Lavrov Bakıya məqsədli gəlir

“Rusiya görür ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ikinci plana düşür”




Bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək. Səfər zamanı iki ölkə arasındakı münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu müzakirəyə çıxarılacaq.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Qurum sözçüsü bildirib ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.

Səfərin məqsədini şərh edən siyasi icmalçı Arzu Nağıyev deyib ki, ABŞ və eyni zamanda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinə dair təşəbbüsü ələ almaq istəyir. Bu niyyətini reallaşdırmaq üçün onlar Nyu-Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır: "Doğrudur, bu görüş baş tutmaya bilər. Ancaq onların əvəzinə hər iki ölkənin XİN rəhbərinin görüşü gözlənilir. Rusiya isə görür ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ikinci plana düşür. Ona görə də, Sergey Lavrovu ölkəmizə göndərir. Lavrov da çox çəkili bir nazirdir. Hədəf odur ki, sözügedən münaqişə ətrafında Rusiya variantını işə salsınlar. Səfərin əsas məqsədi bundan ibarətdir”.

İsmayıl