Manata güvəni təmin etmək lazımdır

“Maliyyə Nazirliyi manatla istiqrazların buraxılmasını artırsa, manatın gəlirliliyi yüksələcək”



Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabati hökumət rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkə iqtisadiyyatı və bank sektorundakı vəziyyəti müzakirə edib.

S. Çakrabati keçirdiyi mətbuat konfransında Azərbaycan iqtisadiyyatının həddindən artıq dollarlaşdığını və hamının da bununla razılaşdığını deyib. Onun sözlərinə görə, bank sistemində dəyişiklik olmadan iqtisadi artımın sürətlənməsi mümkün deyil. İqtisadiyyatda artım o zaman gözlənilə bilər ki, yerli bankların kredit ayırmaq imkanı olsun. Buna görə, bankların manatla kreditləşməni bərpa etməsi üçün müvafiq mexanizm hazırlanmalıdır. Azərbaycanda problemli kreditlərin həcminin artdığını vurğulayan Çakrabati məsələnin həlli yolunu kreditin ödənilməsi mədəniyyətinin formalaşmasında görür.

Milli valyutada istiqrazların buraxılmasının vacibliyinə toxunan EBRD prezidenti deyib ki, onun rəhbərlik etdiyi bank manatla istiqraz buraxa bilər: "Bu yalnız bir şərtlə baş tuta bilər ki, bunun üçün müvafiq şərait yaradılsın. Manatla istiqrazların buraxılması üçün tənzimləyici addımlar atılıb. EBRD digər ölkələrdə milli valyutada istiqrazlar buraxıb. Burada əsas məsələ bazarın buna hazır olmasıdır”.

İqtisadiyyatın həddindən artıq dollarlaşması tendensiyasını təsdiqləyən iqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimlinin dediyinə görə, ilk devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatında dollarlaşma prosesi getdi və ümumi iqtisadiyyatda bir zəifləmə prosesi müşahidə olunmağa başladı: "Real sektordakı bu proseslər isə faizlərin artmasına, maliyyə əlçatanlığının və paralel olaraq investisiyaların azalmasına gətirib çıxarıb. İqtisadiyyatı canlı saxlamaq üçün son illərdə hökumət investisiyalara alt yatırımlar qoyurdu. İndi isə hökumət həmin yatırımları qoymadığı, əhalinin gəlirləri azaldığı üçün bu da iqtisadiyyata mənfi təsir edir. Hazırda Azərbaycan iqtisadiyyatı daralma mövqeyindədir. Hansısa beynəlxalq bank rəhbərinin tövsiyələrindən asılı olmayaraq, Azərbaycanda mövcud problemlərin həlli yolları istiqamətində hökumət 3-5 illik proqram hazırlamalıdır. Və qərarların arxasında dayanaraq biznes sektoruna güvən verməli və hədəflərə doğru real addımlar atılacağını göstərməlidir. Zənnimcə, investorlarımızın kifayət qədər vəsaitləri var və indiki durum banklara zərər verdiyi üçün onlar da manatla kreditləşməni bərpa edəcəklər”.

Problemli kreditlərin həlli üçün ölkədə kreditin ödənilməsi mədəniyyətinin formalaşdırılmasına gəldikdə isə iqtisadçı artıq son 5-6 ildə Azərbaycanda kreditin ödənilməsi mədəniyyətinin formalaşdığını deyib: "Dünya təcrübəsinə uyğun mexanizmlər qurulmuşdu. Vətəndaşlar kreditlərin ödənməsinə kifayət qədər ciddi və məsuliyyətlə yanaşırdılar. Sadəcə banklar kreditlərin verilməsi və risklərin ölçülməsi məsələsini düzgün aparmadıqları üçün özləri üçün müəyyən problemlər yarandı. Hesab edirəm ki, bundan sonrakı mərhələdə banklar kreditlərin verilməsində risklərin daha ciddi tənzimlənməsi metodlarından istifadə etməlidirlər. Bununla da öz işlərini nisbətən asanlaşdırmış olarlar. Əslində, banklar Azərbaycan iqtisadiyyatında baş verən prosesləri tam şəkildə anlaya bilmədikləri üçün kreditləşməni daraldıblar”. İqtisadiyyatın canlanması üçün kapital bazarının aktivləşməsinə ehtiyac duyulduğunu vurğulayan C.İbrahimlinin sözlərinə görə, səhm, istiqraz, fond birjası üzərindən də vəsaitlərin cəlb olunması, maliyyə hesabatlarının şəffaflığını təmin eləmək, bazara müsbət təsir edəcək.

S.Çakrabatinin milli valyutada istiqrazların buraxılmasının təmin edilməsi ilə bağlı tövsiyələrinə gəldikdə isə iqtisadçı bu təklifi maliyyə bazarının nümayəndələri olaraq ötən ilin may ayından irəli sürdüklərini deyib: "Bu ilin əvvəllərindən artıq Maliyyə Nazirliyi həm manat, həm də dollarla istiqrazlar buraxır. Dövlət istiqrazlarının illik gəliri təxmini 15 faiz həcmindədir. Bu kağızlara da kifayət qədər tələb olduğunu düşünürəm. Maliyyə Nazirliyi manatla istiqrazların buraxılmasını artırsa, manatın gəlirliliyi yüksələcək. Əslində mövcud vəziyyətdə manata olan güvənin nisbətən təsis edilməsinin tək yolu manat gəlirliliyini artırmaqdan keçir. Banklar əmanətə daha yüksək faiz təklif edəcək ki, bu da əhalinin və iqtisadi subyektlərin manatda pozisyonlarını qoymalarını təşviq edəcək. Digər tərəfdən isə dollarlaşma prosesi nəticəsində əllərdə yığılmış vəsaitlər investisiyaya yönələcək”.

Şəymən