Lavrovun səfərindəki “müəmmalar”

Politoloqlar müxtəlif versiyalar irəli sürür



Dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edib. İki gün davam edəcək səfərdə aktual məsələlərin müzakirə olunacağı, Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsinin aparılacağı bildirilib. Xatırladaq ki, Lavrovun Bakıya səfəri daha əvvəl gözlənilirdi.

İyulun 4-də Ermənistanda səfərdə olan Lavrov burada erməni həmkarı Edvard Nalbandyan və Prezident Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıb. İrəvandan sonra Lavrov Azərbaycana gəlməli idi.

Lakin Rusiya xarici siyasətinin rəhbəri anidən Bakıya yox, Moskvaya getdi. Müəmmalı qərar mətbuatda müzakirələrə səbəb oldu. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Lavrovun İrəvandan sonra Bakıya gəlməməsinin əsas səbəbi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi ilə razılığın əldə olunmamasıdır: "Ermənistan rəhbərliyi özlərinin istədiyi müddəaları qəbul etdirməyə çalışır. Əvvəl Dağlıq Qarabağı Ermənistana bağlayan Laçın dəhlizi var idi. Amma hazırda Ermənistandan Ağdərə rayonuna yeni bir yol çəkilib. Ermənilər həmin yolun ətrafında 15 km-lik bufer xəttin yaradılmasını istəyirlər. Azərbaycan tərəfi isə daha az məsafənin veriləcəyini deyir. Burada mübahisəli məqamlar yaranır. Birmənalı olaraq İrəvan Laçın və Kəlbəcərin geri qaytarılmasında maraqlı deyil”.

"Lavrov müəyyən təkliflərlə gəlir”

Millət vəkili Musa Qasımlı deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı qarşılıqlı münasibətlərin çoxlu tərəflərinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həllinə dair geniş müzakirələr aparılacaq. Onun sözlərinə görə, təcavüzə məruz qalan və ərazilərinin bir hissəsi işğal edilən ölkə olaraq Azərbaycanın mövqeyi tam aydındır: "Məsələ mərhələlərlə həll edilməli, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ regionunu, ətraf rayonları azad etməli və digər məsələlər öz həllini tapmalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da hər halda müəyyən təkliflərlə gəlir. Həmin təkliflərin detalları görüşlərdən sonra açıqlanacaq. Bu səfər münaqişənin həlli üzrə təşəbbüslərin intensivləşdiyini göstərir və təşəbbüskar onun nəticəsinin olmasına da çalışmalıdır. Əks-təqdirdə Rusiyanın nüfuzuna Ermənistan daha bir zərbə vurmuş olar”.

"Lavrovun indiki gəlişi təkcə Qarabağ probleminin həlli ilə bağlı deyil”

Politoloq Tofiq Abbasov da söyləyib ki, son dövrdə iki qonşu ölkə arasında məhsuldar əməkdaşlıq yeni keyfiyyət mərhələsinə qaxıb və bu hərəkət tək iki dövlətin deyil, həm də regionda olan maraqlara cavab verir: "Hazırda Bakı ilə Moskva həm iqtisadi sahədə, həm təhlükəsizlik məsələlərində, həm də inteqrasiya proqramları çərçivəsində həmahəng çalışırlar. Hər 3 istiqamət strateji əhəmiyyət kəsb edir. Lavrovun indiki gəlişi təkcə Qarabağ probleminin həlli ilə bağlı deyil. Məlumdur ki, yaxın zamanda Bakıda üçtərəfli sammit baş tutacaq - Azərbaycan, İran və Rusiya prezidentləri görüşüb mühüm məsləhətləşmələr və danışıqlar keçirəcəklər. Odur ki, Lavrovun gəlişini həm geosiyasi, eləcə də təşkilati-texniki və protokol kontekstində dəyərləndirmək düz olardı. Elə məqamlar var ki, onlar telefon və ya digər vasitələrlə deyil, yalnız əyani şəkildə həllini tapır. Buna görə də Bakıda keçiriləcək danışıqlar bir çox məsələlərin, o cümlədən, aktual gündəliyin tərtibatı baxımından vacib rol oynayacaq”.

"Dağlıq Qarabağ münaqişəsi Kremlin diqqətindədir”

Millət vəkili, politoloq Aydın Mirzəzadə hesab edir ki, Lavrovun regiona növbəti səfəri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində diplomatik kanallarla aparılan danışıqların bir hissəsidir: "Azərbaycan öz şərtini əvvəldən bildirib. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, Ermənistan qoşunları işğal olunan torpaqlardan çıxmalıdır. Bundan başqa şərtlər heç bir halda Azərbaycanı qane etmir. Rəsmi Bakı yalnız irəli sürdüyü şərtlərlə danışıqları davam etdirəcək. Ona görə də, bizə edilən təkliflər yalnız bu şərtlərə cavab verməlidir”. Deputat qeyd edib ki, Azərbaycanın təklif etdiyi mərhələli həll variantı hər iki tərəf üçün kifayət qədər əlverişlidir: "Mərhələli həll variantına uyğun olaraq Azərbaycan ətraf yeddi rayonu geri alır, məcburi köçkünlər öz torpaqlarına qayıdır, Ermənistana isə kommunikasiya xətləri açılır. Bu, Ermənistana Rusiyadan göndərilən yüklərin daxil olmasına imkan verəcək. Gələcəkdə isə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək mümkün olacaq”.

Lavrovun regiona səfərinin problemin Kremlin diqqətində olduğunu göstərdiyini deyən A.Mirzəzadənin sözlərinə görə, Rusiyanın bu məsələdə təşəbbüskarlığı göz qabağındadır: "Ümid edək ki, aparılan danışıqlar qısa müddətdə öz nəticəsini verəcək”.

"Lavrov Bakıdan Qazaxıstana gedəcək...”

Politoloq İlqar Vəlizadə isə bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun budəfəki səfəri çox maraqlı coğrafiyanı nəzərdə tutur: "Keçən səfər Sergey Lavrov təkcə Yerevana getdi və oradan Moskvaya qayıtdı. İndi isə Bakıdan Astanaya gedəcək. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bu mərhələsində Qazaxıstan müəyyən rol oynayır. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanla yanaşı, Qazaxıstan da müsbət rola sahibdir. Bu o deməkdir ki, hazırda regionda Azərbaycan-Qazaxıstan tandemi yaradılır. Həm Qazaxıstanın, həm də Azərbaycanın İsraillə münasibətləri yaxındır. Hər iki ölkə İsrail üçün əhəmiyyət kəsb edir. Bütün bu yaxınlaşmalar erməni tərəfini ciddi narahat edir”.

İsmayıl