"Kreditləşmə bərpa olunmasa, bankların əksəriyyəti sıradan çıxacaq"






Son iki ildə manatın dollara nisbətən ucuzlaşması bank sektoruna da təsirsiz ötüşmədi. Banklara külli miqdarda borcu olan müştərilərin əksəriyyəti iqtisadi çətinliyə görə, krediti ödəməyi ya gecikdirirdi, ya da ümumiyyətlə borcu qaytarmaqdan imtina edirdi. İkinci devalvasiyadan sonra banklar bu və digər səbəblərdən vətəndaşlara kredit verməyi dayandırmışdı. Həmçinin, kredit şərtləri də sərtləşdirilmişdi.

Bəzi banklar müştərilərə yenidən kreditlər verməyə, manatla kredit təklifləri etməyə başlayıb. Hətta müştəri cəlb etmək məqsədilə müxtəlif kredit kampaniyaları da həyata keçirilir.

Bəs, bu sahədə yenidən problemlər yarana bilərmi? Yeni kredit sistemi necə qurulmalıdır ki, vətəndaşlar və bank sektoru arasında anlaşılmazlıq yaranmasın?

Son illər bank sistemində ciddi problemlər yaşandığını deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, keçən il kreditləşmə həcmi təxminən 4 milyard manat azaldı. Bu da həm bankların özünə ziyan vurdu, həm də iqtisadi proseslərdə bankların rolunu xeyli dərəcədə azaltdı: "Bankların maliyyə sistemi istənilən iqtisadiyyatın qan-damar sistemini təşkil edir. Əsas məsələ isə problemli kreditlərin həcminin artmasıdır. Yəni banklarda risk menecmenti çox aşağı səviyyədə idi. İki devalvasiyadan sonra problemli kreditlərin həcmi artmağa başladı. Amma banklar da çıxılmaz vəziyyətdə qalıb. Banklar fəaliyyət göstərmək, vəsait qazanmaq və ayaqda qalmaq üçün kreditləşməni yenidən bərpa etməlidirlər ki, ən böyük qazanc yeri olan kredit faizləri hesabına qazanclarını təmin etsinlər. Ona görə də son zamanlar banklarda yenidən kredit kampaniyalarına start verilib”.

İqtisadçının sözlərinə görə, kreditlərin faiz dərəcələri hələ ki yüksəkdir və qısamüddətli kreditlər verilir: "Banklar hələ uzunmüddətli kreditlərə hazır deyil. 1 illik, əgər böyük layihələrdirsə, maksimum 2 illik kreditlər verilir. Əslində dünya təcrübəsində bankların kredit vermə ortalaması təqribən 4-6 il təşkil edir. Bəzi banklarda 10-15 illik kreditlər də mövcuddur. 

Amma Azərbaycanda uzunmüddətli kreditlərə çıxış imkanları məhduddur, bu da biznesə mənfi təsir göstərir. Həmçinin banklar da risk almaq istəmirlər. Əsas istehlak kreditləridir və bir illik müddətinə təklif olunur, faizləri isə yüksəkdir. Bankların başqa çıxış yolları da yoxdur. Kreditləşmə bərpa olunmasa, bankların əksəriyyəti tamamilə sıradan çıxacaq. Amma risklər yenə də yerində qalır.

 Faizlərin yüksək olması ona gətirib çıxara bilər ki, yenidən başlanan kreditləşmə prosesi bir müddət sonra ləngiyə bilər və yaxud yenidən problemli kreditlər kateqoriyasına daxil ola bilər. Ona görə də banklar bu məsələyə daha ciddi yanaşmalıdırlar, əhali məlumatlandırılmalıdır. Bir çox halda vətəndaşlar çıxılmaz vəziyyətdə qalır, oxumadan müqavilələri imzalayırlar. Sonradan problemlər yaşananda isə bank hər zaman haqlı çıxır. 

Vətəndaşlar müqavilələri imzalayarkən diqqətli olmalı və müqavilə şərtləri ilə tanış olarkən gələcəkdə ciddi məsuliyyət qoyacaq şərtlərə imza atmamalıdırlar. Bank sektorundakı bu problemlər həll olunmasa, kredit canlanması bir müddət sonra səngiyə bilər. Ona görə də bankların "sağlamlaşdırılması” prosesi davam etməlidir. Ölkədə kredit faizlərinin aşağı düşməsinə şərait yaranmalıdır ki, iqtisadi canlanmada bankların da rolu artsın və daha uzunmüddətli kreditlərin verilməsi mümkün olsun”.

Yeganə Bayramova