Londonun meri Aydın Xanın qohumu deyil

Kulturoloq dostlarının sosial şəbəkədə zarafatının bu qədər səs yaradacağını gözləmirmiş
Bir müddətdir gündəmdə olan Leyboristlər Partiyasının nümayəndəsi Pakistan əsilli Sadiq Xanın Londonun meri seçilməsi xəbəri ölkəmizdə də müzakirə edildi.
Müsəlman merin bu qədər əks-səda yaratması sosial şəbəkələrdə paylaşılan statuslarda da özünü göstərdi. Əsas diqqət çəkən məqam isə tanınmış kulturoloq Aydın Xan Əbilovun müsəlman meri "qohumu” adlandırması oldu. Sosial şəbəkədə yayımladığı yazısında "Qohumum London meri seçildi: təbrik edirəm...”- deyə qeyd edən kulturoloq geniş maraq yaratdı desək, yanılmarıq. Kulturoloqu təbrik edən dostları isə "Allah gözdən, nəzərdən saxlasın. Həmişə şad xəbərlərinizi eşidək”, "Yolu açıq olsun, uğurlar arzulayırıq. Azərbaycanın fəxridir”, "Qohumunu və səni təbrik edirəm!”, "London müsəlmanın önündə diz çökdü...” kimi şərhlərlə münasibət bildiriblər. "Şərq” qəzeti olaraq, bu maraqlı məlumatın doğruluğunu yoxlamaq məqsədilə Aydın Xan Əbilovun özü ilə əlaqə saxladıq. Maraqlı məqam odur ki, kulturoloq bunun sadəcə bir zarafat olduğunu dedi: "Bu fikri mənə dostlarımdan biri zarafat niyyətilə yazmışdı. Mən də sosial şəbəkədə paylaşanda təbriklər gəlməyə başladı. Hər ikimizin adında "Xan” olması insanlarda bir qədər çaşqınlıq yaratdı. Lakin bu qədər ciddi qəbul ediləcəyini düşünməmişdim”.
Aysel Aslan