neft sektoru ÜDM-nin 65 faizə çatıb, iqtisadi aktivlik coğrafi olaraq şaxələnir.
Bu həm də dövlətin gəlirliyinin artmasını təmin edir. Şaxələndirmə siyasətinin qısa müddətdə
-15 il ərzində həyata keçirilməsi səbəbindən iqtisadi rifahın enerji daşıyıcılarından tam azad
edilməsinə hələ ki, nail olmamışıq”.
Dövlət bu proseslərdən kənara çəkilə bilər
Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtardıqlarını deyən
R.Aslanlının sözlərinə görə, bu gün 11 bank üzrə Fond tərəfindən 710 milyon manat məbləğindəvəsait ödənilib, təxminən 45 mln. manata qədər vəsait ödənişini gözləyir: "Bu ödəniş 130 min
əmanətçiyə ödənilməlidir. Fondun bu öhdəliyi yerinə yetirmək üçün bu gün kifayət qədər likvid
vəsaitləri var. Dövlət zəmanəti ilə Fonda kredit verilib. Lakin bu kreditlər Fond və ümumilikdə
bank industriyasının hökumət və Mərkəzi Bank qarşısında öhdəliyidir”.
Dövlətin proseslərdən kənara çəkiləcəyi vaxta da aydınlıq gətirən Palata sədri deyib ki, Fond
kifayət qədər kapitallaşdırıldıqdan sonra restrukturizasiya prosesi tamamlanmış bank sektoruna
və əhaliyə dəqiq siqnal verilməlidir.
"Biz əmanətlərin sığortalanması sistemini kapitallaşdırdıqdan və öhdəlikləri yerinə yetirmək
üçün kifayət qədər maliyyə dayanıqlığına malik olduqdan sonra dövlət bu proseslərdən kənara
çəkilə bilər”.
Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix bəlli oldu
"Sağlam, dayanıqlı və effektiv maliyyə-bank sektorunun yaradılması üçün strategiyamız davam
edir”- deyən sədrin sözlərinə görə, ilk növbədə bank sektorunun dayanıqlılığının təmin edilməsi
üçün restrukturizasiya proseslərinin qısa müddətdə tamamlanması və sektorun kapitallaşdırılması
prosesinə nöqtə qoyulması hədəflənib: "Bu prosesləri ilin sonu, növbəti ilin ilk ayları ərzində
tamamlamağı planlaşdırırıq. Hazırda sağlamlaşdırma prosesində olan sistem əhəmiyyətli yeganə
bank olan "Azərbaycan Beynəlxalq Bankı”nın 2017-ci ildən özəlləşdirilməyə hazırlanması
prosesinin başa çatdırılmasına hədəflənmişik. Dövlət bankı olduğundan Maliyyə Nazirliyi ilə
intensiv danışıqlar aparırıq. Hədəfimiz bankın idarəolunan ölçüyə gətirilərək 2017-ci ilin
əvvəllərində özəlləşdirilməyə açıq elan edilməsidir. Biz özəl və ya dövlət, yerli və ya xarici
investor olmağından asılı olmayaraq sektorun 40 faizinə malik olan bankın bazarda qalmasını
dayanıqlılığa çox ciddi təhdid hesab edirik. Bu bankı kimin özəlləşdirməsindən asılı olmayaraq,
bu, bank sektoru üçün təhdid yaratmayacaq ölçüyə gəlməlidir. Bu barədə bizim həm hökumətlə,
həm də bank menecmenti ilə konsensusumuz var və bu istiqamətdə müvafiq işlər aparılır”.
Bank sektorunu sağlamlaşdırmaq üçün real sektorla sıx əlaqədə olmalıyıq
Bank forumunda söz alan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Ziyad Səmədzadə isə hesab edir ki, bankların borc probleminin gələcəyə qalmaması üçün
monitorinq aparılmalıdır: "Banklara inam artırılmalıdır. Parlamentə bununla bağlı minlərlə
müraciət daxil olur. İnsanlar çətin vəziyyətə düşüblər. Bu iki qrup arasında ünsiyyət yaratmasaq,
çətinliyimiz olacaq. Bir konsensusa gəlməliyik, monitorinq aparılmalıdır - hansı hallarda
borcların amnistiyası mümkün ola bilər. Bu problem gələcəyə qalmamalıdır”.
Millət vəkili həmçinin bankların sağlamlaşdırılması üçün real imkanların çox olduğunu da qeyd
edib: "Bankların rayon şöbələri yaradılmalıdır. Bir bank işçisinin yaradılması kifayət qədər
böyük məbləğə başa gəlir. Bunların birdən ixtisar edilməsi məni bir iqtisadçı kimi düşündürür.
Onlar haqqında fikirləşmək lazımdır. Bank sektorunu sağlamlaşdırmaq üçün real sektorla sıx
əlaqədə olmalıyıq. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti real iqtisadiyyata
yönəldilməlidir”.
... xahiş edirəm, banklar belə məsələlərə həssas yanaşsınlar
Çıxışında borcların amnistiyası məsələsinə geniş izah verən Z.Səmədzadə hazırda Milli Məclisə
bank müştərilərindən minlərlə məktub gəldiyini deyib. Onun sözlərinə görə, banklara borcu
olanlar kreditlərini ödəyə bilmirlər: "Azərbaycanda bəzi bank müştəriləri üçün kredit amnistiyası
tətbiq olunmalı və banklar həmin müştərilərə güzəştə getməlidirlər. Biz bankların gəlirliyini
araşdırmışıq və hesab edirik ki, onlar kifayət qədər gəlirlə işləyirlər və ona görə də borclarınamnistiya məsələsinə getmək olar”. Ancaq millət vəkili hesab edir ki, bu amnistiya hansı hallara,
kimlərə şamil olunacaq araşdırılmalı və dəqiqləşməlidir. Komitə sədri bankları xüsusilə sərhəd
bölgəsində yaşayan müştərilərə güzəştə getməyə çağırıb: "Əgər kredit götürən şəxs sərhəd
bölgəsində yaşayırsa və onu qaytarmaqla bağlı problemi varsa, xahiş edirəm, banklar belə
məsələlərə həssas yanaşsınlar. Həmin vətəndaşlara güzəştə gedə bilərlərsə, onları tətbiq etsinlər”.
Şəymən