Liftdə sakin qaldı, FHN çağırışdan imtina etdi

Yasamal Rayon İcra Hakimiyyəti də məsuliyyəti boynundan kənara atır




Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binada srağagün axşam saatlarında lift xarab olub. Liftdə qalmış gənc oğlanı xilas etmək məqsədilə sakinlər Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng vurublar. Lakin "Qaynar xətt”dən onlara bildirilib ki, bina təhvil alınmadığı üçün ora gələ bilməyəcəklər. Sakinlər Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamalıdırlar.

Sakinlərin təəccübünə də səbəb də məhz budur. Çünki bundan öncə, liftlə bağlı bir neçə dəfə də eyni hal yaşanıb, lakin FHN əməkdaşları qısa zaman ərzində hadisə yerinə gələrək köməksiz insanlara, hətta dara düşənlər arasında uşaqlar da olub, yardım ediblər. Amma bu dəfə FHN nədənsə, sakinlərin çağırışını cavabsız qoyub. Və başqa bir ünvana üz tutmalarını məsləhət görüb. FHN mətbuat xidmətindən suala cavab almaq mümkün olmadığından məsələni Yasamal Rayon İcra Hakimiyyəti ilə çözməyə çalışdıq. Bəli. Ötür-ötür oyunu başladı. RİH mənzil-kommunal təsərrüfat idarəsinə, o idarə, başqa bir idarəyə, bu da ümumiyyətlə, Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağımızı "məsləhət gördülər”. Məsuliyyəti boynuna alıb cavab verməkdən imtina edən idarə rəsmilərindən belə bir söz də eşitdik; "həmin bina təhvil verilməyib, ona görə, biz ora gedə bilmərik”.

15 ildir binada məskunlaşma var. İşığı, qazı, suyu verilir. Lift xidməti var. Sakinlər kommunal xərcləri ödəyir. Bəs bu necə işdir ki, məskunlaşma olduğu halda, binanın təhvil verilməməsindən danışılır və köməksiz qalan insanlara yardım edilməməsi də bu səbəblə əlaqələndirilir?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında təhvil verilməyən binalarla bağlı paytaxtda ciddi problemlər olduğunu dedi:

- Təəssüf ki, bu məsələ hələ də həllini tapmır. Paytaxtda nə qədər belə bina var ki, insanlar köçüb yaşayır, amma bina təhvil alınmayıb. Binalar var ki, texniki şərtləri yoxdur. Pilləkənlərin kənarına sürahilər vurulmayıb, sakinlər o vəziyyətdə pillələri enib-qalxırlar. Bir çox hallarda binanın tikintisi başa çatmamış köçmə başlayır. Bir də görürsən, tikinti davam edir, amma kimsə artıq otaqlara pəncərə salıb yaşayır. Binanı inşa edən şirkət və ya kooperativin sahibləri sonra da başlayırlar sakinlərdən pul yığmağa ki, bu, "texpasport” üçündür, bu, harasa veriləcək ki, binamızı təhvil alsınlar və s. və ilaxır. Beləcə, sakinlərdən qeyri-qanuni vəsait yığılır. Bunlar hamısı uçotsuz pullardır. Və böyük vəsaitlər həmin şəxslərin cibinə gedir. Halbuki texniki pasport almaq da, texniki şərtləri təsdiqləmək də, binanın təhvil-təslimini həyata keçirmək də həmin şirkət və ya kooperativin öhdəsinə düşən vəzifədir. Mənzillərin satış qiymətinə bütün bu vəsaitlər daxildir. Və sakinlərdən heç nəyə görə, əlavə vəsait toplanmamalıdır. Amma nə edək ki, bunlar hamısı reallıqdır.

Bəs, binaların təhvil-təslim məsələsi nədən uzanır?

Ə.Nuriyev bildirdi ki, bu, həqiqətən də uzun çəkən bir prosesdir, çünki bu işdə bir deyil, bir neçə qurum iştirak edir. Binanın təhvil alınmasında bir neçə qurum rəhbərinin imzası gərəkdir:

- Tikinti şirkətləri bunlardan yayınmaq üçün binada məskunlaşmanı həyata keçirir, düşünürlər ki, pulumuzu alaq, sonrasına baxarıq. Qanuna görə isə təhvil alınmamış binada yaşayış qadağandır, qeyri-qanunidir. Bina təhvil alınmayıbsa, orada yaşamaq olmaz. Bir hadisə baş verəndə də, görürsünüz ki, hamı özünü məsuliyyətdən kənara çəkir. Elə siz danışdığınız lift hadisəsində olduğu kimi. Binanın sahibi ortaya çıxmır. Hamı özünü kənara çəkir.

Bununla belə, Ə.Nuriyev FHN-in çağırışa gəlməməsini inandırıcı saymır:

- Mən birinci dəfədir eşidirəm ki, 112 xidmətinə çağırış olsun, amma FHN hadisə yerinə gəlməkdən imtina etsin. Bu, qətiyyən inandırıcı deyil. Ola bilməz. Çünki FHN-in işi elə bundan ibarətdir, fövqəladə hallarda yardım etmək. Necə yəni, zəng vurublar, onlar gəlməkdən imtina edib?! Mən buna inanmıram. Bəlkə sakinlər səhv edib, başqa nömrəyə zəng ediblər, nəsə bir anlaşılmazlıq olub. İnsanın xarab olmuş liftdə qalması adi hadisə deyil. Belə vəziyyətdə bir çox insanların səhhətində problem yaranır, hətta ürəkgetməsi baş verir. Psixoloji gərginlik yaşayırlar. Binanın təhvil verilib-verilməməsinin də FHN-in çağırışa getməməsinə aidiyyəti yoxdur. FHN yarımçıq tikililərdə insanların həyatını xilas edir, o ki ola, yaşayış binası. Nazirliyin "Qaynar xətt”i daim açıqdır, həm də ora daxil olan zənglər avtomatik qeydə alınır. Bu, elektron sistemdir. Qoy o sakinlər maraqlansınlar ki, onların zəngi qeydə alınıb, yoxsa yox. Əgər zəng qeydə alınıbsa və sakinlərə kömək edilməyibsə, məncə, əməkdaşlar cəzalana bilər. Bildiyim qədər, nazir bu məsələlərdə çox tələbkardır və FHN-in köməyə getməməsi ilə heç cür razı olmaz.

Mövzuya qayıdacağıq.

Məlahət Rzayeva