Kürd nazirlər kreslolarına əyləşdilər

Türkiyə isə hələ rahatlıq tapmayıb, PKK-nın bombardman edilməsi Qərb mediasının gündəmindədir




"Türkiyə terrorçuların öz istədiklərini edə biləcəyi ölkə deyil”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramı ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı bildirib. Türkiyə prezidenti PKK yaraqlıları tərəfindən ölkə ərazisində törətdikləri terror hücumlarından danışıb:

"Xalq hər şeyi görür, bunu sosial şəbəkələrdə aparılan müzakirələr də göstərir. Silahlı Qüvvələr, bütün təhlükəsizlik qüvvələri sona kimi terrorizmlə mübarizə aparacaq”. Ərdoğan çıxışı zamanı PKK yaraqlılarına da səslənib: "Terrorçular ya silahı yerə qoymalı, ya da ölkəni tərk etməlidirlər. Heç kəs dinc vətəndaşların həyatına son qoya bilməz. Onlar cəzalandırılacaq və hər şeyə görə cavab verəcəklər”.

AKP özünə müttəfiq tapıb...

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələri ilə Səadət Partiyasının (SP) təmsilçiləri tez-tez görüşür və ciddi müzakirələr aparırlar.

"Vahdet” qəzetinin yazdığına görə, AKP təkbaşına iqtidara gələ bilməyəcəyindən narahatdır. Ona görə də Səadət Partiyası ilə ittifaq yaratması ideyası meydana çıxıb. Xəbərə əsasən, hakim partiyadan Mustafa Şentopla SP-nin sədri Oğuzhan Asiltürk görüşüb. Yazıda qeyd olunub ki, SP-nin keçmiş sədri Rəcai Kutan AKP ilə görüşlərin keçirilməsinə vasitəçilik edir. Ancaq son qərarı partiyanın sədri Oğuzhan Asıltürk verəcək. Hər iki tərəfdə ittifaqın yaradılmasına tərəfdar olanlar var. Məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da məlumatlandırıldığı bildirilib.

HDP-li nazirlər vəzifə başında...

Yeni qurulan müvəqqəti hökumət kabinəsində İnkişaf naziri Müslüm Doğan, Avropa Birliyi naziri isə Ali Haydar Konca oldu. Bu, Türkiyə siyasətində bir ilkdir. Artıq kürd nazirlər öz kreslolarına əyləşib və çəkdikləri fotoları sosial şəbəkədə paylaşıblar. Hər iki nazir ilk qurum işçiləri ilə ilk toplantılarını da keçiriblər. Məlumat üçün deyək ki, Müslüm Doğan Pir Sultan Abdal Dərnəyinin keçmiş başqanı, ələvi toplumunun rəhbərlərindəndir. Doğan işə başlayan gündən etibarən Türkiyədə yaşayan ələvilərin problemlərini ələ alacağını, "cem evlərinin” hüquqi status alması üçün çalışacağını bəyan edib.

Terrorçuların başına pul qoyuldu...

Türkiyədə terrora qarşı mübarizə qanununa uyğun olaraq müvafiq maddə üzrə təqsirləndirilənlərin tutulmasına kömək edənlərə, onların yerini bildirənlərə, yaxud həmin terrorçuların şəxsiyyəti haqda məlumat verənlərə pul mükafatı veriləcək.
Bu haqda ölkənin Daxili İşlər Nazirliyi qərar qəbul edib. Verilən xəbərə görə, mükafatın miqdarı məlumatdan asılı olaraq, Mükafat Komissiyası tərəfindən müəyyənləşdiriləcək. Məbləği 200 min lirədən (72 min manat) artıq olmayacaq.

Terror qruplaşmasının rəhbərləri, yaxud onun cəmiyyətə vuracağı ziyandan asılı olaraq, mükafatın məbləği komissiyanın təqdimatı əsasında Daxili İşlər Nazirliyi tərəfindən 20 dəfəyədək artırıla bilər. Məlumat verənlərin kimliyi gizli saxlanılacaq.

"Türk Ordusu Ərdoğana qarşı çıxdı...”

İngiltərənin "Times” qəzeti sensasion iddia ilə çıxış edib. Qəzetdə "PKK-nın vurulmasına görə, ordu Ərdoğana qarşı qalxdı” başlıqlı yazı dərc olunub. Yazı müəllifi PKK-ya qarşı edilən hücumların AKP hökumətinə qarşı çevrildiyini iddia edib. Məlumatda bildirilir ki, qardaşı Əli Alkanın dəfnində hökuməti sərt tənqid edən polkovnik-leytenant Mehmet Alkan istintaqa çağırılıb. Bundan sonra isə internet üzərindən imza kampaniyası başlanılıb. 150 mindən çox insan kampaniyaya dəstək verərək Alkanı müdafiə edib. Ərdoğan hökumətinin cavabı isə mediaya bu barədə qadağa qoymaq olub. Bununla da AKP seçkidə səs itkisindən özünü sığortalayıb. Məlumat üçün bildirək ki, bir çox Qərb mediası kimi İngiltərənin "Times” qəzeti də PKK-nın bombardman edilməsindən sonra, Ərdoğan hökumətinə qarşı sərt yazılar dərc edib.

İsmayıl