Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanır
Maliyyə problemi yoxdur...
Xəstələr də rahatlıq tapacaq, həkimlər də...
Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanır
Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanır
"Gələn il ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə nail olacağıq. Ondan sonra həkimlər və xəstələr arasındakı münasibətlər hüquqi müstəviyə keçəcək”. Bu barədə millət vəkili Musa Quliyev bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı işlər çox sürətlə aparılır: "İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Hazırda pilot rayon və şəhərin seçilməsi ilə bağlı işlər görülür. Bu ilin sonunda icbari tibbi sığorta pilot layihə kimi tətbiq olunacaq. Bu sahədə işlər qaydasındadır. Yəqin ki, pilot layihə bir il çəkəcək. Bundan sonra bütün ölkə üzrə tətbiq ediləcək”.
İcbari tibbi sığortanın mahiyyətindən danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, icbari tibbi sığorta sosial müdafiənin mühüm bir formasıdır və tibbi xidmətlə bağlı əsas məsələlərdə hansısa xəstəlikdən əziyyət çəkən vətəndaşlara yardımçıdır: "Etiraf edək ki, xəstələrin çoxu bəzən maddi imkan ucbatından həkimə vaxtında müraciət edə bilmirlər. Ona görə də, ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə ciddi ehtiyac duyulur. Azərbaycanda isə bu sığortanın tətbiqi üçün bir neçə şərtə əməl olunmalıdır. İlk növbədə maaşlar müəyyən həddə olmalıdır ki, icbari tibbi sığorta üçün oradan müəyyən faiz ayırmaq mümkün olsun. İkincisi, sığorta ayrılmaları üçün kontingent təyin olunmalıdır. Azərbaycan reallığında təxminən 4 kateqoriya icbari tibb sığortasının kontingenti müəyyən oluna bilər. Bunlardan birinci qrupu heç bir gəliri olmayan vətəndaşlardır ki, buraya tələbələr, ailə başçısı olmayan ailələr, kimsəsiz şəxslər daxildir. Bu qrup birbaşa dövlət büdcəsindən maliyyələşir. İkinci kateqoriya insanlar əmək qabiliyyəti olub, hazırda işsizlikdən əziyyət çəkən və əmək təqaüdünə çıxan şəxslərdir ki, bunlar əmək birjalarının vəsaitlərindən maliyyələşirlər. Üçüncü kateqoriya şəxslər dövlət, özəl, bələdiyyə və s. sektorda çalışanlardır ki, onlar öz maaşlarından sığortalanırlar. Dördüncü kateqoriyaya daxil olanlar biznesmenlər, yüksək gəlirli məmurlardır ki, onlar xüsusi qaydada sığortalanırlar. Bununla da vətəndaşların hər birinin cibində sığorta polisi deyilən vəsiqə olur və həmin sığortanın imkanlarından istifadə edir”.
A.Qeybulla hesab edir ki, ilk mərhələdə icbari tibbi sığortaya doğuş və təxirəsalınmaz yardım daxil edilməlidir: "Çünki bunlar vətəndaşın ən çox ehtiyacı olan, ən çox əziyyət çəkdiyi məsələlərdir. İqtisadiyyatımız daha da inkişaf etdikcə, büdcədən səhiyyə ayırmaları artdıqca, icbari tibbi sığortaya düşən xidmətlər arta, müxtəlif profilaktik müayinələr, xəstəlikləri erkən müəyyən etmək üçün bəzi yoxlanışlar, profilaktik müayinələr, onkoloji xəstəlikdən əziyyət çəkənlərin müəyyən yoxlamaları, situasiyadan asılı olmayaraq müxtəlif "çek-up”lar, ürək-damar xəstəlikləri bura daxil edilə bilər. Amma ilkin olaraq doğuş və təxirəsalınmaz yardım icbari tibb sığortasının əsas prinsipial obyekti olmalıdır. Bununla da biz icbari tibbi sığorta prosesinə başlamış olarıq”.
Ekspertin fikrincə, ölkədə məcburi tibbi sığorta tətbiq olunsa, bu, həkimlərin maaşının artmasına səbəb olar, həkimlərin durumu yaxşılaşar: "Bu, həm də neqativ halların qarşısını almağın yeganə yoludur. Bütün dünya bu yolla gedib, biz də bu yolla getməliyik”.
İqtisadçı-ekspert Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan dövlət büdcəsinin hazırkı imkanları icbari tibbi sığortanın tətbiqi üçün yetərlidir: "İcbari tibbi sığortanın tətbiqi üçün hər il dövlət büdcəsindən təxminən 50 milyon manata yaxın vəsait ayrılır, amma təəssüf ki, həmin vəsait məlum səbəbdən xərclənməmiş qalır. İcbari tibbi sığorta eyni zamanda dövlətin sosial
məsuliyyəti deməkdir. Bu baxımdan icbari tibbi sığorta tətbiq edilərkən dövlət öhdəlik götürür. Çünki aztəminatlı insanların, ünvanlı sosial yardım alan vətəndaşların icbari tibbi sığorta xərcləri dövlət tərəfindən qarşılanır. Dövlət büdcəsinin gəlirlər hissəsində son illərdə kəskin addımlar atıldığını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan üçün icbari tibbi sığortanın tətbiqi ilə bağlı hər hansı bir maliyyə problemi yoxdur”.
Ekspert diqqətə çatdırıb ki, icbari tibbi sığortanın tətbiqi zamanı digər əhəmiyyətli məqamlardan biri xəstəxanaların bu prosesə hazır olmasıdır: "Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə malik deyillər. Hətta vətəndaşın sığortası olduqda belə, bəzi xəstəxanalarda vətəndaşdan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır”.
"İcbari tibbi sığorta üçün sakinlərdən nə qədər pul tutulur” sualına gəlincə, iqtisadçı deyib ki, inkişaf etmiş ölkələrdə icbari tibbi sığorta ödənişlərindən asılı olaraq vətəndaşa paketlər təqdim olunur və adətən icbari tibbi sığorta xərcləri vətəndaşın aylıq xərclərinin 5 faizindən çox olmur: "Orta aylıq əmək haqqının ölkəmizdə hazırda 410 manat olduğunu nəzərə alsaq, maaşdan 5 faiz tutulduqda, vətəndaş aylıq təxminən 20 manat, illik isə 240 manat icbari tibbi sığorta haqqı ödəyəcək. Bu, kifayət qədər böyük məbləğdir və vətəndaşa əməliyyat haqları da daxil olmaqla, əksər səhiyyə xidmətlərindən istifadə etmək haqqı verir. Ancaq əməkhaqqı məbləğindən asılı olaraq bu, azaldıla da bilər. ABŞ-da yalnız dişlərin müalicəsi istisna olmaqla icbari tibbi sığorta bütün səhiyyə xidmətlərini əhatə edir. Dişlərin müalicəsi üçün vətəndaş əlavə ödənişlər etməlidir. Ümumiyyətlə, əldə etmək istədiyi səhiyyə xidmətlərinin sayından asılı olaraq vətəndaş üçün ödənişlərin həcmi müəyyənləşdirilə bilər, yəni vətəndaş ona təqdim edilən paketin içərisindən özünə uyğununu seçə bilər”.
Ayyət Əhməd