Lamiyənin də ana olmaq haqqı var
Penitensiar Xidmətdən bildirilib ki, məhkum qadının özü haqqında məlumat yayılmasını istəməyib
4 saylı cəzaçəkmə müəssisəsində məhkum Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi hüquq müdafiəçisi ilə Penitensiar Xidmət arasında çəkişmə yaradıb. Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi faktını mətbuat vasitəsilə ictimailəşdirməsinə Penitensiar Xidmətdən sərt reaksiya verilib.
PX hesab edir ki, məhkumun şəxsi həyatının onun istəyi olmadan ictimailəşməsi insan haqlarına ziddir. PX-nin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, cəza çəkən şəxs həyatı barədə məlumatların ictimailəşməsini istəməyib, PX də məhkumun istəyini, onun Azərbaycan qadını olmasını, həmçinin şərəf və ləyaqətinə hörmətlə yanaşaraq məsələni qabartmayıb. Məlumatda o da bildirilir ki, L.Quliyeva qarşı hər hansı zorakılıq faktı qeydə alınmayıb. Məhkumun hamiləliyi müəyyənləşdikdə qaydalara uyğun olaraq həkim nəzarətinə götürülüb, uşaq dünyaya gəldikdən sonra isə cəzaçəkmə müəssisəsində ona xüsusi şərait yaradılıb.
PX məsələni ictimailəşdirən hüquq müdafiəçisininsə, bununla şou yaratmağa cəhd etdiyini bildirir.
Məsələ ilə bağlı əlaqə saxladığımız Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov məhkum L.Quliyeva haqqında məlumatın ictimailəşdirilməsində yalnız bir məqsəd güddüyünü dedi:
- Mənim məqsədim birdir; Lamiyəyə qarşı zorakılıq olub-olmadığını üzə çıxarmaq. Çünki faktlar mənə bunu ehtimal etməyə əsas verir. Məhkum L.Quliyeva 12 ildir ki, məhbus həyatı yaşayır. O, 2003-cü ildə CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunaraq 10 il azadlıqdan məhrumetmə cəzası alıb. Sonra isə CM-nin 317-ci maddəsi ilə (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının) normal fəaliyyətini pozma) ittiham olunub. L.Quliyevanın nişanlısı Vüqar Əliyevə isə ömürlük həbs cəzası verilib və o, Qobustan qapalı təcridxanasında saxlanılır. Əlbəttə, heç kəs L.Quliyevanın ana olmasına qarşı çıxa bilməz. Bu, sırf insan hüquqları məsələsidir və hər bir qadın kimi Lamiyənin də ana olmaq haqqı var. Amma diqqət edək: biz, cəzaçəkmə müəssisəsində cəza çəkən qadından danışırıq. Məni komitə sədri olaraq düşündürən L.Quliyevanın zorlanmaya, işgəncəyə məruz qalıb-qalmamasıdır. Çünki L.Quliyeva ilə nişanlısı V.Əliyev arasında görüşün baş tutması qeyri-mümkündür. L.Quliyevanın cəzasını çəkdiyi 4 saylı müəssisədə rəisi çıxmaq şərtilə nəzarətçilərin hamısı qadındır. L.Quliyeva evli olmayıb, kiminləsə nikaha daxil olmayıb, bəs bu uşaq necə dünyaya gəlib?! Cəzaçəkmə müəssisəsinin qaydalarına görə, qısamüddətli və ya uzunmüddətli görüşlər yalnız rəsmi nikahda olan şəxslər arasında mümkündür. Məhbusun görüşünə valideynləri, yaxın qohumları, dostları gələ bilər, buna icazə var. Amma məhbus qadın və ya kişinin bir yerdə, bir otaqda qalması üçün onların nikahı olmalıdır. Bu detalları nəzərə alaraq mən L.Quliyevanın zorakılığa məruz qaldığını ehtimal edirəm. Ola bilər ki, L.Quliyevaya təzyiq edilib ki, səssiz qalsın, uşağın kimdən dünyaya gəldiyini gizli saxlamaq istədiyini bildirsin. Kimsə ondan zorla ifadə alası deyil. Amma bütün bunların yenə də təzyiq altında baş verdiyini ehtimal etməmək olmur. Bilirsiz, L.Quliyevanın övlad dünyaya gətirdiyini mən təsadüfən komitəyə müraciət etmiş valideynlərdən öyrənmişəm. Bizə müraciət edən valideynlər bu haqda məlumat veriblər. Buna qədərsə həmin hadisə barədə heç bir məlumat olmayıb. Hətta mənə L.Quliyevanın görüşünə gələn bir şəxsin adını da deyiblər, lakin mən hələ ki, bunu açıqlamağı lazım bilmirəm. Gərək fakt olsun. Penitensiar Xidmətsə bildirir ki, məhkum özü məlumatın yayılmasını istəməyib. Qapalı şəraitdə, məhbus həyatı yaşayan, üstəlik, həbs olunduğu zamana qədər kimsə ilə nikaha daxil olmamış gənc bir xanım hamilə qalır və övlad dünyaya gətirirsə və uşağın atası barədə heç bir məlumat verilmirsə, bu şəxsin işgəncəyə və zorlanmaya məruz qalmasını ehtimal etməyə kifayət qədər şübhələr yarana bilər. Bəlkə indi də bu qadına təzyiqlər var ki, danışmasın, sussun. Bəlkə məhkum bu illər ərzində kiminləsə ailə qurub, niyə bu barədə məlumat verilmir? Yəni, mənim şübhələnmək üçün əsaslarım var və mən sırf öz fəaliyyət istiqamətimlə bağlı işin araşdırılmasını tələb edirəm.
E.Behbudov məsələ ilə bağlı respublikanın baş prokuroru Zakir Qaralova müraciət edəcəyini, həmçinin Lamiyə Quliyevanın və Vüqar Əliyevin valideynləri, yaxınları ilə görüşüb söhbət edəcəyini də dedi:
- Mənim üçün çox maraqlıdır ki, Vüqar Əliyevin atası İbrahim kişi də susur. Çalışacağam, məhkumların ailələri, yaxınları ilə əlaqə saxlayıb, onların hadisə barədə fikirlərini öyrənim. Penitensiar Xidmətin bir hüquq müdafiəçisi kimi onun fəaliyyətini səmərəsiz saymasına gəlincə, "Mən dəfələrlə ədliyyə naziri tərəfindən təşəkkürnamə almışam, mənə üzərində ədliyyə atributu olan xalça hədiyyə edilib. Əgər fəaliyyətim "səmərəsiz” olsaydı, yəqin ki, mənə təşəkkür etməzdilər.
Məlahət Rzayeva