Lvovda azərbaycanlılara silahlı basqın...

Erməniləri Ukraynada biznesmenlər dəstəkləyir
“Ermənilərin əlində silah olmasaydı, biz onları məhv edərdik. Onlar öz qorxaqlıqlarını göstərdilər. 6 nəfərə qarşı 35 nəfərlə hücuma keçmək kişilikdən deyil”


Ötən gün Ukraynanın Lvov şəhərində bir qrup erməni azərbaycanlılara silahlı hücum edib. Nəticədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə Gənclər Təşkilatının sədri Şəhriyar Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Şahidlərin sözlərinə görə, Ş.Məhərrəmov və qardaşına məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər. Onlar 3 gün əvvəl Lvovda keçirilən "uşu-sando” üzrə yarışda separatçı "Dağlıq Qarabağ”ın bayrağının qaldırılmasına görə ermənilərin döyülməsi ilə nəticələnən kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər. Hadisə zamanı M.Rəcəbov ermənilərin əlindən xilas olaraq digər azərbaycanlıların olduğu dükana keçib və oradakı azərbaycanlıların işə qarışması ilə dava kütləvi hal alıb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və azərbaycanlı gənclərə xəsarət yetirərək qaçıblar. Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lvov qanun qoruyucuları "dələduzluq” maddəsi üzrə cinayət işinə başlayıb, araşdırma aparılır.

Hadisə ilə bağlı danışan Ukraynadakı Azərbaycan Konqresinin nümayəndəsi Çingiz Əliyev bildirib ki, hadisəni törədən ermənilərə tanınmış biznesmenlər dəstək olur: "Bakıdan gələn idmançılarımızı hava limanına aparan zaman ermənilər hücum etmək istəyirdilər. Biz toplu halda olduğumuz üçün onlar qorxdular. Daha sonra ermənilər vağzalda toplaşıb, haqqımızda məlumat toplayıblar. Biz Şəhriyar Məhərrəmovun mağazasının önündə durmuşduq. Birdən yanımızda 5-6 maşın dayandı. Maşınlardan 30-a yaxın silahlı şəxs düşüb, bizə hücum etdi. Biz 6 nəfər idik, sayımız az idi. Onlara dedik ki, kişisinizsə, gəlin əlbəyaxa döyüşək. Ermənilər qorxularından silaha əl atdılar. Onlar bizə atəş açdıqdan sonra maşınlarına minib, ərazidən qaçdılar. Bu, heç kimə sirr deyil ki, erməniləri Ukraynada iş adamları dəstəkləyir. Burada heç bir dövlət orqanı ermənilərə təzyiq edə bilməz. Şəhər meri, polis orqanı, dövlət qurumları ermənilərin bizə hücumu ilə maraqlanmadılar”.

Çingiz Əliyevin sözlərinə görə, yaralıların vəziyyəti yaxşı deyil: "Ermənilərin əlində silah olmasaydı, biz onları məhv edərdik. Onlar öz qorxaqlıqlarını göstərdilər. 6 nəfərə qarşı 35 nəfərlə hücuma keçmək kişilikdən deyil. Xəsarət alan qardaşlarımızın vəziyyəti pisdir”.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov da vurğulayıb ki, tərəflər arasındakı gərginlik qalmaqdadır: "Yarışlar başa çatdıqdan sonra şəhərdə yaşayan ermənilər təkrarən Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilərin bəziləri silahlarla soydaşlarımıza hücum ediblər. Həmyerlilərimiz arasında ciddi xəsarət alanlar var. Onlar Lvov şəhərindəki xəstəxanada yatırlar”.

İsmayıl