Kreditlərini ödəyə bilmirlər, cəriməni necə ödəyəcəklər?

Ölkədə 100 minlərlə insanı məhkəməyə çəkmək mümkün olmayacaq



Azərbaycanda kredit borcunu ödəməkdən yayınanlar daha sərt cəzalandırılacaq. Artıq saxta müflisləşməyə görə cərimələr artırılır. Milli Məclisdən bildirilib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Məlumat üçün bildirək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir. Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Dəyişikliyi şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə söyləyib ki, ölkəmizdə 2 milyon 3 yüz minə yaxın insanın krediti var. Onların əksəriyyəti isə son zamanlar kredit borclarını ödəyə bilmirlər: "Kreditlərin ödənilməsinə dair ciddi problemlər yaşanır. Ona görə də Azərbaycanda cəzaların sərtləşdirilməsi müsbət effekt verməyəcək. İnsanlar öz kreditini ödəyə bilmirsə, tətbiq olunan cəzaları və cərimələri necə ödəyəcək? Hətta bunu daha da sərtləşdirib həbs cəzasına qədər aparmaq olar. Qanunda bu dəyişikliyi də etmək mümkündür. Amma ölkədə 10 minlərlə,100 minlərlə insanı məhkəməyə çəkmək və yaxud da həbs etmək mümkün olmayacaq. Çünki kredit borcu olanların sayı həddindən artıq çoxdur. Problemli kreditlərin həcmi lap yüksəkdi. Cəzalarla paralel olaraq problemlərin həlli üçün ciddi addımlar atılmasına ehtiyac var. Həm hökumət, həm Mərkəzi Bank, həm də kommersiya bankları və vətəndaşlar öz məsuliyyətlərini anlamalıdırlar. Cəzalar sərtləşməsinə rəğmən banklar kreditləri yığa bilmirsə, bir müddət sonra bankların özlərində ciddi problem yaşanacaq. Dünən "Bank Standart”la bağlı verilmiş qərar da buna sübutdur ki, banklardakı mövcud çətinliklər getdikcə artır. Sonunda bunu dövlət öz hesabına ödəməli olacaq. Nə qədər ki, gec deyil, məsuliyyət bölgüsü aparılmalıdır. Dövlətin, Mərkəzi Bankın, kommersiya banklarının arasında borc məsələsi razılaşma yolu ilə həll olunmalıdır. Yük yalnız bir tərəfin, yəni müştərinin üzərinə düşməməlidir. Məsuliyyət kredit götürənin üzərində qalarsa, bunun effekt verməyəcəyi məlumdur. Vətəndaş krediti qaytara bilmirsə, cəzaların tətbiq olmasının nə mənası olacaq. Yenilikdən heç bir müsbət effekt gözlənilmir”.

Ekspertin qənaətincə, məntiqli yanaşma onu deyir ki, məlum qərar yanlışdır: "Cəzaların artırılması problemi həll etməyəcək. Əksinə, problemləri daha da dərinləşdirəcək. Bu təkliflərin haradan və kimdən gəldiyini dəqiq bilmirəm. Amma dəqiq olan budur ki, belə cəzaları artırmaqla yaşanan böyük problemi həll etmək mümkün olmayacaq. Tam əksinə, problemlər artdıqca, bankların vəziyyəti ağırlaşacaq. Banklar da sistemyaradıcı iqtisadi elementlərdir. Bank sektorunda çətinliklər çoxaldıqca, bankların çöküşü məsələsi gündəmə gələcək. Bankların çökməsindən bütün ölkə iqtisadiyyatı zərər görəcək. Bankların getdikcə batması isə iqtisadiyyatda daha ciddi təlatümlərə səbəb olacaq. Bunu anlamaq o qədər də çətin deyil. Addımın səbəbini qərarı çıxaranlardan soruşsanız, onların cavabı biz ekspertlər üçün də maraqlı olardı”.

Ayyət Əhməd